Heqiqet.Az » arasdirma » Ekspertdən neftin ucuzlaşması ilə bağlı KƏSKİN PROQNOZ: Sentyabrda...


Ekspertdən neftin ucuzlaşması ilə bağlı KƏSKİN PROQNOZ: Sentyabrda...

7-08-2019, 18:00
Çap et
Ekspertdən neftin ucuzlaşması ilə bağlı KƏSKİN PROQNOZ: Sentyabrda... "Neftin dünya bazarında qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb. "Brent markalı” neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır”.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
Ekspertin sözlərinə görə, ötən həftə proqnozlaşdırılan kimi, neftin dünya bazarında qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət düşüşləri də istisna olunmur: "Belə ki, ABŞ-ın sentyabr ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələ başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu, baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq, indi qlobal arenada heç nə neft ölkələrinin xeyirinə dəyişmir”.
Vüqar Bayramov qeyd edir ki, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, ölkəmizə daxil olan valyutanın həcmi yenidən azala bilər: "Azərbaycan ixracatının 90 faizinin enerji məhsullarının olduğunu nəzərə alsaq, "qara qızıl"ın qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin qiyməti 2019-cu ilin dövlət büdcəsində 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti "qırmızı zona"ya daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı, Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan, neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq”.
Reytinq: