Heqiqet.Az » sosial » Eldar Sultanov Narkoloji Mərkəzdəki yanğınla bağlı açılan CİNAYƏT İŞİ barədə


Eldar Sultanov Narkoloji Mərkəzdəki yanğınla bağlı açılan CİNAYƏT İŞİ barədə

2-03-2018, 18:45
Çap et
Eldar Sultanov Narkoloji Mərkəzdəki yanğınla bağlı açılan CİNAYƏT İŞİ barədə Baş Prokurorluq Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı cinayət işinin maddələrini açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq - əməliyyat tədbirləri davam etdirilir.
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.
Qeyd edək ki, Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Reytinq: