Heqiqet.Az » yazarlar » Dikbaş


Dikbaş

25-10-2018, 16:06
Çap et
Dikbaş
Mətanət Ulu Şirvanlı - yazıçı, şairə, publisist

Böyük, bahalı “Prado” markalı cip maşını musiqi sədaları altında sürətlə şütüyürdü. Xarici estradanın gurultusu maşının kabinəsindən çıxıb ətrafa yayılır, küçədəki insanlar narazılıqla başlarını bulayırdılar. Maşın bir neçə küçəni boş-boşuna şütüyəndən sonra sürətlə dar dalana buruldu.
Əlil arabasında oturan, hər iki ayaqdan məhrum olan cavan, şikəst kişi əlindəki pultla darvzanı açıb küçəyə çıxmışdı ki...
Elə o andaca böyük uğultu və səs-küy küçəni başına götürdü. Cavan sürücü əyləci basmağı ilə maşının burnu yerə dirəndi. Sonra aşaraq yaxınlıqdakı dəmir darvazaya çırpıldı.
Əlil arabasındakı kişi donub arabanın üstündə qaldı. Sürücü maşından düşüb yüyürərək əlil arabasındakı kişinin yaxasından yapışdı.
- Ə, köpək oğlu, yolun ortasında nə gəzirsən?
Kişi kəkələdi; siz...z...siz qəfildən peyda oldunuz. Mən imkan tapıb yoldan çıxa bilmədim. Hələ üstəlik darvazamı da əzdiniz.
- Mərdimazar adam. Sənin ucbatından bahalı, təzə maşınım əzildi, - deyib, oğlan əlini cibinə atdı. Telefonunu çıxarıb zəng etdi:
- Papa, qəza oldu. Maşınım əzilib. Bir neçə saniyəlik susan cavan sürücü sözünə davam elədi; - Yox, özümə heç nə olmayıb. Nə bilim əşşi, bir mərdimazar çıxdı qarşıma. Yox, sağdı, adamı vurmamışam. Deyərəm, gələr yaxşı, - deyib telefonu söndürdü.
Oğlan üzünü əlil adama çevirib əlindəki vizit kartını ona uzadaraq dilləndi:
- Götür bunu, get burada yazılan ünvana, səni gözləyir.
- Niyə? Mən nə günahın sahibiyəm ki? Maşını siz aşırtdınız - desə də, əlini uzadıb kartı oğlandan aldı.
- Az danış, get, yoxsa başın ağrıyar, - deyib əzilmiş “cip”inə sarı yönəldi.
Əlil adam arabasını əli ilə sürərək dalanı burulub gözdən itdi. Onun arxasınca baxan oğlan kişinin dalınca tüpürüb dilləndi:
- Dilənçi köpək oğlu, indi dilənib yığdığın pulları verərsən təzə maşına.
Dikbaş
***
Rəisin gür səsi yarıaçıq qapıdan dəhlizə qədər yayılırdı. Rəis bərkdən danışıb-gülür, kimə isə oğlundan fəxrlə danışırdı.
- Bu il universitetin hüquq fakültəsinə qəbul olunub. Hədiyyə? Hə, bağışladım. Ə, köpək oğlu bayaq zəng eləmişdi ki, bəs ona bağışladığım cipi əzib. Nə bilim əşşi, deyir, bir mərdimazar kişi yolunun üstünə çıxıb. Bu da ki, xam sürücüdür də. Adam göndərdim, gedib maşını götürsünlər. Qoy o adam gəlsin, görüm, ondan nə qoparda bilirəm, təzə maşın üçün.
Bu söhbətdən sonra rəis danışdığı adamla sağollaşdı. Sonra hündür səslə:
- Ay qız, orada gözləyən adamı burax yanıma, - deyib qaş-qabağını tökərək kreslonun arxasında yerini rahatladı.
Katibə qapını geniş açıb, əlil arabasında oturan kişini kabinetə yola saldı. Rəis araba ilə qəbula girən adamı görüb, təəccüblə gözlərini bərəldərək dilləndi:
- Ay qız, mən gözlədiyim adamı göndər, - dedi. Katibə sıxıla-sıxıla:
- Rəis, elə həmin adamdı.
- Lənət şeytana! - deyən rəis kişinin üstünə çımxırdı. A kişi, niyə mərdimazarsan?!
- Rəis, vallah mənim heç bir günahım yoxdu. Sürətlə sürürüdü maşını. Ona görə aşırdı, sonra da maşın yumbalanıb dəydi mənim darvazama. Darvazamı da əzdi. Kasıb adamam vallah. Darvazamı necə düzəltdirəcəyəm, heç bilmirəm.
- Darvazanı necə düzəltdirəcəksən bilmirəm, amma maşını düzəltdirəcəksən!
- Qardaş, başına dönüm, mən kasıb adamam necə düzəltdirim maşını. Özüm də şikəst adamam, görürsən.
- Mənə nə var şikəstsən. Şikəstsən qaxıl otur evində. Tay küçəyə çıxıb mərdimazarlıq niyə edirsən?
- Mən mərdimazar adam deyiləm. Küçəyə də həkimə getmək üçün çıxmışdım. Kəsilən ayağıma...
Rəis əlil adamın sözünü ağzında qoydu:
- Ayağını harda kəsiblər bilmirəm, amma onu bilirəm ki, mənim maşınımın pulunu kəsməyəcəksən. Eşitdin?!
Şikəst adam əsəbləşdi:
- Mənim ayağımı döyüş bölgəsində - Qarabağda kəsiblər. Sən burada rahat yatanda mən güllə altında, döyüş bölgəsində səni, sənin oğlunu qoruyurdum.
Rəis ağzı köpüklənə-köpüklənə:
- Sən əvvəl ayaqlarını qoruyaydın, - dedi.
- Mənim ayaqlarım səndən və sənin oğlundan qeyrətlidir. Özüm qayıtsam da, döyüşdən ayaqlarım qayıtmadı. Vətən torpağına qarışıb döyüş cəbhəsində qaldı. Siz isə burada ata-bala at yerinə “cip” oynadırsınız xalqın qarşısında.
Rəis duruxdu. Nə deyəcəyini bilmədi. Qarşısındakı adama haqsızlıq etdiyini anlayırdı. Lakin özünü o yerə qoymadı. Özünü vətənpərvər adam kimi göstərərık dilləndi:
- Çıx get, qurban olasan, Qarabağda qalan ayaqlarına. Yoxsa mən bilərdim sənə neyləyərdim. Dikbaş adam!
- Dikbaş sənin oğlundu. Özü dəayaqlarım mənim yox, vətən yolunda, xalq yolunda qurban oldu.
***
Əlil arabasında oturan adam arabasını geri sürürdü. Əlləri arabanın təkərlərini fırlatdığına görə gözündən tökülən yaşlarını silə bilmədi. Göz yaşları diyirlənib yanağından titrəyən dodaqlarının üstünə töküldü. Keçmiş döyüşçü dodağına süzülən göz yaşalrını yaladı. Zəhər kimi idi, göz yaşı. Lakin onu yandıran acı göz yaşları deyil, rəisin ona dediyi “dikbaş” sözü idi.
Keçmiş döyüşçü daha həkimə getmədi. Dizlərinə keçiriləcək olan protes ayaqlar sanki, daha ona gərək deyildi.
Dizlərinin başı göynədi... Elə bu andaca Qarabağ yadına düşdü. Sonra üzünü döndərib boş qalan ayaqlarının yerinə baxdı. Və bundan sonra başını şax tutub “dikbaş” kimi arabasını sürməyə başladı.
Reytinq: