Heqiqet.Az » siyaset » Azərbaycançılıq ideologiyası, dünən, bugün, sabah


Azərbaycançılıq ideologiyası, dünən, bugün, sabah

27-03-2025, 17:21
Çap et
Azərbaycançılıq ideologiyası, dünən, bugün, sabahƏliyev Məsum Kamal oğlu,
Kürdəmir rayon Karlar Ailə Sağlamlıq Mərkəzinin
bölmə müdiri

Azərbaycançılıq ideologiyası, müasir Azərbaycan dövlətinin hakim ideologiyasıdır. Qədim tarixə malikdir. Tarixin müxtəlif dönəmlərində basqılara məruz qalmışdır. Əslində, bu, məfkurə Azərbaycanın, odlar yurdunun dövlətçiliyi ilə üst-üstə düşür. Bu da eramızdan əvvəl IV minilliyin sonuna Manna, Midiya dövlətlərinin təşəkkül tapdığı vaxta təsadüf edir.
Qədim azərbaycanlıların müqəddəs saydığı “Avesta” kitabı məhz bu dövrdə yazılmışdır. Bu əsərdə qədim azərbaycanlıların dini, əxlaqi, ictimai, siyasi, fəlsəfi görüşlərinin bir sıra cəhətləri bədii şəkildə əks etdirilmişdir. Cismani aləmdə, işıqla-qaranlıq, üzvi həyatda ölümlə-həyat, mənəvi aləmdə xeyirlə-şər, ictimai həyatda ədalətlə-zülm daimi mübarizədə təsvir olunur. Xeyr fikir, xeyir söz, xeyir əməl təbliğ olunmaqla zərdüştiliyin əsası qoyulur.
“Avesta”da bəşər tarixi üç epoxaya bölünür. Bunlardan birincisi bəşəriyyətin keçmiş qızıl dövrüdür. O vaxt şər, ölüm, xəstəlik, qaranlıq yox idi. İkinci dövr Zərdüşdün yaşadığı dövrdür. Burada xeyirlə şər mübarizə aparır. Üçüncü dövr xeyrin şər üzərində qəti qələbəsindən sonra başlayacaq. İbtidai, sadəlöv şəkildə olsa da Avesta bəşərin inkişaf yolunu düz görür. Bu bölgü əslində hal-hazırda da aktuallıq kəsb edir.
“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixi qəhrəmanlıq keçmişini əks etdirən möhtəşəm sənət əsəridir. 12 boydan ibarət olan bu epopeya Oğuz tayfalarının bədii zövqünü, adət ənəsini, mənəvi-ruhi aləmini, alp-ərənlik həyatını öyrənmək üçün qiymətli xəzinədir. “Kitabi-Dədə Qorqud” bizə çatanki əlyazması XIV-XV əsrlərdə yazılmışdır. Bu nüsxələr Vatikan və Drezden müzeylərində saxlanılır.
XIV-cü əsr tarixçisi Rəşidəddin Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu göstərmiş, onun Məhəmməd peyğəmbərin zamanında yaşadığını və peyğəmbərlərin qəbulunda olduğunu, İslam dinini qəbul etdiyini qeyd edir. “Kitab-Dədə Qorqud”da Dədə Qorqudun Rəsul əleyhissəlam zamanında Bayat boyundan olduğu göstərilir.
XI-XII əsrlər Azərbaycanın ictimai fikir tarixində, elm-mədəniyyət sahəsində “qızıl dövr” hesab olunur. Ədəbiyyat və ədəbiyyatşünaslıq bu dövr Yaxın və Orta Şərq, Azərbaycan intibahı şəraitində yüksək inkişaf səviyyəsinə çatır.
Humanizm, tarixçilik, demokratizm, həqiqətçilik, ağlı, tərcürübəni hər sahədə əsas meyar götürmək keyfiyyətləri bu dövr sənətkarları üçün xarakterikdir. Yaxın Orta Şərq Azərbaycan intibah dünya görüşünün ən parlaq təzahürləri Xətib Təbrizinin zəngin elmi irsi və əsərlərində bariz şəkildə görünür. Keçmiş irsə dərin maraq göstərəmək, onu ağlın mühakimənin yolu ilə aydınlaşdırmağa çalışmaq, yeni dövrün əbədi uğurlarını dərin elmi təhlilə cəlb etmək, zəmanəsi və bütün zamanlar üçün ən dolğun, qabaqçıl düşüncələrlə çıxış etmək onun irsində intibah dövrünə məxsus bir dünya görüşün ifadəsidir.
XII əsrdə Azərbaycanın şimalında Şirvanşahlar, cənubunda Eldənizlər dövlətinin güclənməsi, ticarətin, şəhərlərin gur inkişafını, elmin, incəsənətin, ədəbiyyatın xüsusən poeziyanın inkişafına səbəb olmaqla, iqtisadi inkişafı qabaqladı. Məhsəti Xəqani və Nizaminin poeziyası xalqımızın iqtisadi, ictimai, mədəni inkişafının təcəssümü və ifadəsi oldu. XII əsrin II yarısında Azərbaycanın ictimai, siyasi, fəlsəfi fikir tarixi, dünyagörüşü Nizami Gəncəvinin yaradıcılığında özünün ən yüksək mərhələsinə qədəm qoyur.
Şərqin və Qərbin qədim mədəniyyətinə, yeni Müsəlman Şərqin elm və incəsənətinə əsaslanan Nizami ağlın girdabı ilə sənətin zirvəsi arasında vəhdət yaratmağa nail olur. Sevgilisini aləmin qibləsi, asimanı səcdəyə gətirən bir insan kimi təqdim edən, onu səcdəgahlara qarşı qoyan Nizami, əslində insan gözəlliyinə vurulduğunu bildirir, onu şad yaşamağa çağırır, ömrün qısa olduğunu xatırladır, bu qısa ömrü sevinc içərisində keçirməyi məsləhət bilir.
Xalq və hökmdar problemi Nizami yaradcılığında əsas yerlərdən birini tutur. Bəziləri belə hesab edirlər ki, Nizaminin məqsədi ədalətli hökmdar yaratmaq imiş. Yanlış yanaşmadır. Nizami dühasının böyüklüyü ondadır ki, o, xalqla hökmdar arasındakı münasibətlərin kölgəli cəhətlərini qorxmadan cəsarətlə açıb göstərə bilir, onların səhvlərini üzlərinə deməkdən çəkinmir. İbrətləndirmək, qorxutmaq, öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa, sülhə istiqamətləndirir.
Əsərlərində şahların ədalətini təsvir etmək Nizami üçün az əhəmiyyətlidir. Dövrünün hökmdarlarını isə xəcalətləndirmək, utandırmaq, həvəsləndirmək, ağıllandırmaq yolu ilə ədalətə yönəltmək, onların ədalətli olmasına nail olmaq şairin böyük ədəbi irsinin əsas qayələrindən birini təşkil edir.
Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsində 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin müstəsna xidmətləri olmuşdur. O dövrün demokratik prinsiplərinə əməl olunaraq bütün Şərqdə ilk dəfə demokratik parlament yaradılır. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüquq verən ilk dövlət olur. Hökumət parlamentin yaradılması qərarını verərkən, Azərbaycan hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmasını təmin edir. Hər 24 min nəfər əhali sayına bir deputat olmaqla, əhali sayına uyğun 21 erməni, 10 rus, 1 yəhudi, 1 alman, 1 polyak, 1 gürcü, digərləri müsəlman olmaqla 120 nəfərdən ibarət 11 fraksiyalı bir parlament formalaşdırılır.
Azərbaycan Xalq Cümhuriyyətin parlamenti fəaliyyət göstərdiyi 17 ay ərzində 270-dən artıq qanun layihələsini müzakirə etmiş, 230-dan artıq qanun qəbul etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsində məzhəbidən, cinsindən, milliyyətindən, sinfindən, sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hüdudları daxilində yaşayan bütün fərdlərə vətəndaşlıq hüququ, siyasi azadlıq verildi. Adət ənələrin, mədəniyyətlərin inkişafı təsbit olundu. 28 aprel 1920-ci ildə Rusiyanın işğalı ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyəti süqut edir.
Sovet dönəmində azərbaycançılıq ideologiyasının daşıyıcıları 1920-ci ilin sonlarından 1953-cü ilə qədər repressiyalara məruz qalmışdır. Bu siyahıda partiya və dövlət xadimləri, yazıçılar, şairlər, mühəndislər, mədəniyyət və incəsənət xadimləri və rejissorlar, aktyorlar, bir sözlə, xalqı düşünən elektorat daxil idi. Ən böyük repressiya dalğası 1936-1938-ci illəri əhatə edir. Xalqın düşünən beyinlərinə pantürkist, panislamist, xalq düşməni, vətənə xəyanət damğası vurularaq “Fövqəladə üçlük” tərəfindən 15-20 dəq mühakimə olunub, ən yüksək cəzaya məhkum olunurdu. Təkcə 1936-1938-ci illər ərzində 25.222 insan repressiya qurbanı olmuşdu. Repressiyaya məruz qalanların ailə üzvləri, yaxın qohumları ölkənin şimal rayonlarına, Orta Asiyaya sürgün edilmişdilər.
1920-ci il aprel işğalından sonra ilk hökumətin tərkibinə daxil olmuş R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, M.D.Hüseynov və başqa keçmiş partiya elitası dalğa xəyanətdə, əksinqilabi cəsusluq fəaliyyətində təksirləndirilib güllələndilər. Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndələri H.Cavid, M.Müşviq, Ə.Cavad, T.Şahbazi, Y.V.Çəmənzəmənli, Ə.Razi, S.Mümtaz, Cəfər Cabarlı, Almas İldırım, Bəkir Çobanzadə ilk repressiya qurbanlarındandır.
Repressiya qurbanları arasında ölkə iqtisadiyyatının aparıcı sahələrinə rəhbərlik etmiş İ.Zeynalıv, A.Serebrovski, A.Barinov, P.Qulbis, A.Stutski var idi. Azərbaycan səhnəsinin aparıcı aktyorları Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə həmçinin repressiya qurbanı oldular. Sovet dönəmində Azərbaycanlılara və azərbaycançılıq ideologiyasına basqınlar təkcə repressiyalarla bitmir. Azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyaları diqqəti çəkir. 1947-ci ilin payızında Ermənistan SSR Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutyunov xaricdəki ermənilərin öz vətənlərinə gəlməsi məsələsini qaldıraraq İ.Stalinə müraciət edir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 4083 nömrəli fərmanına əsasən 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan yüz min azərbaycanlının Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi qərara alınır.
1948-1953-cü illər ərzində Ermənistan SSR-dən Kür-Araz ovalığına 53 min nəfər, 11 min 914 təsərrüfat köçürülmüşdü. Azərbaycanlılar tarixi torpaqlarının bir hissəsindən digər hissəsinə köçürülsə də bu proses əsl deportasiya idi. Çünki köçürülənlərin iradəsi və istəyinin əleyhinə həyata keçirilmişdi. Köçürülmə zamanı insanlar ağır məhrumiyyətlərlə üzləşmiş, bir qismi həyatını itirmişdi.
Deportasiyaların növbəti dalğası 1988-ci ilə təsadüf edir. 23 noyabr 1988-ci ildən 1 dekabr 1988-ci il tarixə kimi Ermənistan SSR-nin İrəvan şəhəri də daxil olmaqla 165 kənd və digər yaşayış məntəqələrindən 253 min azərbaycanlı deportasiya olundu. Onlara məxsus 31 min ev və şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfat talan olunub. Deportasiya zamanı 214 nəfər öldürülmüş, 1154 nəfər yaralanmışdı. Deportasiya prosesi 1991-ci ilə qədər davam etmiş, nəticədə 300 minə yaxın azərbaycanlı tarixi-etnik torpaqlarından məhrum edilmişdir. Azərbaycanlılara məxsus tarixi mədəniyyət abidələri məhv edilmiş, 500-ə yaxın qəbirstanlıq yer üzündən silinmişdir.
1991-ci il müstəqil Azərbaycan dövlətinin qurulması ilə azərbaycançılıq ideologiyasının inkişafında yeni çiçəklənmə dövrü başlayır. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dövləti özünü azərbaycanlı sayan hər bir nəfərin Vətənidir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev azərbaycanlıları nəzərdə tutaraq demişdir: “Bizim hamımızın bir Vətəni vardır. Bu da müstəqil Azərbaycan Respublikasıdır. Azərbaycançılıq millətçilikdən uzaq, əslində, ümum-bəşəri dəyərləri özündə etiva edən, tolerant cəmiyyət yaradan ideologiyadır. Bu ideologiya dinindən, dilindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq böyük insan qruplarını birləşdirir. Bu ideologiya insanları onların əzəli və əbədi məskəni olan torpağa, vətənə bağlayır. Bu ideologiya multikulturalist yönümlü olduğu üçün böyük perspektivə malikdir. Azərbaycan dövləti inkişaf etdikcə, onun hakim ideologiyası olan azərbaycançılıq da inkişaf edəcək, beynəlxalq ələmdə nümunə olacaq səviyyəyə çatacaqdır.

26 mart 2025-ci il
Reytinq: