Heqiqet.Az » sosial » Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı


Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı

8-11-2024, 15:57
Çap et
Ulu Öndərin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi qələbə, zəfər müjdəsi ilə bu siyasəti uğurla davam etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Bu qələbə elə bir siyasətin nəticəsidir ki, təkcə ordunun gücünə qazanılan zəfər deyildi. Çünki Azərbaycanla üz-üzə dayanan yalnız Ermənistan, onun ordusu və lobbisi deyildi. Azərbaycanla qarşı-qarşıya dayanan çox böyük qüvvələr və ölkələr, siyasətlər vardı. Qazanılan zəfərdən sonra da biz onların havadarlarının verdiyi bəyanatların, mənfur qonşularımıza göstərdikləri təəssübkeşliyin şahidi olduq. Bunun üçün də Azərbaycanın ikinci bir orduya, gücə ehtiyacı var idi. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev idi. 44 gün ərzində xalqımız ölkə rəhbərinin dünyanın aparıcı informasiya vasitələrinə, televiziyalarına qətiyyət və əzmkarlıqla verdiyi müsahibələrinin şahidi oldu. Ölkə Prezidentinin bu müsahibələrdə verdiyi bəyanatlar Ermənistana, onun arxasında dayanan qüvvələrə qarşı yönəlmişdi. Bu bəyanatların hər birində qətiyyət, əzm, böyük iradə vardı.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı elan etdiyi Şuşanın işğaldan azad olunması müjdəsi xalqımıza böyük sevinc, qürur və fəxarət hissi bəxş etdi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Bir sözlə, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində qazanılan bu zəfər millətimizin əbədi iftixarıdır. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi. Bütün dünya Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmadığının və öz amalına qovuşduğunun şahidi oldu.
Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi çətinliklər, xaos ölkəmizin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Digər tərəfdən, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması riski ilə üz-üzə qoymuşdu. Artıq bu reallıq özünü daha çox göstərməyə başlaması ilə yanaşı, ölkədaxili siyasi hərc-mərcliklərin kəskinləşməsi dövlətçiliyimizin əsaslarını laxlatmağa başlamışdı.
Məhz belə bir gərgin və böhranlı vəziyyətdə xalq öz doğru seçimini və qərarını verdi. Ümummilli Lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu Öndər siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Ümummili Lider Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.

Mehdiyev Elmeddin Cemil oglu,
Nəsimi Rayon Baş Mühafizə İdarəsinin polis serjanti
Reytinq: