Heqiqet.Az » iqtisadiyyat » Turizmdəki itki 2,2 trilyon dollara çata bilər - Xəbərdarlıq


Turizmdəki itki 2,2 trilyon dollara çata bilər - Xəbərdarlıq

5-07-2020, 08:56
Çap et
Turizmdəki itki 2,2 trilyon dollara çata bilər - Xəbərdarlıq Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı (UNCTAD) son 4 ayda yeni növ koronavirusun (COVID-19) yaratdığı iqtisadi geriləmə səbəbindən dünya turizm sənayesinin bu il 1,2 trilyon dollar itirə biləcəyini açıqlayıb.
UNCTAD tərəfindən hazırlanan hesabatda COVID-19-un bütün dünyada turizmə təsiri qiymətləndirilib.
Məruzədə mart ayından bəri iqtisadi tənəzzül səbəbindən dünya turizm sektorunun 2020-ci ildə 1,2 trilyon dollar itirə biləcəyi ifadə edildi. Bu, ümumi daxili məhsulun (ÜDM) 1,5 faizinə bərabərdir.
Hesabatda beynəlxalq turizmdəki durğunluğun 8 ay davam edəcəyi təqdirdə, sektordakı qlobal zərərin 2,2 trilyon dollara yüksələ biləcəyi xəbərdarlığı da edilib.
UNCTAD beynəlxalq turizmdəki 12 aylıq fasilənin (2021-ci ilin martına qədər) ən pessimist ssenaridə 3.3 trilyon dollar itki (qlobal ÜDM-in 4.2 faizi) ola biləcəyini proqnozlaşdırır.
Ən optimist hesablamalara görə, dünyanın iki böyük turizm ölkəsi olan Yamaykanın ÜDM-in 11 faizini, Tailandın isə 9 faiz itirəcəyi ilə bağlı proqnoz hesabata daxil edilib. Turizmin ön sırada olduğu Keniya, Misir və Malayziya kimi ölkələrdə ÜDM-in 3 faiz azalması mümkün sayılır.
UNCTAD-ın beynəlxalq ticarət direktoru Pamela Coke-Hamilton hesabatı belə dəyərləndirib: "Bu rəqəmlər mütəmadi untuduğumuz sektorun iqtisadi əhəmiyyətini və dünyada milyonlarla insan üçün həyat mənbəyi olduğu rolunu açıq formada bizə xatırladır. Bu, turizmlə keçinən kiçik ada ölkələrinin və bir çox inkişaf etməkdə olan dövlətlərin turizmdəki inkişaf perspektivlərinə zərbə vuracaq. Bu, xərclərini qarşılaya biləcəyimiz bir şey deyil”.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) qlobal nəqliyyatda sərnişin tələbinin may ayında əvvəlki ilə nisbətən 91,3 faiz azaldığını bildirib.
BMT-nin Ümumdünya Turizm Təşkilatına görə, son 20 ildə üç dəfə artan və bir çox ölkələrin iqtisadiyyatının dayağı olan turizm dünyada milyonlarla insanın dolanışıq mənbəyidir./Teleqraf.com
Reytinq: