Heqiqet.Az » medeniyyet » Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova


Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

Bu gün, 00:34
Çap et
Azərbaycan balet sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, balet artisti və baletmeyster Rəfiqə Axundovanın zəngin yaradıcılıq yolu milli mədəniyyət tariximizdə xüsusi yer tutur. Sənətkar ömrünü Azərbaycan xoreoqrafiyasının inkişafına həsr edib, həm səhnədə yaratdığı unudulmaz obrazlarla, həm də balet quruluşları ilə böyük iz qoyub.

Bu gün görkəmli sənətkar Rəfiqə Axundovanın anadan olmasından 95 il ötür.

Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib. Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeyster olub. Onun səhnədə yaratdığı əsas partiyalar Qara Qarayevin 'Yeddi gözəl' baletində Ayişə və Gözəllər gözəli, 'İldırımlı yollarla' əsərində Fanni, Soltan Hacıbəyovun 'Gülşən' baletində Gülşən, Əfrasiyab Bədəlbəylinin 'Qız qalası' əsərində Gülyanaq, Arif Məlikovun 'Məhəbbət əfsanəsi' baletində Şirin, Boris Asafyevin 'Bağçasaray fontanı' əsərində Zarema və Adolf Adanın 'Jizel' baletində Jizel obrazlarıdır.

Həyat yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası", "Qobustan kölgələri", "Yallı" və "Azərbaycan süitası", "İldırımlı yollarla" və "Yeddi gözəl", "Babək", "Şelkunçik", habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" baletlərinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib. Əlcəzairdə "Üç inqilab" ilk milli baletini, Malmödə "Muğam" musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop baletlərini tamaşaya qoyub.

"Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969-cu ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilib və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. Həmçinin 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub.

Uzunsürən xəstəlikdən sonra baletmeyster Rəfiqə Axundova 2024-cü il fevralın 6-da 92 yaşında vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.
Reytinq: