» » Regionların inkişafına yönəldilmiş dövlət proqramları ölkənin sürətli tərəqqisinə mühüm stimul yaradır


Regionların inkişafına yönəldilmiş dövlət proqramları ölkənin sürətli tərəqqisinə mühüm stimul yaradır

29-07-2022, 11:05
Çap et
Regionların inkişafına yönəldilmiş dövlət proqramları ölkənin sürətli tərəqqisinə mühüm stimul yaradırTuran Kərimli
ADPU tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının müvafiq sərəncamları ilə 2004-cü ildən etibarən davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları qəbul edilmişdir. Bu proqramlar ölkənin sürətli inkişafına stimul yaratmışdır. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülmüş, böyük infrastruktur layihələri icra edilmiş və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır.
2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır.
Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramda regionların iqtisadi inkişafı ilə yanaşı, sosial sahənin də tərəqqisinə xüsusi yer verilmişdir.
Dövlət Proqramına əsasən kənd təsərrüfatı sahəsində inkişaf dinamikası müşahidə olunmaqdadır. Regionlarda aparılan sosial-iqtisadi siyasətin nəticəsidir ki, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edir.
Dövlət proqramında nəzərdə tutulan yenidənqurma işləri turizmə müsbət təsir göstərən amillərdəndir. Bu tədbirlər ümumilikdə sahibkarlığın inkişafına, yeni otellərin açılmasına, mədəni-kütləvi, istirahət obyektlərinin sayının artmasına şərait yaradır. Bu da özlüyündə artıq turistlərin təkcə paytaxta deyil, bölgələrə də üz tutmasını şərtləndirir. Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı əsas prioritetlərdən biri olmuşdur. Bölgələrdə turizm ehtiyatlarının genişləndirilməsi, turizm istirahət mərkəzlərinin və onların müasir standartlara uyğunlaşdırılması, turizmin inkişafı ilə bağlı layihələrin icrası uğurla davam etdirilməkdədir.
Regionlarımızda milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəslə çatdırılması üçün də mühüm tədbirlər həyata keçirilmişdir ki, bunlar da öz müsbət nəticəsini vermişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər görülmüşdür.
Beləliklə, qəbul edilmiş dövlət proqramları sayəsində həyata keçirilən bütün bu tədbirlər ölkəmizi dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır.




Reytinq: