Heqiqet.Az » siyaset » Heydər Əliyev alternativi olmayan bir liderdir


Heydər Əliyev alternativi olmayan bir liderdir

8-05-2019, 16:53
Çap et
Heydər Əliyev alternativi olmayan bir liderdir Heydər Əliyevin zəngin idarəçilik irsi Azərbaycan xalqının milli sərvətidir Qədim tarixə malik Azərbaycanın dövlətçilik ənənəsi də qədim dövrlərdən başlayır. Eramızdan əvvəl birinci minilliyə gedib çıxan Azərbaycan 3 min əvvəl də, elə indinin özündə də dünyada özünəməxsus yer tutmuşdur. Dünyanın istər mədəniyyət və incəsənət, istər elm, istərsə də siyasi tarixinə Azərbaycan daim öz töhfəsini vermiş və bu tarixi daha da zənginləşdirmişdir. Bununla bərabər, ölkəmiz yadelli işğalçıların hücumuna, təzyiqinə və işğalına da məruz qalmışdır. Azərbaycan tarixinin müxtəlif taleyüklü məqamları və dövrlərində doğma Vətənimizi həmişə düşdüyü ağır vəziyyətlərdən çıxarmaq vəzifəsi böyük şəxsiyyətlərin üzərinə düşüb.
Azərbaycanın çox əsrlik tarixinə nəzər saldıqda bir daha şahidi oluruq ki, ölkəmizin və xalqımızın yolunda hələ Heydər Əliyev kimi xidmətləri olan ikinci bir şəxsiyyət olmayıb. Azərbaycan dövləti və xalqı üçün misilsiz işlər görmüş ümummilli lider Heydər Əliyev Tanrının bizə bəxş etdiyi xilaskardır.
Azərbaycanın qədim tarixini vərəqlədikcə 2-ci minilliyin sonuncu yüzilliyinin çox keçməkeşli keçdiyi aydın olur. XX əsrin əvvəllərində Azərbaycan müstəqillik əldə etdi, lakin qısa müddətdən sonra onu itirdi. Ölkəmiz zor gücü ilə Sovet imperiyasının tərkibinə qatıldı. Həmin vaxtdan bizə qarşı ayrı-seçkilik kampaniyası başlandı. Azərbaycanın milli mədəniyyətinin, milli düşüncəli ziyalılarının məhv edilməsi, Sibirə sürgünü məhz bu dövrə təsadüf edir. 1920-40-cı illərdə bu kampaniya daha sərt şəkildə aparılırdı. O dövrlərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin fəaliyyətinə, respublikada həyata keçirdikləri tədbirlərin təhlilinə nəzər yetirdikdə bir daha aydın olur ki, həmin rəhbərlərin əsas vəzifələri yalnız imperiyanın göstərişlərini yerinə yetirməkdən ibarət olub. Milli düşüncəli ziyalılarımızın isə bir-birinin ardınca sıradan çıxarılmasının qarşısının alınması, onların müdafiəsi istiqamətində heç bir təşəbbüskarlıq göstərilməyib. Gəlin diqqət yetirək: Azərbaycanın sovet dövrü rəhbərlərinin hansının hakimiyyətdə olduğu illərdə respublika və xalq SSRİ daxilində və xaricdə daha geniş tanındı, nüfuz sahibi oldu? Bu illər ərzində Azərbaycan xalqının milli kimliyini özündə qoruyub saxlayan və inkişaf etdirən, mədəniyyət və incəsənətə, elmə, təhsilə, bu sahənin mütəxəssislərinə, tanınmış ziyalılara münasibət necə idi? Onlar addımbaaddım təqib olunur, milliliyi əks etdirən hər hansı bir fikir səsləndirdikdə dərhal həbs edilir və ya sürgün olunurdular. Azərbaycanda milli dil və tarixlə bağlı məsələlərdən söhbət açmaq qeyri-mümkün idi. Respublikada siyasi hakimiyyətin daxilində yekdilliyin, hakimiyyətlə xalq arasında birliyin olmaması, kadrların seçilib yerləşdirilməsində yerli ziyalılara bir o qədər də üstünlük verilməməsi nəticəsində vəziyyət getdikcə gərginləşirdi. Hakimiyyət daxilində intriqalar hökm sürdüyündən respublikanın iqtisadiyyatı gündən-günə geriləyirdi. Bu da əhalinin həyat tərzini pisləşdirir, sosial vəziyyətini ağırlaşdırırdı. Xalq milli adət-ənənələrin qorunub saxlanılmasının, milli düşüncəli ziyalıların - öz millətsevərliyini ört-basdır edə bilməyənlərin təqib olunmadığını gördükcə sabaha daha böyük ümidlə baxır, Heydər Əliyevin rəhbərliyi altında siyasi hakimiyyət ətrafında sıx birləşirdi.
Zaman aman vermədən bizi dünya tarixinin dahi azərbaycanlısını doğma Vətən torpağına əmanət etdiyimiz günlərdən durmadan uzaqlaşdırır. Lakin bu ağır ayrılığın ilahidəngəlmə bir təsəllisi də var: doğma Vətən, qədirbilən xalqımız və siyasət dünyası zaman keçdikcə qoca tarixin Heydər Əliyev zirvəsini daha aydın görür, onun hikmət dünyasına daha tez-tez müraciət etməli olur və onun müdrik vəsiyyətlərindən, zəngin mənəvi irsindən daha çox faydalanır. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə can atdığı meyar məhz ictimai inam olub. Yeni dünya nizamının diktə etdiyi alternativsiz inkişaf magistralına çevrilmiş demokratiya da məhz çoxluğun etimadı, inamı üzərində formalaşır. Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qaldı, üzləşdiyi böhran və faciələr onu yenidən sınağa çəkdi.
Bu gün də 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Bununla belə o illərin təbəddülatları bir daha təsdiqlədi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Əksəriyyət yaxşı başa düşürdü ki, yalnız ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən xilas etmək iqtidarında ola bilər.
Bəşər sivilizasiyasının tarixində tamamilə fərqli səhifə açan, təkcə sarsıdıcı müharibələr, siyasi, mənəvi, ekoloji böhran və aşınmalarla deyil, görünməmiş innovasion inqilabla - informasiya-kommunikasiya resurslarının, elmi-texniki tərəqqinin yüksək inkişafı ilə yadda qalmış XX yüzillik həm də liderlər əsri kimi xarakterizə olunur. Bəşəriyyəti lərzəyə salan iki dünya müharibəsinin baş verməsi və fərqli reallıqlarla yekunlaşması da, böyük imperiyaların yaranması və dağılması da, dünyanın siyasi xəritəsinin əhəmiyyətli dərəcədə dəyişməsi də, demokratikləşmə, insan hüquq və azadlıqları sahəsində tamamilə yeni imkanların açılması da məhz lider fenomeni ilə bağlı olmuşdur.
Heydər Əliyev, alternativi olmayan bir lider kimi respublikaya birinci rəhbərliyi dövründə sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirə bilmişdir. XX əsrin 70-80-ci illərində, yalnız Azərbaycan xalqı deyil, ümumən sovet ictimaiyyəti gördü ki, Heydər Əliyev təkcə qorxmaz, cəsarətli, möhkəm iradəli rəhbər yox, həm də ensiklopedik məlumata, güclü məntiqə malik, cəmiyyəti dərindən bilən, onu bu və ya digər məqsəd uğrunda mübarizəyə səfərbər etməyi bacaran təşkilatçı, dövlət xadimi, müdrik siyasətçi və ideoloqdur.

Hüseynov İlham İsmayıl oğlu,
“Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi
Reytinq: