» » "Azərbaycanla sərhədlərin mühafizəsi məsələsində heç bir problem yoxdur"


"Azərbaycanla sərhədlərin mühafizəsi məsələsində heç bir problem yoxdur"

25-06-2020, 10:42
Çap et
"Azərbaycanla sərhədlərin mühafizəsi məsələsində heç bir problem yoxdur" İran ilə Azərbaycanın sərhədi dostluq, qardaşlıq və sülh sərhədidir.
Bu sözləri İranın Sərhəd Mühafizə Xidmətinin komandanı general Əhməd Əli Güdərzi deyib. Azərbaycan Respublikası ilə həmsərhəd olan Ərdəbil vilayətinin Nemin bölgəsində sərhəd postlarını yoxlayan general onu da qeyd edib ki, iki qonşu və dost dövlət arasında sərhədlərin mühafizəsi məsələsində heç bir problem yoxdur. Azərbaycan ilə İran sərhədçilərinin qarşılıqlı əməkdaşlıq əlaqələri sahəsində mövcud olan problemlər çoxdandır ki, aradan qaldırılıb və hazırkı faydalı əməkdaşlıq davam edir.
Generalın sözlərinə görə, iki dost dövlətin sərhədçilərinin əməkdaşlığı nəticəsində sərhədlərimizin təhlükəsizliyi təmin edilib.
Nəzərə çatdıraq ki, general Əhməd Əli Güdərzi Ərdəbil vilayətindən sonra İranın Şərqi Azərbaycan vilayətinin sərhəd postlarında da yoxlama işləri aparacaq. İranın Şərqi Azərbaycan vilayəti də Azərbaycan Respublikası ilə sərhəd bölgəsində yerləşir. Bu vilayət həm də Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir.
Əhməd Əli Güdərzi iyunun 5-də İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin sərəncamı ilə bu vəzifəyə təyin olunub. İranın Sərhəd Mühafizə Xidmətinin artıq keçmiş rəisi general Qasım Rezayi isə İranın polis qüvvələrinin rəis müavini təyin olunub.
Reytinq: