Heqiqet.Az » musahibe » "Mahir Mədətov oyundan sonra ağlayırdı" - Qurban Qurbanov


"Mahir Mədətov oyundan sonra ağlayırdı" - Qurban Qurbanov

15-10-2018, 10:04
Çap et
"Mahir Mədətov oyundan sonra ağlayırdı" - Qurban Qurbanov "Futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, qalib gələ bilmədik, onlar meydanda bütün güclərini qoydular. Çoxsaylı qol epizodlarından yararlana bilməsələr də, razıyam. Hətta məğlub olsaydıq da, bu cür oyundan razı qalacaqdım".
Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 4-cü turunda Bakıda Malta ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- Qələbə üçün nə çatmadı?
- Qol vurmaq çatmadı. Futbolçularda gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdur. Bütün epizodlarda düzgün oynayırdılar. Sadəcə, qol çatmadı.
- Farerlə oyunda meydana çıxan futbolçuların xidmətindən istifadə etdiniz. Məlumdur ki, futbolçularımız 3 gündən bir fiziki cəhətdən çatdırmırlar...
- Oyundan əvvəl bir əvəzetmə düşünmüşdüm. Rahilin yerinə Təmkini fikirləşmişdim. Sadəcə, 2 gün əvvəl Xəlilzdadənin qızdırması 39 idi. Ancaq özünüz də gördünüz ki, sürətli oyun göstərdik. Futbolçularımız bu rejimə öyrəşirlər.
- Oyunun sonlarına yaxın futbolçularda yorğunluq sezilirdi. Üçüncü əvəzetməni niyə etmədiniz?
- Əvvəlki konfranslarda da bildirmişdim ki, məni Farerə gedəcəyimiz yox, qayıdacağımız yol narahat edir. Çünki 2-ci oyuna bərpa olunmaq üçün vaxt az qalacaqdı. Dəyişikliyə gəlincə, hesab edirəm ki, oyun rəqibə aid hissədə, əvəzetmə mənfi təsir göstərə bilərdi.
- Farrucia qeyd etdi ki, Azərbaycan fantastik komandadır. Bunu həqiqi mənada qəbul edirsiniz, yoxsa burda sarkazm var?
- Məncə, bugünkü oyuna görə, futbolçularımız barədə pozitiv fikir söyləmək olar.
- Kamran Ağayev həm Farerdə, həm də Maltayla görüşdə səhvlərlə seçildi. Kamran həqiqətənmi kapitanlığa layiqdir? Elə Mahir Mədətovun meydanda olması səbəbi də maraqlıdır...
- Biz təcrübəyə daha çox önəm veririk. Ağayev millinin ən çox oyun keçirən futbolçulardan biridir. Farerlə də, Malta ilə də bəzi səhvləri oldu. Bəli, Səlahətə etibar etmək olardı, lakin təcrübəyə güvəndik. Mahirə isə həddən artıq böyük basqı var. Ancaq Mədətov hər iki oyunda komandamızın ən çox hərəkət edən futbolçularından biridir. Qol ötürməsini də o verdi. Bunu deməyim bəlkə də düzgün çıxmaz. Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərin basqısı bu qədər ona mənfi təsir edir. Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular. Bu uşaqlara güvənmək lazımdır. Bu futbolçuları qazanmaq lazımdır. İnanın mənə ki, hər biri həddən artıq məsuliyyətlidirlər. Bəlkə də, bu məsuliyyət son nöqtəni qoymaqda mane oldu. Bütün iradları üzərimə götürməyə hazıram.
- Qarşıdakı oyunlarda qrup qalibi olmaq şansımız nə qədərdir?
- Mən bu komandaya inanıram. Bu gün desək ki, biz heç vaxt final mərhələsi görməyəcəyik, futbol oynamağa ehtiyac yoxdur. Bu qrupda komandama inanıram. Ola bilər müəyyən dəyişikliklər olsun, ancaq görmək istədiyim xarakter komandada var. Oyundan-oyuna da daha yaxşı olacağıq. Qarşıdakı 2 oyuna da qələbə üçün çıxacağıq.
- Matçın sonunda azarkeşlər millini fitə basdı.
- Azarkeşlər qələbə istəyir. Biz azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Bizi dəstəkləməyə gəlirlərsə, belə haqları var. Ancaq futbolçulara bu gün irad bildirmədim. Bəlkə də məni fitə basırdılar.
- Sosial şəbəkələrdə "Neftçi”nin futbolçularının millidə şans qazanmaması birmənalı qarşılanmır.
- "Neftçi”yə həmişə rəğbətim olub və olacaq. Peşəkar futbola "Neftçi”də başlamışam. İnanmıram ki, "Neftçi” azarkeşləri belə bir fikir söyləyə. Milliyə cəlb etdiyim "Neftçi”nin futbolçuları Premyer Liqada az şans qazanırlar. Heç vaxt ola bilməz ki, mən hansısa komandanın futbolçusunu kənara atım. Hər bir futbolçuya layiq olduğu qədər şans verirəm.
Reytinq: