» » Kürdəmirdə xırdabuynuzlu heyvanların tələfatının qarşısı alınıb - Səbəb pasterellyoz olub


Kürdəmirdə xırdabuynuzlu heyvanların tələfatının qarşısı alınıb - Səbəb pasterellyoz olub

2-04-2018, 15:34
Çap et
Kürdəmirdə xırdabuynuzlu heyvanların tələfatının qarşısı alınıb - Səbəb pasterellyoz olub Bir sira kütləvi informasiya vasitələrində Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinova məxsus təsərrüfatda xırdabuynuzlu heyvanların kütləvi tələfolması barədə məlumat yayılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumatına görə, DBNX bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) və Kürdəmir Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri Ərəbqubalı kəndində araşdırmalar aparıblar. Araşdırmalar aparılan zaman kənd sakini Əmrah Şirinova məxsus şəxsi təsərrüfatlarda 128 baş xırdabuynuzlu heyvan saxlanıldığı və 2 baş xirdabuynuzlu heyvanın öldüyü, 5 başının isə zəifləmiş vəziyyətdə olması müəyyən edilib. Həmçinin araşdırmalar zamanı rayonun digər təsərrüfatlarında xırdabuynuzlu heyvanların xəstəlikdən kütləvi ölümü qeydə alınmayıb.
Təsərrüfatda ölmüş xırdabuynuzlu heyvanlarda aparılan patoloji-anatomik yarma zamanı heyvanların bağırsaqlarında moniezioz qurdlarının olması müəyyən edilib. Həmçinin tələf olmuş heyvanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələr zamanı ölmüş heyvanlardan götürülən nümunələrdə pasterellyoz xəstəlklərinin törədiciləri aşkar edilib.
Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı"nda pasterellyoz xəstəliyi qeyd edilmədiyindən bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri heyvan sahibinin hesabına aparılır.
Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq təsərrüfatda saxlanılan 3 aylıqdan yuxarı 98 baş sağlam xırdabuynuzlu heyvanlar pasterellyoz əleyhinə vaksini ilə peyvənd edilib, dehelmintizasiya aparılıb, həmçinin təsərrüfatda dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirləri həyata keçirilib. Aparılmış peyvəndləmə və profilaktik tədbirlərdən sonra təsərrüfatda xırdabuynuzlu heyvanların ölümü dayanıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hal-hazırda respublikada heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootik vəziyyət sabitdir.
Reytinq: