Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi”nin açılışı vaxtında atılmış və müdrik addımdır


Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi”nin açılışı vaxtında atılmış və müdrik addımdır

29-05-2018, 10:43
Çap et
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi”nin açılışı vaxtında atılmış və müdrik addımdır “Cənub Qaz Dəhlizi”nin açılışı vaxtında atılmış və müdrik addımdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin açılış mərasimində çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilib:
"O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt, XIX əsrin II yarısında, XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi? Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan "qara qızıl" Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi. Eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlət həll edir. Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii resurslarından istifadə edə bilər. Azərbaycan ancaq müstəqillik dövründə uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik. Belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik".
İlham Əliyev xatırladıb ki, 24 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin müddəti keçən il 2050-ci ilə qədər uzadıldı: "Yəni bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin müqaviləsi” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı, biz o xarici şirkətləri dəvət etdik".
Prezident bildirib ki, bu gün “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlayıb:
"Mən o tarixi günləri yaxşı xatırlayıram, çünki o vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük. 1994-cü ildən sonra ikinci böyük müqavilə “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu müqavilə 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır və beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, qaz ölkəsi kimi də təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün bu tarixi gündə “Cənub Qaz Dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazasıdır. 1997-ci ildə isə “Əsrin müqaviləsi”nin icrası nəticəsində Çıraq platformasından ilk neft çıxarılmışdır. Bu tarixi videokadrlar artıq göstərilir. Doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə yeni yataqdan neft hasil edilmişdir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir: "Ona görə də neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri – Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni bu onu göstərir ki, nə qədər qısa müddət ərzində biz bu böyük işləri görmüşük və bu böyük işlər həm böyük maliyyə vəsaiti tələb edir, həm də texniki cəhətdən çox çətin layihələrdir. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük pulumuz da yox idi. Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ ondan sonra istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər tələb edirdi, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq. Ondan sonra 2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. 2006-cı ildə bu kəmər istifadəyə verildi və bu gün Azərbaycan xalqına xidmət edir".
Reytinq: