» » Müstəqilliyimizin memarı


Müstəqilliyimizin memarı

22-11-2019, 11:04
Çap et
Müstəqilliyimizin memarı Məlumdur ki, ictimai-siyasi sabitlik ancaq hüquq-mühafizə orqanlarının işi hesabına əldə edilə bilməz. Bütün stabil cəmiyyətlərdə, inkişaf etmiş kapitalist ölkələrində daxili müvazinət, ilk növbədə, iqtisadi və sosial-mənəvi həyatın tarazlaşdırılması hesabına əldə edilir. Lakin bu müvazinət artıq qərarlaşmış cəmiyyətlər üçün səciyyəvidir. Bir sosial-iqtisadi durumdan yenisinə keçid zamanı ölkədə daxili müvazinət, təbii ki, pozula bilər və bunun qarşısını almaq üçün xüsusi məqsədyönlü fəaliyyət göstərilməlidir.
Azərbaycanın müstəqilliyinin memarı Heydər Əliyev “bazar iqtisadiyyatı münasibətlərindən irəli gələn yeni növ cinayətlərdən” danışarkən, məhz ölkəmizin çağdaş sosial-iqtisadi durumundan, bazar iqtisadiyyatının keçid dövrü üçün səciyyəvi olan mənfi nəticələrindən bəhs edirdi. Heydər Əliyevin ümumən bazar iqtisadiyyatına münasibəti müsbət olmuş və bu münasibət onun çıxışlarında dəfələrlə aydın şəkildə qeyd edilmişdir: “Bizim iqtisadi siyasətimiz məlumdur və o, Azərbaycanda bazar iqtisadiyyatı yolu ilə getmək və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatına sıx surətdə bağlamaq məqsədi daşıyır”. Lakin bazar iqtisadiyyatına keçid müxtəlif formalarda və müxtəlif templərdə ola bilər. Ona görə də, elə bir yol seçilməlidir ki, milli-mənəvi ənənələrə, əxlaqi dəyərlərə ziyan dəyməsin.
Qüdrətli dövlət qurucusu Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev üç tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə və bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet.
Milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.
Heç bir dövlət başçısı, heç bir siyasi lider və hətta heç bir millətçi ziyalı dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyasının yaradılması və onun həyata keçirilməsi sahəsində ulu öndər Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir.
XX əsrin son onilliyində sürətlə cərəyan edən hadisələri qabaqlayaraq, ulu öndərin Moskva təqiblərindən qurtulması, Azərbaycanda gedən proseslərə daha yaxın olması, lazım gələrsə, Vətənin dar günündə ona yardımçı olması üçün doğma ata ocağı Naxçıvana gəlişi dövrünə nəzər salaq.
...Müdrik siyasətçi Heydər Əliyevin xalq arasında getdikcə daha da artan nüfuzu onun siyasi rəhbərliyə gəlişini obyektiv tarixi zərurətə çevirmişdi. Böyük əksəriyyət, təkcə Naxçıvanın deyil, ümumilikdə, Azərbaycanın gələcək taleyi naminə Heydər Əliyevin siyasi proseslərə fəal müdaxiləsini, o cümlədən birbaşa idarəçiliyi ələ almasını vacib sayırdı. 1991-ci il sentyabrın 3-də böyük öndər əhalinin təkidli xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq üçün taleyüklü xilaskarlıq missiyasını öz üzərinə götürdü. Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı allahın ona bəxş etdiyi vergi idi. Bütün bunların hamısı bir keyfiyyət altında birləşirdi. Heydər Əliyev böyük azərbaycanlı idi. Azərbaycan xalqının, azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarı, bütün zamanların ən böyük azərbaycanlısı idi. Heydər Əliyev tarixi yaradan idi, tarixin özü idi. Odur ki, bu sualın cavabını da tarixin özü verir. XX yüzillikdə dəfələrlə istiqlal savaşına qalxmış Azərbaycan xalqı, nəhayət, əsrin sonunda tarixi torpaqlarımızın bir hissəsində - Şimali Azərbaycanda özünün qədim dövlətçilik ənənələrini dirçəldə bildi. Azərbaycanımız yenidən siyasi varlığa çevrildi. Dünya xəritəsində Azərbaycan Respublikası adlanan dövlətimizin öz yeri, öz payı var. Müstəqillıyimizə qənim kəsilən xarici düşmənlərin və onların daxildəki əlaltılarının bitib-tükənməyən məkr, hiylə və qəsdlərinə baxmayaraq Azərbaycan dövləti artıq iyirmi bir ildir ki, yaşayır. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğundakı uğurlarımız göz qabağındadır. Bu gün hamımız bir inamla yaşayırıq: müstəqilliyimizə zaval yoxdur, dövlətimiz əbədiyyətə qədər yaşayacaqdır! Çünki bizim dövlətimiz Heydər Əliyev kimi bir müdrikin ölməz əsəridir! Azadlıq, müstəqil dövlət halında yaşamaq hər bir xalqdan ötrü, o cümlədən bizim xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Çünki, dövləti olmayan xalq məhvə məhkumdur. Məhz buna görə də qədirbilən xalqımız ilk növbədə öz dahi oğluna - Heydər Əliyevə minnətdardır.
Hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzillıyin sonunda Ulu Tanrı şəxsiyyət və zaman problemini bizim xeyrimizə həll etməsəydi - xalqımızın Heydər Əliyev kimi qüdrətli şəxsiyyəti olmasaydı müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik!

Əliyev Məsun Kamal oğlu,
Kürdəmir rayon Karrar kənd Sahə Xəstəxanasının baş həkimi
Reytinq: