» » Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı


Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı

25-09-2020, 13:44
Çap et
Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı Qədim şəhər yerlərində tədqiqatların aparılması üçün uzunmüddətli ekspedisiyaların təşkil edilməsi və bu işə maliyyə vəsaitinin ayrılması lazımdır.
Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Şabran arxeoloji ekspedisiyası”nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov deyib.
Onun sözlərinə görə, "Çıraqqala-Şabran" Dövlət Tarix Mədəniyyət Qoruğuna aid olan qədim Şabran şəhərinin qalıqlarının araşdırılması ilə bağlı vəziyyət heç də yaxşı deyil:
"Ora qədim şəhər yeri olduğu üçün qısamüddətli tədqiqatların aparılması effektiv deyil. Belə ərazilərdə stasionar ekspedisiya işləməlidir. Bu isə akademiyanın imkanları xaricindədir. İndiyədək Ağsu, Şəmkir, Qəbələ qədim şəhər yerləri tədqiq edilib və çox yaxşı da nəticələr əldə edilib. Amma bu işlər ayrı-ayrı QHT-lərin maliyyə dəstəyi və uzunmüddətli ekspedisiyalar sayəsində baş tutub. AMEA-nın maliyyə vəsaiti hesabına 1 ay davam edən ekspedisiya ilə bu işlərin aparılması mümkün deyildi”.
S.Aşurov qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, arxeoloqlar çöl tədqiqatları apararkən bu işlərə 3 fəhlə cəlb edilə bilər. “Üç fəhlə ilə nisbətən kiçik olan qədim yaşayış yerlərində, qəbir abidələrində işləmək mümkündür. Amma az sayda işçi, yəni 3 nəfər ilə böyük şəhər yerlərində işləmək mümkün deyil. Belə yerlərdə ən azı 10-15 fəhlə işləməlidir. Qanunvericlik isə buna icazə vermir”.
Arxeoloji qazıntı işlərinin aparılması ilə bağlı mövcud olan digər problem barədə danışan S.Aşurov əlavə edib ki, ekspedisiyaların qısamüddətli olması şəhərin mədəni təbəqəsinin tam şəkildə öyrənilməsinə də imkan vermir:
"Şabran şəhərində mədəni təbəqənin qalınlığı 5 metrdən artıqdır. Bir ekspedisiya müddətində isə maksimum 50 sm-1 metr qalınlığında mədəni təbəqəni öyrənmək mümkündür. Növbəti il əraziyə gəldikdə qazılan təbəqənin və oradan aşkar edilmiş qədim tikililərin dağıldığı müşahidə olunur. Bəzi abidələr var ki, qazıntı işlərindən sonra konservasiya etmək mümkün olur, bəzilərində isə konservasiya əks nəticə verir. 1970-ci illərdən bu vaxta qədər Şabran şəhər yerində qazıntı işləri aparılıb, lakin konservasiya işləri tam şəkildə həyata keçirilmədiyindən qazıntı sahəsi çox pis vəziyyətə düşüb".
Reytinq: