» » Dünyada bu gün


Dünyada bu gün

6-01-2021, 09:25
Çap et
Dünyada bu gün ASLAN BƏY VƏZİROV
(1898-1984)

Azərbaycan Xalq Cümhuriyyətinin ilk tələbələrindən biri, professor Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirov 6 yanvar 1898-ci ildə Bakı şəhərində anadan olub. Bakı realnı məktəbində, Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda, Paris Universitetinin fizika-kimya və Nansi Geologiya İnstitutunun geologiya fakültələrində təhsil alıb. Əmək fəaliyyətinə “Azərneft”in geoloji-kəşfiyyat idarəsində başlayıb, Azərbaycan Politexnik İnstitutunda dərs deyib, kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasına rəhbərlik edib. Yüksək ixtisaslı mütəxəssislər, elmlər doktorları, akademiklər yetişdirib, özündən sonra böyük irs - görkəmli geoloqlar nəsli qoyub. Keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunan Aslan bəy Vəzirov 1984-cü il aprelin 4-də vəfat edib.

İSMAYIL DAĞISTANLI
(1907-1980)

Azərbaycanın xalq artisti, aktyor, Dövlət Mükafatı laureatı İsmayıl Yusif oğlu Hacıyev 1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Səhnə fəaliyyətinə 1925-ci ildə Şəki mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. İrəvan Dram Teatrında işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub. 1938-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub. “Səbuhi”, “Kölgələr sürünür”, “Qara daşlar” və başqa filmlərdə çəkilib. Ömrünün son illərində Azərbaycan İncəsənət institutunda kafedra müdiri vəzifəsində çalışıb. “Stalin” mükafatı, "Lenin", "Qırmızı Əmək Bayrağı", “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub. İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

NƏCİBƏ BEHBUDOVA
(1914-1999)

Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası Nəcibə Məcid qızı Behbudova 1914-cü ilin bu günü Tiflisdə anadan olub. Tiflisdəki əmək məktəbində, Bakıda Hidrologiya Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində dərs alıb. Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Mirzə Fətəli Axundov adına Tiflis Azərbaycan Teatrının truppasında, Tiflis Dövlət Azərbaycan Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. "Ulduz", "Bəyin oğurlanması", "Araqarışdıranlar", "Fəryad" və başqa filmlərdə çəkilib. Nəcibə Behbudova 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. O, xanəndə Məcid Behbudovun qızı, SSRİ xalq artisti, müğənni Rəşid Behbudovun böyük bacısı, müğənni Cəfər Behbudovun anasıdır.

VALERİ LOBANOVSKİ
(1939-2002)

SSRİ-nin əməkdar məşqçisi, görkəmli futbol mütəxəssisi Valeri Vasilyeviç Lobanovski 6 yanvar 1939-cu ildə Kiyevdə fəhlə ailəsində doğulub. Futbol məktəbindən məzun olduqdan sonra “Dinamo Kiyev”, “Çernomorets”, “Şaxtyor Donetsk” klublarında çıxış edib. Daha sonra “Dnepr” klubunda köməkçi məşqçi, “Dinamo Kiyev” klubunda isə baş məşqçi olub. Məşqçi kimi işlədiyi dövrlərdə ümumilikdə 150 matça çıxıb. “Dinamo” klubu SSRİ çempionatının qalibi olub, komandasını yarımfinala, finallara kimi gətirib, kuboklar qazandırıb. SSRİ və Ukrayna yığmalarını, 3 il Birləşmiş Ərəb Əmirliklərini çalışdırıb, daha sonra Küveyt milli komandasına Asiya Oyunlarında bürünc medal qazandırıb. Valeri Lobanovski 2002-ci il mayın 13-də Kiyevdə vəfat edib. Ölümündən sonra Ukrayna Qəhrəmanı fəxri adına layiq görülüb.

İSGƏNDƏR XANKİŞİYEV
(1968-1992)

Şəhid İsgəndər Ramazan oğlu Xankişiyev 1968-ci il yanvarın 6-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Kənd orta məktəbində, Xəzər Dəniz Neft Donanması idarəsinin dənizçilik məktəbində təhsil alıb. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq ordu sıralarına yazılıb. Xocalı soyqırımı zamanı bir neçə ailənin Xocalıdan Ağdama gətirilməsinə və yaralıların Ağdam şəhər xəstəxanasına daşınmasına yardım edib. Şuşa döyüşlərində 60-a yaxın dinc sakini mühasirədən çıxarıb. İsgəndər Xankişiyev 1992-ci il iyunun 16-da Ağdərə rayonunun Çaylı kəndi uğrunda döyüşlərdə şəhid olub və Novruzlu kənd qəbiristanlığında dəfn edilib.

AQİL HƏSƏNOV
(1996-2020)

Şəhid Aqil Nofəl oğlu Həsənov 1996-cı ilin bu günü Şabran rayonunun Pirəmsən kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb. Azərbaycan Ordusunun leytenantı Aqil Həsənov sentyabrın 29-da gedən döyüşlərdə şəhid olub və Şabran rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

TEODOR RUZVELT
(1858-1919)

Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti Teodor Ruzveltin anım günüdür. O, 1858-ci il oktyabrın 27-də Nyu-Yorkda aristokrat ailəsində anadan olub. Harvard Universitetində təhsil alıb. Nyu-York Polis İdarəsinin sədri, Dəniz Donanmasının katibi, Nyu-Yorkun qubernatoru və ABŞ-ın vitse-prezidenti vəzifələrində çalışıb. 1901-1909-cu illərdə ABŞ prezidenti olub. 1904-1905-ci illər Rus-Yapon müharibəsi zamanı iki ölkə arasında sülh sazişinin imzalanmasında vasitəçi olduğuna görə 1906-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb. Birləşmiş Ştatların dünyanın nəhəng hərbi dövlətinə çevrilməsinin əsasını qoyub. Teodor Ruzvelt 6 yanvar 1919-cu ildə Nyu-Yorkda vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

ABDULLA BƏY DİVANBƏYOĞLU
(1883-1936)

Nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlunun xatirə günüdür. Abdulla bəy Vəliağa oğlu Sübhanverdixanov 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olub. Qori Müəllimlər Seminariyasında və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin şərq şöbəsində təhsil alıb. Bir müddət Batum və Bakı məktəblərində müəllimlik edib, Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs deyib. Azərbaycan Xalq Maarif Komissarlığında müxtəlif vəzifələrdə işləyib. Eyni zamanda Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent, Pedaqoji Texnikumda müdir müavini, Azərbaycan Dövlət Arxivinin müdiri, ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Tarix və etnoqrafiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri var. Dövri mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunub. "Şahzadə və Əbdül", "Can yanğısı", "Fəhlə", "Duman", "İlan", "Ərdoy dərəsi", "Məcnunun Leyliyə məhəbbəti" və başqa əsərlərin müəllifidir. Abdulla bəy Divanbəyoğlu 1936-cı il yanvarın 6-da vəfat edib.

MƏRZİYƏ DAVUDOVA
(1901-1962)

Azərbaycanın xalq artisti, aktrisa Mərziyyə Yusif qızı Davudova da bu gün xatırlanır. O, 1901-ci il dekabrın 8-də Həştərxanın Sarevo kəndində anadan olub. Kənddə dördillik "Darül-təhsil", "Qaliyə" və "İqbal" rus-tatar məktəblərində təhsil alıb. Birləşmiş Dövlət Teatrı nəzdində Türk Dram Teatrı kollektivində, Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında çalışıb. Daha sonra ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olub. Azərbaycan Teatr Cəmiyyətinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Cəfər Cabbarlının əsərlərindəki qadın rollarının ilk ifaçısı olub. “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəlləli iki oğlan”, “Koroğlu”, “Bəxtiyar” və başqa filmlərdə çəkilib. "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və “Stalin” mükafatına layiq görülüb. Mərziyə Davudova 6 yanvar 1962-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın anasıdır.

ƏFRASİYAB BƏDƏLBƏYLİ
(1907-1976)

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin anım günüdür. O, 1907-ci il aprelin 19-da Bakıda görkəmli pedaqoq Bədəl bəy Bədəlbəylinin ailəsində dünyaya gəlib. 1912-ci ildə 6-cı rus-müsəlman məktəbinə daxil olub və 1916-cı ildə bütün fənlərdən "əla" qiymətlərlə oranı bitirib. 1917-1924-cü illərdə Bakıdakı 1-ci realnı məktəbində oxuyub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində və Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet teatrında dirijor işləyib. Onun repertuarında Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri əsas yer tutub. Azərbaycanın musiqi mədəniyyəti tarixinə ilk milli baletin – “Qız qalası”nın müəllifi kimi daxil olub. Bundan başqa, “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazıb, bir çox dram tamaşasına musiqi bəstələyib. Bir neçə kitabın müəllifi olan Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib. O, Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin həyat yoldaşı, xalq artisti Şəmsi Bədəlbəylinin qardaşı, xalq artisti Fərhad Bədəlbəylinin əmisidir.

MİKAYIL MÜŞFİQ
(1908-1938)

Görkəmli Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin xatirə günüdür. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 5 iyun 1908-ci ildə Bakıda dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda Müəllimlər Seminariyasında və Ali Pedaqoji İnstitutda təhsil alıb. Məktəbdə ədəbiyyat fənnindən dərs deyib, tərcümə ilə də məşğul olub. Milli ruhda qələmə aldığı əsərlərində Azərbaycanın təbii gözəlliklərini oxunaqlı dillə tərənnüm edib. Poemalarında dövrünün təzadlı xüsusiyyətlərini ustalıqla göstərə bilib. Yazıçıların plenumunda əksinqilabçı damğası vurulduqdan sonra 1937-ci il iyunun 4-də evində həbs olunub. Əksinqilabi milli təşkilatın üzvü və sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edilib. 1938-ci il yanvarın 5-də keçirilən 20 dəqiqəlik məhkəmə prosesində Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verilib və yanvarın 6-da hökm icra olunub. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası ona bəraət verib.

MURAD BABAYEV
(1951-2013)

Görkəmli dövlət xadimi Murad Köçəri oğlu Babayev də bu gün xatırlanır. O, 1951-ci il dekabrın 10-da Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Köçəri Oruc oğlu Babayevin ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Binəqədi rayon Prokurorluğunda təcrübəçi müstəntiq, Bakı şəhər Prokurorluğunda açılmamış ölüm hadisələri üzrə müstəntiq, Mingəçevir şəhər prokuroru vəzifələrin çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 1991-1992-ci illərdə Baş prokuroru, 1993-cü ildə isə Bakı şəhər Nəqliyyat prokuroru vəzifəsinə təyin edilib, daha sonra Təfəkkür Universitetində Hüquq kafedrasının müdiri işləyib. Murad Babayev 6 yanvar 2013-cü ildə Bakıda dünyasını dəyişib
Reytinq: