Heqiqet.Az » tehsil » Aprel döyüşlərinin böyük tarixi əhəmiyyəti oldu


Aprel döyüşlərinin böyük tarixi əhəmiyyəti oldu

4-04-2025, 23:15
Çap et
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından etibarən Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildi və qəti cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirildi, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.
Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans bu ölkənin siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və sair faktlar buna əyani sübutdur.
Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar oldu, yaşayış məntəqələrimizə böyük ziyan dəydi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görüldü, orden və medallarla təltif edildi.
Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

Babayeva Gülnarə Vəli qızı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Analitik və üzvi kimya kafedrası,
dosent


3 aprel 2025-ci il


Reytinq: