» » Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməklə müstəqilliyimizi qorudu və əbədiləşdirdi


Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməklə müstəqilliyimizi qorudu və əbədiləşdirdi

20-06-2022, 12:57
Çap et
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməklə müstəqilliyimizi qorudu və əbədiləşdirdi Fikrət Rzayev
ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru,
əməkdar müəllim, professor

Azərbaycan XX əsrin sonlarında müstəqilliyini bərpa etsə də, istər daxildə, istərsə də xaricdə bunu istəməyən güclü qüvvələr var idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızı işğal etməsi, eləcə də, daxildəki siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri dövlətimizi təmamilə zəiflətmiş, məhv olmaq təhlükəsi yaratmışdır. Azərbaycan Xalq Cəbhəsi – Müsavat iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni vətəndaş müharibəsi və parçalanmaq həddinə çatdırmışdı.
Hər bir xalqın tarixində dönüş nöqtəsi olan mütərəqqi hadisələr tarixə qızıl hərflərlə yazılır və gələcək nəsillər həmin səhifələri öyrənir və onların əhəmiyyətini dərk edirlər. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. İyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. Azərbaycan xalqının ulu öndərə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti, əzəməti, öz xalqına sevgisi və məhəbbəti nəticəsində bugünkü güclü Azərbaycan dövləti formalaşmışdır. Tarixi şəxsiyyət Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu.
Ümummilli liderin gərgin siyasi fəaliyyəti sayəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi, atəşkəsə nail olundu. Azərbaycanın iqtisadi inkişafının və qələcəkdə böyük Qələbəmizin qazanılmasının əsası qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan dövləti sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu.
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməklə müstəqilliyimizi qorudu və əbədiləşdirdi. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı, xalqın ciddi narahatlığına səbəb olan qeyri-qanuni silahlı birləşmələri zərərsziləşdirdi, ordudakı pərakəndəliyi aradan qaldırdı və vahid ordu formalaşdırdı. Tədricən iqtisadi sahədə əsaslı dönüş yaratdı, dayanıqlı inkişafın təməlini qoydu.
Məhz ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında yer tutur. Biz bunun 2016-cı ildəki Aprel döyüşlərində, Haxçıvanın Günnüt kəndinin işğaldan azad edilməsində və Tovuz əməlliyatında canlı şahidi olduq. Rəşadətli ordumuzun 2020-ci il sentyabrın 27-də Ermənistanın başladığı müharibədə göstərdiyi qəhrəmanlıq dünya birliyində də etiraf olunur. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, xüsusilə, Şuşanın işğaldan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyat bir çox dünya ölkələrinin ordularında öyrənilir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət həyatının digər sahələrinin yeniləndirilməsi və müasirləşdirilməsinə yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması əhalinin rifahının yüksəldilməsini təmin etdi. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.
Reytinq: