» » Ağır məğlubiyyətin heyfini xəritədən çıxan Ermənistan - Terror dövləti olduğunu dünyaya isbatlayır


Ağır məğlubiyyətin heyfini xəritədən çıxan Ermənistan - Terror dövləti olduğunu dünyaya isbatlayır

1-04-2021, 08:55
Çap et
Ağır məğlubiyyətin heyfini xəritədən çıxan Ermənistan - Terror dövləti olduğunu dünyaya isbatlayır Ötən il Azərbaycan 30 ilə yaxın işğal altında qalmış ərazilərini beynəlxalq hüquqa uyğun olaraq azad etdi. Ermənistan və Azərbaycan arasında 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən başa çatdı. Buna baxmayaraq, azad olunmuş şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilər işarə olunmadan minalanıb. İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina basdırılıb.
Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə mina partlayışı ilə bağlı 15 hadisə baş verib. 30 mülki şəxs minaya düşüb. Onlardan 14-ü həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Müharibədən cəmi 4 ay keçməsinə baxmayaraq, bu qədər mülki şəxsin minaya düşməsi Azərbaycan və bir çox dünya ölkələrini narahat edir. Lakin bütün bunlara rəğmən, Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etmir. Dünya dövlətləri tərəfindən bununla bağlı çoxsağlı çağırışlar olsa da Ermənistana birbaşa təzyiqlər göstərilmir. Beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən öncə olduğu kimi, yenə susqunluq nümayiş etdirir. Nəticədə Ermənistan da öz müharibə cinayətlərini davam etdirir.
Məlumdur ki, minalar onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə töhfə ola biləcək post-münaqişə dövründə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına əngəl törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Ermənistan bütün işğal olunmuş ərazilərdə hərbi obyektlərə qarşı nəqliyyat vasitələri əleyhinə minalarla yanaşı, insan əleyhinə minalardan da istifadə etməklə beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur və minalanmış ərazi xəritələrini verməkdən boyun qaçırır. Lakin 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır. Ona görə də Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə bütün müvafiq beynəlxalq təşkilatlar mandatları çərçivəsində təcili tədbirlər görməlidir.
Aydındır, Ermənistan sülh istəmir, çünki minalanmış ərazilərin xəritəsini gizlətməklə birinci növbədə sülhə mane olur. İkincisi isə bu, bütün beynəlxalq qanunlara, prinsiplərə zidd olmaqla hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi öz səyləri ilə işaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini sürətlə davam etdirir. Artıq Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərin 3 milyon 660 min 632 kvadratmetrini minalar və digər partlamamış sursatlardan təmizləyib. Həmin ərazilərdən 471 ədəd partlamamış hərbi sursat, 527 ədəd piyada əleyhinə mina, 540 ədəd tank əleyhinə mina, 130 ədəd isə tank əleyhinə minanın partladıcısı aşkar edilib.
Həmçinin, təcili və təxirəsalınmaz əməliyyatlar zamanı agentliyə 264 çağırış olub. Nəticədə 2167 ədəd partlamamış hərbi sursat, 4224 piyada əleyhinə mina, 1181 ədəd tank əleyhinə mina, 2064 ədəd partladıcı, 567 ədəd partlamış mərmi və qalıqları, 300 ədəd isə bombacıq aşkarlanıb.
Bu istiqamətdə işlərin sürətlə aparılmasına baxmayaraq, minalanmış ərazilərin xəritəsinin olmaması prosesi olduqca çətinləşdirir və qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasını ləngidir. Odur ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar ən qısa zamanda Ermənistana təzyiqlər göstərməli və minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsinə nail olunmalıdır!
Reytinq: