» » Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq (MÜSAHİBƏ)


Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq (MÜSAHİBƏ)

21-11-2019, 16:14
Çap et
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq (MÜSAHİBƏ) Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Trend-ə müsahibəsi
- Əli müəllim, bu günlərdə Almaniyada "miqrant alveri"nə görə bir qrup azərbaycanlının həbs edilməsi böyük rezonans yaratdı. Məlum oldu ki, bəzi müxalifət təmsilçiləri saxta sənədlərlə bir sıra şəxslərin Avropaya yerləşməsinə yardımçı olublar. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- Miqrasiya məsələləri, bir ölkədən başqa ölkəyə köç etmə, mövsümi və ya daimi yaşayış yerini dəyişmə, ayrı-ayrı səbəblərdən bir ölkədən başqa ölkəyə müvəqqəti və ya daimi keçid, normal prosesdir. Müstəqillik dövründə Azərbaycandan xarici ölkələrə köç edənlər, mövsümi və daimi yaşayış yerini dəyişənlər, o cümlədən Azərbaycana xarici ölkələrdən gələnlər, öz daimi yaşayış yerini Azərbaycan seçənlər də var. Bu, təbii prosesdir, normaldır, qloballaşma dövründə, qlobal dünyada bu prosesləri prinsipcə həm dövlətlər, həm də transmilli şirkətlər təqdir edirlər. İnsanların bu istəyini reallaşdırmaq məqsədilə bəzən hüquqi yardım, bəzən bu və ya digər məsələdə ona kömək göstərmək, yol göstərmək üçün müvafiq qurumlara müraciəti də təbiidir. Çünki xarici ölkələrin hər birinin özünün milli qanunvericiliyi var, Avropa Birliyi ölkələrində Avropa şengen viza normaları var, oraya getmək, yerləşmək və qalmağın müddətli planları mövcuddur. Ona görə də insanlar əgər köçməklə bağlı müraciət edənlərə qanunlar çərçivəsində yardım göstərirlərsə, bu, təbiidir. Yox əgər onlar qanunun icazə vermədiyi vasitələrlə, o cümlədən bu insanların həyatı, fəaliyyəti, onların yaşadığı ölkədəki vəziyyəti ilə bağlı sənədləri saxtalaşdıraraq bu işə yardım göstərirlərsə, bunun adı həm Azərbaycanda, həm də xarici ölkələrdə cinayətdir. Ona görə də son zamanlar Azərbaycandan gedən, Avropada yerləşən insanların indi geriyə qayıtma prosesi başlayıb və bu prosesi Azərbaycan dövləti deyil, Avropa dövlətləri başladıb.
- Bəs, Almaniyadan deport edilən azərbaycanlıların taleyi necə olacaq, onlarla bağlı hansı tədbirlər görüləcək?
- Avropa dövlətləri artıq miqrant məsələlərində müəyyən nizam-intizam yaratmağa başlayıb və bu insanlar geri qaytarılır. Biz dövlət olaraq hər bir vətəndaşımız üçün cavabdehik, hər bir vətəndaşımızın geri qayıdışında, yerləşməsində müvafiq olaraq Azərbaycan cəmiyyətində özünün həyatını qurmasında lazımi yardımı göstərəcəyik. Hər bir dövlətin vəzifəsi öz vətəndaşına iş üçün, həyat üçün şərait yaratmaqdır. Və geri qayıdanların hər birinin fəaliyyəti müvafiq orqanlar tərəfindən araşdırılır, nə zaman gediblər, niyə gediblər, onların getməsində hansı səbəblər olub, kimlər yardım göstərib, onlara qanuni və ya qeyri-qanuni yolla yardım göstərilib?! Burada həmin o mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq. Bəlli olacaq ki, bu insanlara kimlər və hansı adla, niyə yardım göstərib və bunun müqabilində hansı vəsaiti qazanıblar, əldə etdikləri qazanc qanunidir, yoxsa qeyri-qanuni, vergiyə cəlb olunub, yoxsa olunmayıb. Və yaxud da qanunlara əməl ediblər, yoxsa pozublar. Düşünürük ki, bütün bu məsələlər aydınlaşacaq. Amma dediyim kimi, bu prosesi Azərbaycan dövləti başlamayıb, bunu Avropa dövlətləri başlayıb. Bizim də vətəndaşlar Avropadan qayıdan həmin vətəndaşlar sırasında olduğuna görə biz də bu məsələdə tərəf olaraq iştirak edirik və edəcəyik.
- Bu hadisələr sözsüz ki, Azərbaycanın imicinə zərər vurur. Bu prosesdə iştirak edən dələduzlara qarşı hansı müvafiq tədbirlərin görülməsi gözlənilir?
- Azərbaycanın miqrasiya orqanı gələn vətəndaşların hər birini qarşılayır, onlarla bağlı müvafiq araşdırmalar aparır. Düşünürəm ki qarşıdan gələn müddətdə biz bu prosesi təşkil edənləri aydınlaşdıracağıq. Bu prosesi Azərbaycanın imicinə zərbə vuraraq həyata keçirənlər, sanki Azərbaycanda söz, mətbuat azadlığı yoxdur adı ilə bir qrup yaradıcı insanları, Azərbaycanda fəaliyyət azadlığı yoxdur adı ilə bir qrup siyasiləşmiş insanları ölkədən çıxarıblar. Azərbaycanda mülkiyyət və əmək hüquqları tapdalanır adı ilə müəyyən iş adamlarını ölkədən çıxarıblar və başqa-başqa adlarla milli mənsubiyyətini dəyişərək azərbaycanlının üstünə erməni adı qoyub, sonra da belə adlandırıblar ki, guya Azərbaycanda başqa millətin, başqa dinlərə mənsub olan insanların yaşamağa haqqı yoxdur, guya burada diskriminasiyaya məruz qalırlar. Yəni bunların hamısı bildiyiniz kimi qanun pozuntusudur, cinayətdir və bunlar araşdırılaraq müvafiq tədbir görüləcək. Cinayət törətmiş qrup və ya insanlara gəlincə, onlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim, o cümlədən, Almaniya, Fransanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar.
Amma Azərbaycan dövləti hər bir qayıdan vətəndaşına sahib çıxacaq, Azərbaycanda yaşamaq istəyən vətəndaşlarımıza münbit şərait yaradılacaq. Azərbaycan qanunlarını pozmaq istəyən, Azərbaycan qanunlarına, dövlətinə, dövlətçiliyinə qarşı fəaliyyət göstərən insanlar da qanun çərçivəsində qiymətini alacaqlar.
Reytinq: