Heqiqet.Az » medeniyyet » Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri


Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri

1-02-2019, 14:18
Çap et
Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri Beynəlxalq Muğam Mərkəzində (BMM) AMEA-nın Folklor İnstitutu ilə birgə “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi-seminar keçirilib.
Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, tədbiri AMEA-nın Folklor İnstitunun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli açaraq Azərbaycan foklorunun ən qədim janrılarından olan bayatıların minillik tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəri olduğunu bildirib. O bayatıların əsrlər boyu sadəlik, mərdlik, dostluq, igidlik, qeyrət, namus, ar, məğrurluq kimi insani keyfiyyətləri özündə əks etdirdiyini, mədəniyyətimizin, dilimizin, dinimizin və kimliyimizin dərki kimi təcəssüm etdiyini vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvi, professor Firəngiz Əlizadə “Müasir bəstəkarların yaradıcılığında bayatı janrı” mövzusunda çıxış edərək bayatıların musiqiyə daha tez uyuşmasını bu janrın özəlliyi kimi səciyyələndirib. O qeyd edib ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında bayatı janrında yazılmış onlarla mahnıya rast gəlmək olar və nümunə olaraq Aqşın Əlizadənin “Bayatılar”əsərini, Cahangir Cahangirovun “Aşıq Alı” kantatasını, Mobil Babayevin “Bayatılar” üçün vokal silsiləsini göstərib.
Əməkdar incəsənət xadimi, “Ənənəvi musiqi üzrə Beynəlxalq Şura”nın (ICTM, YUNESCO), eləcə də Azərbaycan Bəstəkarlat İttifaqının üzvü Sürəyya Ağayeva “Qədim dövr və orta əsrlərdə Azərbaycan türk muğamı və bayatılar” mövzusunda çıxış edib. O bayatıların insanın əsasən lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etdiyini, bu poetik formanın növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklərin olduğunu bildirib. S. Ağayeva “Bayat” sözünə professional musiqi risalalərində XIV əsrin ortalarında Ə.Səfəvi adında alimin əsərində rast gəlindiyini, lakin XIV-XV əsrdə yaşamış məşhur Azərbaycan alimi Əbdülqadir Marağainin "Came əl-əlhan" ("Melodiyalar məcmusu") adlı nəzəri əsərində “Bayatı şöbəsi” haqqında daha ətraflı məlumat verdiyini və bunu Əbcəd yazı üsulu ilə göstərdiyini vurğulayıb. Ə.Marağai öz risalələrində Bayatı muğamını çox həzin və qəmgin musiqi olduğunu da qeyd edib.
Tədbirdə filologiya üzrə fəlsəfə doktorları Gülhüseyn Kazımlı, Minəxanım Nuriyeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Kəmalə Atakişiyeva, Lalə Hüseynova və başqaları Bayatı janrı, onun türk xalqlarının musiqisində, Azərbaycan musiqisində, muğam sənətində, folklor tədqiqatlarında yeri və s. mövzularda məruzələrlə çıxış ediblər.
“Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi-seminar Beynəlxalq Muğam Mərkəzinin gerçəkləşdirdiyi genişmiqyaslı “Dəyirmi masa” adlı layihə çərçivəsində baş tutub. Layihə çərçivəsində indiyədək “Muğam və qəzəllər”, “Aşıq musiqisi:dünən, bu gün və gələcəkdə” mövzusunda tədbirlər keçirilib.
"Dəyirmi masa"nın fevral ayında keçiriləcək növbəti tədbiri Azərbaycan çalğı alətlərinə həsr olunacaq. İlk tədbir "Azərbaycan tarı dünən,bu gün və gələcəkdə" adlanır. Tədbir Milli Konservatoriya ilə birlikdə təşkil olunacaq və orda görkənli tarzənlərimiz, tar musiqi alətinə aid nəzəriyyəçilər, alimlər iştirak edəcəklər.
Reytinq: