» » Azərbaycan Ordusu tarix yazır


Azərbaycan Ordusu tarix yazır

21-10-2020, 10:50
Çap et
Azərbaycan Ordusu tarix yazır Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir. Hər gün işğaldan azad edilmiş ünvanların sırasına yeniləri əlavə olunur. Hər ötən gün tariximizə qələbə günü kimi həkk edilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın işğaldan tam azad olunmasının elan ediləcəyi tarixi sürətlə yaxınlaşdırır.

Qələbə uzaqda deyil

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 17 ildə xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Odur ki, Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində bu dövrdə ordumuzun döyüş qabiliyyətinin artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi.
İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada Azərbaycanın yüksəlişinin əsas nümunələrindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.
Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar Azərbaycanda da var. Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Ümumiyyətlə, Azərbaycanla Ermənistanın hərbi imkanlar baxımından müqayisəsi çoxdan aparılırdı. Bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların rəyi daim ondan ibarət olub ki, Azərbaycan Ordusu gücünə görə Ermənistandan çox irəlidədir.
Fərəhlisi odur ki, Azərbaycanın özünün də inkişaf etmiş hərbi sənaye kompleksi formalaşıb. Bu gün respublikamız Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar yerli müəssisələrdə istehsal olunur.
Xalqımız ilk dəfə hərbi paradlarda modern ordu quruculuğunun nümunələrini görmüşdü. 2016-cı ilin Aprel döyüşləri isə savaş meydanında ordumuzun nəyə qadir olduğunu göstərmişdi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirmişdi. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması, Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi isə Azərbaycan Silahlı Qüvvələrinin Aprel qələbəsindən sonra növbəti zəfəri idi. Həmin vaxt bu zəfər cəmiyyətimizin xoş ovqatını daha da artırmış, düşmən üzərindəki tam qələbə gününün o qədər də uzaqda olmadığını göstərmişdi.

Ordumuz hünər meydanında ədaləti bərpa edir

Azərbaycan heç vaxt gizlətməyib ki, sülh danışıqları baş tutmayacağı təqdirdə ordusu öz sözünü deyəcək, tarixi missiyasını layiqincə yerinə yetirəcək. Artıq zaman yetişib və əsgərlərimiz döyüş meydanında respublikamızın ərazi bütövlüyünü qəhrəmancasına bərpa edirlər. Azərbaycan Ordusu hünər meydanında həm də illərdir ki, ATƏT-in Minsk qrupunun təmin edə bilmədiyi tarixi ədaləti bərpa edir.
Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv edir. Düşmənin 250-yə yaxın çoxsaylı artilleriya qurğuları, əməliyyat-taktiki raket sistemləri, S-300 kompleksləri sıradan çıxarılıb. Qeyd edək ki, düşmən işğal olunmuş ərazilərimizdəki müdafiə mövqelərini, istehkamlarını atəşkəsdən bəri müxtəlif vasitələrlə çox möhkəmləndirmiş, bütün cəbhə boyu əraziləri minalamışdı. Lakin Azərbaycan Ordusu düşmənin cəbhə boyu müdafiə xəttini elə ilk anda darmadağın edərək, istehkamlarını ələ keçirdi. Bu döyüşlərdə Ermənistan ordusunun peşəkar zabit heyəti və müddətdən artıq qulluq etmiş hərbi xidmətçiləri böyük sayda məhv edilib. Bu kimi peşəkar hərbçi heyətinin formalaşdırılmasına illər lazımdır. Aprel döyüşlərində Ermənistan öz cəzasını almışdı. Amma budəfəki döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan dövlətini və ordusunu elə sarsıtdı ki, çətin özlərinə gəlsinlər.
Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuzun qalibiyyəti xarici hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirildi.
Məsələn, Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bu barədə öz "Facebook” səhifəsində yazıb: "Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir, çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Azərbaycanın təcrübəsi döyüşlərin aparılması taktikasını dəyişir

Tanınmış rusiyalı hərbi ekspert, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko isə bildirib ki, Azərbaycan Ordusu işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi. "Mən əminliklə deyə bilərəm ki, müasir silahlardan - pilotsuz uçuş aparatlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksəkdəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hələ belə bir vəziyyətlə rastlaşmamışdı ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksəkdəqiqlikli silahlardan istifadə edilsin. Zərbə uçuş aparatlarından istifadənin miqyasına və intensivliyinə görə bu, dünya tarixində ilk belə hadisədir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hansısa başqa ölkə bu miqyasda pilotsuz zərbə uçuş aparatlarından istifadə etməyib. Pilotsuz uçuş aparatları bu cür münaqişələrdə özünün mübahisəsiz üstünlüyünü sübut edib. Buraya Azərbaycan Ordusu tərəfindən düşmənin canlı qüvvələrinin və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi və daha sonra zirehli texnikanın, yüksək dərəcədə müdafiə olunan hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün pilotsuz uçuş aparatlarından geniş istifadə taktikasını da əlavə etmək lazımdır”.
O qeyd edib ki, yüksəkdəqiqlikli silahdan istifadə mülki əhali arasında itkilərin sayını azaldır. "Bu nöqteyi-nəzərdən Azərbaycan həm hərbi uğur qazanıb, həm də Dağlıq Qarabağda yaşayan mülki vətəndaşların həyatını xilas edib. Fikrimcə, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində əhəmiyyətli dəyişikliklər olacaq. Sözsüz ki, Azərbaycan Ordusunun təcrübəsi ətraflı şəkildə öyrəniləcək”, - deyə İqor Korotçenko bildirib.
Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardğı döyüşlərin müasir hərb tarixinə yazılacağı dəqiqdir. Bu döyüşlərdə ordumuzun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi hərbi mərkəzlərdə təhlil edilir. Ən mühümü odur ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar döyüş əməliyyatlarının aparılması taktikasını dəyişir. Belə ki, hərbi əməliyyatlarla bağlı indiyə qədər mövcud olmuş ənənələr yeniləri ilə əvəz olunur, o cümlədən bir sıra hərbi texnikalar tədricən effektivliyini itirir.
Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycan göstərdi ki, ən müasir vasitələrlə döyüş aparmaq imkanları olan bir orduya malikdir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Reytinq: