Heqiqet.Az » » Komissiya Zoologiya İnstitutunun əməkdaşlarının ittihamlarını araşdırır


Komissiya Zoologiya İnstitutunun əməkdaşlarının ittihamlarını araşdırır

6-03-2018, 14:52
Çap et
Komissiya Zoologiya İnstitutunun əməkdaşlarının ittihamlarını araşdırır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun bir qrup əməkdaşının qurumun direktoru və İnstitutla bağlı səsləndirdiyi fikirlərin araşdırılması üçün komissiya yaradılıb.
İnstitutun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov APA-ya deyib ki, komissiya 11 nəfərdən ibarətdir.
Onun sözlərinə görə, yekun qərar verilməsə də, komissiya müəyyən araşdırmalar aparıb, bir sıra nöqsanlar aşkarlayıb: “Komissiyada Həmkarlar İttifaqının sədri, hüquqşünas, kadrlar şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, institutun alimləri, elmi katib təmsil olunurlar. Komissiya bütün işlərə obyektiv baxacaq və obyektiv qərar verəcək. Qərar əsasında ölçü götürüləcək. İstənilən sahədə, istənilən işdə nöqsanlar olur. Nöqsanlarla bərabər, bizim əldə etdiyimiz yüksək nəticələr də var. Görünür ki, İnstitutun daxilində bəzi elementlər götürdüyümüz kursdan, iş rejimindən, qarşımıza qoyduğumuz hədəflərdən narahatdırlar. Buna görə də haqqımda hədyanlar yayırlar. Məsələ araşdırılır, lazım olsa, hüquq-mühafizə orqanlarına, yaxud da akademiya rəhbərliyə müraciət edəcəyik”.
E. Yusifov haqqında deyilənləri iftira, böhtan adlandırıb: “Biz Akademiyanın Yüksək Texnologiyalar Parkından yararlanmaq niyyətindəyik. Xarici investorları bura cəlb etmək istəyirik. Hər gün yeni işlərin üzərində çalışırıq, intensiv işlər aparılır. Hesab edirəm ki, bu işlərə davam gətirə bilməyən, iş rejiminə dözməyən adamlar var. Bir qisim işçilərə yalan, doğru olmayan məlumatlar veriblər. Təəssüflər olsun ki, İnstitutun bir sıra narazı işçiləri obyektiv və subyektiv səbəbdən bu məlumatların daşıyıcısına, yayıcısına çevriliblər. Məsələn, onlar iddia edirlər ki, guya ekspedisiya pulları ədalətsiz paylanır. Halbuki, ekspedisiya pullarının paylanması sırf laboratoriya müdirləri tərəfindən həyata keçirilir. Direktor ona nominal imza atır. Digər bir qisim narazı işçilər isə vaxtilə cəzalandırılıblar. Ya töhmət alıblar, ya yarım ştata keçiriliblər, yaxud da İnstitutun daxili nizam – intizam qaydalarını pozublar. Təbii ki, komissiyanın qərarından sonra hər şey məlum olacaq”.
Qeyd edək ki, Zoologiya İnstitutunun bir qrup əməkdaşı direktor E. Yusifovun İnstituta rəhbərlik etdiyi müddətdə elmi-tədqiqat işlərinin aparılmasına imkan vermədiyini, laboratoriya avadanlıqlarını, kolleksiya materiallarını, kitabxana və laboratoriyalarda olan elmi ədəbiyyatları məhv etdiyini iddia edirlər.
Reytinq: