Heqiqet.Az » sosial » Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısıdır


Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısıdır

25-08-2024, 21:25
Çap et
Birinci vitse-prezident adının da mənasından göründüyü kimi, ölkənin birinci şəxsinin əsas yardımçısı, inandığı silahdaşı olmalıdır. Ötən 20 illik Prezidentlik fəaliyyəti müddətində Mehriban xanım İlham Əliyevə daim ən böyük mənəvi dəstəyi göstərib. Biz ən çətin anlarda Mehriban xanımı yalnız həyat yoldaşının yanında dayanan xanım kimi deyil, həm də Prezidentin ən yaxın və mübariz silahdaşı kimi ön cinahda görmüşük. Onun bu yönümdəki xidmətləri "birinci xanım" statusunun çərçivəsi ilə məhdudlaşmayaraq daha geniş miqyası əhatə edib. Mehriban Əliyevanın deputat və fondun rəhbəri kimi ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi proseslər cəmiyyətdə onun müsbət imicini formalaşdırıb, nəticə etibarilə İlham Əliyevin siyasi nüfuzunun daha da yüksəlməsinə əməli töhfə verib. Xalqın hakimiyyətə inamının möhkəmlənməsinə Prezidentdən sonra ən böyük xidməti də məhz Mehriban xanım göstərir.
Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyini onun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın bəlkə də həyat kredosu kimi müəyyənləşib: milli yaddaşla bağlı görülən işlər, mədəniyyət və sənətin aliliyinə inam, dil, təhsil sahəsində qazanılan uğurlar sosial tərəqqidə daha böyük rol oynayıblar. Ona görə bu gün cəmiyyətimizdə “yaddaş işi”ni və rolunu, ədəbiyyat və sənət, məktəb və təhsil, mədəniyyət və milli-mənəvi dəyərlərə hörmət nümunəsini Heydər Əliyev Fondu yerinə yetirir. Bu, artıq dövlət və xalq qarşısında cavahdehlik hissidir, milli tarix və tale qarşısında qeyrət nümunəsidir, vətəndaşlıq borcunun bütün nəsillərə eyni miqyas və səviyyədə ötürülməsi hissinin aliliyindən doğan məziyyətdir.
Müstəqil Azərbaycan ulu öndərin şah əsəridir, əmanətidir və dövlətimizin inkişaf kursu məhz Heydər Əliyev ideyalarına əsaslanır. Ölkənin hüquqi cəhətdən ikinci rəhbər şəxsi olacaq insanının bu kursa sədaqəti həm də onun mütləq siyasi öhdəliyi olmalıdır. Mehriban xanım istər ictimai, istərsə də siyasi fəaliyyətində daim Heydər Əliyev amallarını yaşadır, doğruldur, təbliğ edir. Yarandığı gündən rəhbərlik etdiyi Heydər Əliyev Fondunu 20 il ərzində dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olan Mehriban Əliyeva ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edir, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirir. Dövlət quruculuğu prosesində müxtəlif layihələri, təklifləri, təşəbbüsləri ilə ümumi işin gedişinə böyük təkan verir. Ölkənin ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması isə həm də Mehriban xanımın bu missiyasına verilən yüksək qiymətdir.
Birinci vitse-prezident ölkənin ikinci şəxsi kimi yüksək təşkilatçılıq və idarəçilik keyfiyyətlərinə malik olmalıdır. Mehriban xanım indiyədək məsul olduğu bütün işlərdə peşəkarlıq, bacarıq nümayiş etdirib və onların hamısını uğurla yekunlaşdırıb. Əsas məqam odur ki, bu uğurlu nəticələri yalnız Azərbaycan ictimaiyyəti deyil, bütün dünya görüb. Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu ötən 20 il ərzində Azərbaycandan Avropaya, Asiyadan Afrikaya, Məkkədən Vatikana qədər böyük xeyriyyəçilik, humanist aksiyalar həyata keçirib. Mehriban xanım Bakıda dünyaca məşhur "Avroviziya" musiqi yarışmasının təşkilatçısı olmaqla bərabər, həm də dünyada ilk dəfə keçirilən I Avropa Oyunlarının hazırlığına rəhbərlik edib. Hər iki tədbir qısa müddətdə hazırlanıb, həmçinin öz möhtəşəmliyi ilə fərqlənib və öz yönümündə nümunəyə çevrilib. IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq prosesinə də rəhbərlik Mehriban xanıma həvalə edildiyindən bu mühüm beynəlxalq tədbirin ən yüksək səviyyədə baş tutacağı da bəlli idi. Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti, Mədəniyyət Fondunun rəhbəri kimi də uğurlu idarəçilik və təşkilatçılıq nümunəsi yaradıb.
Birinci vitse-prezident ölkənin əsas siyasi şəxslərindəndir və ondan mühüm siyasi qabiliyyət tələb olunur. Mehriban Əliyeva ölkənin tanınmış, nüfuzlu siyasi xadimidir. Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, 700 min üzvə malik Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ölkənin əsas siyasi funksionerlərindəndir.
Həmçinin üç çağırışda seçicilərinin 96,7 faizlik etimadını qazanan Mehriban xanım qadınların, gənclərin dövlət idarəçiliyində və xalqın təmsilçilik orqanlarında fəal iştirakının əsas təşəbbüskarıdır. Mehriban Əliyeva daim nümayiş etdirdiyi yüksək siyasi əxlaqla, vətən və millət maraqlarının daim öndə olma məramı ilə mükəmməl örnəyə çevrilib.
Birinci vitse-prezident ölkədə bütün siyasi qüvvələrin etimadını qazanmalı, onlarla fəal əməkdaşlıq yürütməlidir.Bu baxımdan Mehriban Əliyeva ən uğurlu nümunə göstərir. Onun ən mühüm keyfiyyətlərindən biri birləşdirici xüsusiyyətlərə malik olmasıdır. O, cəmiyyətdə hətta bir-birinə zidd siyasi qüvvələrin təmsilçiləri tərəfindən inanılan, rəğbət duyulan şəxsdir. Mehriban xanıma hər kəs güvənir, onun sözünə daim sahib çıxmasına heç kəs şübhə etmir. O, etibarlı insandır, səmimi tərəfdaşdır. Mehriban xanımın fəaliyyəti, əməlləri yüz minlərlə insanın Heydər Əliyev kursu və İlham Əliyev missiyası ətrafında birləşməsinə, səfərbər olmasına əsaslı təminat yaradır. Mehriban Əliyeva xalqın inam, etimad ünvanıdır
Artıq uzun illərdir ki, Mehriban Əliyevanın poçtuna ünvanlanan məktubların sayı dövlət başçısına göndərilən müraciətlərdən bir az geri qalır. Vətəndaşlar bilir ki, birinci xanıma göndərilən bütün məktublar diqqətlə oxunur və qısa müddətdə yardım göstərilir. İnsanlar öz çətin anlarında, problemlə üzləşdikləri vaxtda çəkinmədən Mehriban xanıma üz tutur və ondan gözlədikləri qayğını görürlər. Birinci vitse-prezidentin mənəvi vəzifələrindən biri də məhz bu inamı qazanmaqdır. Mehriban Əliyeva böyük humanizm, mərhəmət timsalıdır.Ölkənin birinci xanımı ən böyük mərhəmət ünvanlarından biri kimi qəbul olunur. Onun humanizmi nəticəsində valideyn himayəsindən məhrum qalmış minlərlə körpə ən müasir binalarda, ən yüksək səviyyədə yaşamaq, təhsil almaq şansı qazanıb. Onlar gənclik həyatına qədəm qoyanda yenə də məhz Mehriban xanımın sayəsində evlə və işlə təmin olunurlar.
Sağlamlıq imkanları məhdud minlərlə insanın həyata yenidən inteqrasiyası, on minlərlə məhbusun azadlığa qovuşması da Mehriban Əliyevanın təşəbbüslərinin real nəticələridir. Bir mühüm məqam da odur ki, ondan artıq xarici ölkədə təbii fəlakətə, həmçinin səfalətə, digər problemlərə məruz qalan insanlar üçün Mehriban xanımın xeyriyyəçiliyi ilə məktəb, xəstəxana, sosial infrastuktur tikilmiş, onların qayğılarına qalınmışdır.
Birinci vitse-prezidentin məsul vəzifələrindən biri də Azərbaycanı xaricdə layiqincə təmsil etməkdir. Bu işi, əslində, artıq uzun illərdlir ki, Mehriban Əliyeva uğurla həyata keçirir. Heydər Əliyev Fondunun rəhbəri kimi 30-dan artıq ölkədə “Azərbaycan günləri”nin təşkilatçısı olaraq dövlətimizin haqq səsinin beynəlxalq birlikdə yayılmasına böyük töhfə verir. UNESCO və ISESCO-nun üzvü kimi bu mötəbər qurumlar vasitəsilə Azərbaycanın layiqli təbliğatını aparır. Son üç çağırışda Milli Məclisin müxtəlif ölkələrlə dostluq qruplarının rəhbəri kimi uğurlu təmsilçilik fəaliyyəti göstərib. O, 20-dən artıq ölkənin və beynəlxalq təşkilatın ən ali mükafatları ilə təltif olunub. Mehriban Əliyeva Azərbaycanın böyük vətənpərvəridir.Mehriban Əliyevanın əsas xarakterik göstəricilərindən biri də onun yüksək vətənpərvərlik duyğusuna malik olmasıdır. Geniş profilli fəaliyyətinin əsas qayəsi məhz Azərbaycan dövlətinə və xalqına təmənnasız xidmət, milli maraqları daim uca tutmaqdır. Hər zaman Azərbaycan naminə yorulmadan çalışır, yüksək vətəndaşlıq nümunəsi göstərir. Biz Mehriban xanımı vətən uğrunda qurban getmiş şəhid ailələrinin, həmçinin qaçqın və məcburi köçkünlərin əsas dayağı kimi daim onların yanında görürük. Düşmənin atəş zərbəsi xəttində yerləşən məntəqələrdə həmvətənlərini qucaqlayan, onlara tənha olmadıqlarını anladan Mehriban xanım həm də mübarizlik rəmzi kimi qəbul olunur. Mehriban xanım böyük vətənpərvər kimi yeni nəslin maariflənməsinə, savadlanmasına böyük önəm verir, paytaxtdan ən ucqar kəndlərədək yüzlərlə yeni məktəbin tikilməsinə şərait yaratmaqla yüz minlərlə gəncin formalaşmasına mühüm töhfə verir. Azərbaycan muğamının, aşıq sənətinin və digər maddi-mənəvi abidələrimizin dünya inciləri kimi tanıdılması, zəngin mədəniyyətimizin təbliği, ölkəmizin haqq səsinin yayılmasına və qəbuluna yönəlmiş çoxsaylı layihələr böyük vətənpərvərlik missiyasının tərkib hissəsidir.
Prezident komandasının əsas üzvü kimi Birinci vitse-prezident öz rəhbərinə birmənalı sadiq olmalı, onunla siyasi-mənəvi vəhdət təşkil etməlidir. Artıq uzun illərdir ki, ictimaiyyət İlham Əliyevlə Mehriban xanımı bir ailənin mənsublarından daha çox məhz bir dövlətçilik ideyasının, ideoloji kursun vəhdətini təmin edən şəxslər kimi qəbul edir. Onlar vahid məramın, yekcins siyasi qayənin, böyük Heydər Əliyev yolunun ayrılmaz tərənnümçüləri, yekdil mövqenin ifadəçiləridir. İlham Əliyevin də qeyd etdiyi kimi, xalqın Mehriban xanıma olan etimadı ölkə rəhbərinə olan inamından az deyil və bu, əslində, Prezidentə lazımlıdır. Yəni onlar vahid tam olaraq Azərbaycana xidmət edirlər və Azərbaycan xalqı da onları vahid tam kimi ən qüdrətli şəxsiyyətləri, ən böyük xeyirxahları, ən doğma dostları kimi tanıyır.
Mehriban Əliyeva bütün həyatı boyu Azərbaycan naminə çalışıb, fəaliyyət göstərdiyi bütün sahələrdə vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası yürüdüb. Bu missiya indi yeni mərhələyə qədəm qoyur.
Hörmətli Mehriban xanım, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və bütün işlərinizdə uğurlar diləyirəm.

Seymur Məmmədov,
Sumqayıt Bulvar MMC-nin baş direktoru
Reytinq: