» » NATO-Rusiya görüşünün Bakıda keçirilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiq edir - Deputat


NATO-Rusiya görüşünün Bakıda keçirilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiq edir - Deputat

27-11-2019, 10:01
Çap et
NATO-Rusiya görüşünün Bakıda keçirilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiq edir - Deputat Bu cür yüksək səviyyəli görüşlər əlbəttə, Azərbaycanın güclü bir dövlətə çevrilməsini və ölkəmizin beynəlxalq aləmdəki mühüm əhəmiyyətini göstərir. Azərbaycan dünyada sülhün, sabitliyin bərqərar olmasına öz töhfəsini verir.
Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç ilə görüşünü şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Azərbaycan dünyanın çox nadir ölkələrindəndir ki, üzərinə götürdüyü öhdəlikləri çox dəqiqliklə yerinə yetirir:
"Bu da Azərbaycanın tərəfdaşlarının dairəsini əhəmiyyətli dərəcədə genişləndirir. NATO ilə Rusiya arasında təmasların genişlənməsinin qlobal təhlükəsizlik baxımından nə dərəcədə əhəmiyyətli olduğunu əsaslandırmaq üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Bu təmasların Bakıda baş tutması isə eyni zamanda ona dəlalət edir ki, həm Rusiya, həm də Qərb Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi qəbul edir".
B.Əliyev vurğulayıb ki, Azərbaycanda belə görüşlərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsi çərçivəsində də ölkənin siyasi və diplomatik potensialını artırır: "Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüşün məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun göstəricisidir. Azərbaycanın dünyada etibar qazanması nəticəsində ölkəmiz bir sıra qlobal əhəmiyyətli siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib. Azərbaycan bütün bu tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edib. Ona görə də həm NATO, həm də Rusiya Azərbaycana etibar edir. Azərbaycan dünyada sülh carçısı kimi sivilizasiyalar, dövlətlər və xalqlar arasında bir körpü rolunu oynayır. Azərbaycanın gördüyü bu işlər beynəlxalq aləmdə isbatlanıb və ölkəmiz dünyada etibarlı bir tərəfdaş kimi qəbul olunur.
Ümumiyyətlə, Azərbaycan balanslı xarici siyasət kursu yeridir, NATO ölkələri və Rusiya ilə normal münasibətlər saxlayır, strateji tərəfdaşlıq edir. Bunun nəticəsində də tərəflər bu cür görüşləri məhz Bakıda keçirməyə üstünlük verirlər. Bundan başqa, bilirsiniz ki, NATO-nun etibarlı tərəfdaşıyıq və hərbçilərimiz Əfqanıstanda NATO hərbçiləri ilə yanaşı xidmət edirlər. Bu yaxınlarda orada hərbçilərimizin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırdıq. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik, Əfqanistana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Bütün bu məqamları ölkə Prezidenti İlham Əliyev NATO rəsmisini qəbul edərkən diqqətə çatdırdı. NATO Hərbi Komitəsinin sədri Ser Stüart Piiç də görüşdə Silahlı Qüvvələrimizin NATO-ya dəstəyinə görə təşəkkürünü bildirərək bunun çox önəmli olduğunu vurğuladı".
Qeyd edək ki, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüş keçirilib.
Reytinq: