Heqiqet.Az » musahibe » 20 İL ƏRZİNDƏ “DEBAT” PROQRAMI VƏ YA ƏFSANƏVİ DEBATÇILARDAN GƏNCLƏRƏ TÖVSİYƏLƏR


20 İL ƏRZİNDƏ “DEBAT” PROQRAMI VƏ YA ƏFSANƏVİ DEBATÇILARDAN GƏNCLƏRƏ TÖVSİYƏLƏR

5-07-2018, 16:35
Çap et
20 İL ƏRZİNDƏ “DEBAT” PROQRAMI VƏ YA ƏFSANƏVİ DEBATÇILARDAN GƏNCLƏRƏ TÖVSİYƏLƏR 1998-ci ildə “Debat” təhsil proqramı kimi fəaliyyətə başlamış “DVC” təşkilatının 20 illiyi münasibətilə Milli Debat Proqramı çərçivəsində “20 il ərzində “Debat” proqramı və ya əfsanəvi debatçılardan gənclərə tövsiyyələr” adlı rubrikaya start veririk. Yeni rubrikanın ilk qonağı 1998-ci ildə Azərbaycanda “Debat” təhsil proqramının təməlini qoymuş, DVC təşkilatının təsisçisi və ilk sədri, hazırda Milli Debat Proqramının eksperti olan əfsanəvi, peşəkar debatçı Rüfət Nahid oğlu Əliyevdir. Həmsöhbətimiz Rüfət müəllimlə müsahibəmizi sizə təqdim edirik:
- Rüfət Nahid oğlu Əliyev kimdir?
- Düşünürəm ki, peşəkarlıq və sosial durum baxımdan, məni təqdim etmək sizin üçün çətin olmayacaq. Lakin həyat fəlsəfəsi baxımdan mən “Şagird” və “Döyüşçüyəm”. Bu günki dərketmə mərhələsində həyatı meyarım “şagirdlikdir”, yəni daima öyrənməkdir. Mənim üçün o məkan, o fəaliyyət maraqlıdır, hansı ki, mən öyrənirəm, dəyişilirəm, inkişaf edirəm – “ağıl və mənəviyyat baxımdan pilləkanla yuxarı məbədə doğru gedirəm”. Bəlkə siz gəncsiniz, sizin üçün bunu dərk etmək bir az çətin olar. Lakin bildirəcəyəm, kim tutdu, tutdu və qazandı... – “Əgər hər səhər oyanıramsa, deməli, Tanrının bəxş etdiyi “gün” nə isə öyrənmək üçündür, nə isə dərk etmək, dəyişdirmək, iş görmək, yaratmaq üçündür...”
- Rüfət Əliyevə görə debat nədir?
- Düşünmə tərzidir... Dərk etmə tərzidir ... Ünsiyyət qurmaq tərzidir... Həyat tərzidir... Seçim etmək tərzidir... Mənəviyyat və davranış tərzidir... Çox açıqlamasını verməyəcəyəm, çünki açıqlaması “Debat” təhsil proqramının 4 prinsipində “kodlaşdırılıb”.
- Siz debata necə gəldiniz? Və ya Debat proqramını ölkəyə necə gətirdiniz?
- Əvvəla gəlin şərtləşək – “Debat” haqqında formal dildə danışarkən, adını tam şəkildə səsləndirin – “Debat” sosial təhsil proqramı, ya “sosial yönümlü təhsil proqramı”. Bu proqramdır, onun məzmunu, metodologiyası, dəyərləri, şərt-tələbləri var. Lakin inkişaf etdikcə və öz “təsir gücünü” göstərdikcə, addım-addım proqramın məntiqi sağlam, şəffaf, inkişafetdirici, nikbin həyat tərzinin bir növünə keçir.
Mən bu proqramı ölkəyə gətirməmişəm. Belə deyək – “Ölkə bu proqramın inkişafının təməlini qoymaq üçün məni seçib”. 90-cı illərin sonunda belə bir qurum var idi – Açıq Cəmiyyət İnstitutu-Azərbaycan Fondu. Fondun çoxlu müxtəlif dünyəvi və beynəlxalq xarakterli təhsil proqramları var idi. Necə deyərlər, çox hörmətli professor Rəhman Bədəlov mənim proqrama qatılmağıma xeyir-dua verib. Açığı, ürəyimdə onu “Azərbaycanın Karl Popperi” adlandırırdım... Onun maraqlı tədqiqatı var idi və nəticələrini o, “Birgə yaşamaq” əsəri ilə təsvir etmişdi...
1998-ci ildə ilk 9 nəfərdən ibarət nümayəndə qrupu – üç müəllim, mən daxil olmaqla, 6 nəfər şagird (Bakı Avropa Liseyi və 189 saylı məktəbdən) iyun-iyul ayında məzmunla tanış olmaq üçün Bolqarıstana Beynəlxalq Debat Təhsil Assosiasiyasının Beynəlxalq Debat düşərgəsinə səfərə çıxmışdıq. O görüş, o tanışlıq mənim təfəkkürümdə bir şəxsiyyət kimi və bir peşəkar müəllim, rəhbər kimi, əsl mənada, “inqilab”, “çevriliş” etdi. Daxilimdə elə bir hiss dirçəlmişdi ki, sanki, “debat” təfəkkürü ilə anadan olmuşam. Mən anladım ki, bu “mənimkidir”... Sizə deyim ki, “Debat” proqramının inkişafı üçün xeyir-duanı, dövlətçilik baxımdan, ciddi şərtlə, o vaxtkı Gənclər və İdman naziri Əbülfəs Qarayevdən almışdıq. Şərt o idi ki, proqram ilk olaraq, regionlarda və Azərbaycan dilində inkişaf etdirilsin, yayılsın. Düşünürəm ki, o şərti biz tam şəkildə təmin etdik.
- 20 il ərzində debatda hansı dəyişiklikləri müşahidə etmisiniz? Periodik olaraq, ətraflı müşahidələrinizi qeyd edərsinizmi?
- 20 il az zaman müddəti deyil... Erkən yaşından “uşaq” gəlib çatır “yeniyetməlik” dövrünə... – düşünürəm ki, bu zaman çərçivəsində “Debat” mühitində, icmasında müntəzəm olaraq, hansı meyarlar yaranmış, onun inkişaf mahiyyəti, sosial əhəmiyyətini dərk etmək olar. Ən birincisi, Debatda təklik və tək olma yoxdur, biz bir komandayıq. Sonra uduzmaq vəziyyəti böyük problemə çevrilib. Yaş xüsusiyyətinə uyğun olaraq, “uduzmaq” istəməyənlər az deyildi. Bütün hallarda “qalib” gələn yalnız bir komanda və üç spiker idi, qalan hamısı “uduzan” idi... (Gülümsünür). Yollar axtarırdıq... Dəlillər... Yanaşmalar... Axtarışlarımız bizi növbəti meyara gətirib çıxartdı: “Mənim qələbəm sənin qələbəndir, sənin uğursuzluğun mənim uğursuzluğumdur!”... Bu meyarla “Debat” təhsil proqramı öz inkişafından “ictimai-sosial duruma” çevrilib. Nəhayət, bir vaxt gördük ki, məktəbi, universiteti bitirən, uğurlu karyera quranlar arasında, belə deyim, “Debat məzunları” mövcud oldu. “Məzunlar” uğurlarını həm təhsil proqramı, həm də sosial mühit, məkan kimi “Debat”la bağlayırdılar. Bu yeni meyara gətirib çıxartdı: “Dəyişikliklərə imkan yaradırıq!”...
- Bu gün debat hansı pillədədir?
- Şübhəsiz və şərtsiz, növbəti inkişaf pilləsindədir! (Gülümsəyir) Bir xüsusiyyət var və onun inkişaf prosesinə təsiri danılmazdır – Yaş xüsusiyyəti... “Uşaqlıq”... “Gənclik” dövrü... Mən bir-başa özümlə bağlı nəzərdə tutduğunuz pillələri “dalğalara” bölürdüm – “dalğa dalğanın ardınca”. 2007-ci ildə səhhətimlə bağlı olaraq, fəaliyyətdən uzaqlaşmağa məcbur oldum. O vaxta qədər 6 “dalğa”müşahidə etmişdim. Bu müşahidələr ərzində 13 Milli Debat Düşərgəsi təşkil edilmiş, şəxsən 647 təlim-məşqlər keçirmişəm. İndiki “pillədə” özüm üçün ən əsası odur ki, “Debat” Azərbaycan dilində tam və dayanıqlı inkişaf edərək, yerini tutub. Hazırda “Debat” həm gənclər tərəfindən, həm də dövlət tərəfindən tam şəkildə əhəmiyyət və etibar qazanıb, sosial-təhsil, şəxsi inkişaf sahəsində yerini tutub.
- Bu günki debatda Sizi cəlb edən, bu günki debatı Sizə sevdirən nədir?
- Az öncə etdiyim açıqlamalardan əlavə olaraq, son forumda iştirak edərək, özüm üçün yeni “səslər” eşidib, qeydlər etdim –intellektuallıq mahiyyətinin gücləndirilməsi. Digər tərəfdən, komandalar aydın şəkildə çalışırdılar ki, opponent kimi çıxışlarını təkzibə yönləndirsinlər. Mən neçə vaxtdır ki, bunu – “Debat”ın “qızıl açarını” gənclərə dərk etdirməyə çalışırdım. Bu mənim üçün çox sevindirici hal idi. Bu o deməkdir ki, keyfiyyət baxımdan “Debat” proqramı çox ciddi pilləyə çıxa bilib. Əslində bu möcüzədir – “Debat” yarışmasının əsas mahiyyəti təqzibdir! Yalnız bir dəfə “Təsdiq” üçün imkan var – “Təsdiq” tərəfin birinci spikerinin ilkin çıxışı zamanı! Sonradan “Təsdiq” bütünlüklə kölgədə qalaraq, qalan mərhələlərdə yerini “Təqzib”ə ötürür. Əgər həqiqətən də bunun “dadını” tərəflər, auditoriya iştirakçıları, təlimçi-məşqçi heyyəti tuta bilibsə, növbəti mərhələdə (pillədə) o “dadı” qoruyub, inkişaf etdirmək, gələcək debatçılara “daddırmaq” ən əsas vəzifədir.
Digər vəzifə isə əldə edilmiş “qızıl açarın” mahiyyətinə və dəyərinə uyğun təlimçi-məşqçilərin formalaşdırılmasıdır. Əslində bu vəzifə daimidir və uzunmüddətli bir strategiyaya çevrilməlidir. Bunlarla yanaşı, proqramın inkişafını təmin etmək üçün sahibkarlıq düşüncəsinin formalaşdırılması mahiyyəti ilə “proqram menecerləri”nin yetişdirilməsi labüddür. Bu yolda DVC-nin indiki rəhbəri Ələkbər Mustafayev sizə xüsusi dəstək göstərə bilər. Səhv etmirəmsə, o üçüncü dalğanın nümayəndəsidir. (Nostaljik təbəssüm)
- Sizin üçün ən maraqlı və bu gün belə oynamaq istədiyiniz debat mövzusu hansıdır?
- Bilirsiniz, mövzular çoxdur, debat etmək üçün elmi-intellektual sahələrdə məhdudiyyət yoxdur. Amma... Amma istədiyim sahə var – bu, “fan debat”dır və bununla bağlı ağılasığmaz mövzular var. Bunun təcrübəsini və təsir gücünü birinci dalğanın debatçılarından olan Musa Orucov, Kamran Əlioğlu, Şahin Seyid-zadə və digərləri göstəriblər.
Bir mövzu nümunə göstərim: “Boş hovuzda üzməkdənsə, “günəş şüaları” altında qalmaq daha xeyirlidir”... Təsəvvür edin, bu mövzu ilə bağlı “həqiqətləri” araşdırmaq üçün beyində necə intensiv neyron əlaqəli proseslər gedir. Təfəkkürün inkişafı üçün əvəzolunmaz və həddindən artıq faydalı, təsirli yanaşmadır.
Bir dəfə kiçik yaşlı uşaqlarla yetkin yaşa çatmış uşaqlar arasında təcrübə keçirdim. Mövzu nağıllar əsasında idi: “Господь лучше Гоголя”... Uşaqlar 3-cü sinfin şagirdləri idi (əsasən, 8 yaşlı). Onlar 22 fakt gətirdilər, yetkinlər isə 23. Bu sübut edir ki, idrakın, təfəkkürün “yaşı” yoxdur...
- Gənc debatçılara tövsiyələriniz...
- Əslində, danışdıqca, fikirlərimi bölüşdükcə, arzu və istəklərimi çatdırmışam. “Debat”ın bir “qızıl açarını” səsləndirdim. İstəyirəm ikinci “qızıl açarını” vurğulayım. “Debat”ın hazırlığında, dərketməsində ikinci “açar” hazırlığın ilkin mərhələsində “mövzunu adına uyğun və mahiyyəti ilə bağlı hər iki tərəfin informasiya ilə tədqiqat işini aparmasıdır”. Ən çox vaxt və enerji bu mərhələnin keçirilməsinə yönləndirilməlidir. Hər hansı sahəni, mövzunu bilməyə bilərsən. Lakin əgər o mövzu ətrafında “inandırmaq” fəaliyyətinə keçirsənsə, onda onu hər tərəfli və bütün dərinlikləri ilə tədqiq etməlisən. Bu debatın 4-cü prinsipi, dəyəridir.
- Təşəkkür edirik, Rüfət müəllim. Biz inanırıq ki, gənc debatçılar, habelə məktəblilər və tələbələr debatın “qızıl açarı”nı əldə saxlayacaq, qoruyacaq və gələcək nəsillərə ötürəcəklər. Çünki Sizin kimi ustad debatçıların məsləhətləri onlara bu yolda ən parlaq işıqdır.

Toğrul Abdullazadə

20 İL ƏRZİNDƏ “DEBAT” PROQRAMI VƏ YA ƏFSANƏVİ DEBATÇILARDAN GƏNCLƏRƏ TÖVSİYƏLƏR20 İL ƏRZİNDƏ “DEBAT” PROQRAMI VƏ YA ƏFSANƏVİ DEBATÇILARDAN GƏNCLƏRƏ TÖVSİYƏLƏR
Reytinq: