Heqiqet.Az » tehsil » Aprel döyüşləri Ermənistanın öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mifi darmadağın etdi


Aprel döyüşləri Ermənistanın öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mifi darmadağın etdi

5-04-2025, 20:56
Çap et
Aprel döyüşləri  Ermənistanın öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mifi darmadağın etdi Bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq
Azərbaycan Ordusunun 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşlərindən 9 il ötür.
Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edildi, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Parlaq tarixi qələbələrimizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi.
Aprel döyüşləri erməni mütəxəssisləri tərəfindən də geniş müzakirə edilir. Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyir ki, Aprel döyüşündən sonra erməni tərəfinin məğlub olması ilə bağlı fikirlər səsləndi. Ancaq indi, 2020-ci ilin payız müharibəsindən sonra məğlubiyyətin nə olduğu və necə baş verdiyi aydınlaşdı. Bundan başqa, indi məlum oldu ki, Azərbaycanın Aprel müharibəsində əsas məqsədi Ermənistan ordusunun müdafiə qabiliyyətini yoxlamaqdan ibarət imiş. Onun sözlərinə görə, Er-mənistan tərəfi üçün bu, iki nöqtədə lokal əməliyyat idi: “Uzaq cənubda (Lələtəpə) və uzaq şimalda (Talış). Siz buna müharibə deyə bilməzsiniz, bu, yerli toqquşma və kəşfiyyat xarakterli döyüş, böyük hərbi eskalasiya idi”. A.İskəndəryan əsl müharibənin 2020-ci ildə olduğunu vurğulayır. Onun fikrincə, Azərbaycanın 2020-ci ildə qarşısına qoyduğu hədəflər 2016-cı ildəkindən fərqlənirdi. 2016-cı ilin Aprel döyüşündən sonra növbəti müharibədə dronların böyük rol oynayacağı aydınlaşmışdı. Sonradan məlum oldu ki, Ermənistan Aprel döyüşlərindən dərs götürmədi.
Erməni ekspert məğlubiyyətin səbəblərini də açıqlayır. Onun sözlərinə görə, ermənilər hələ də düşünürdülər ki, həmişə belə olacaq, yəni, azərbaycanlıların istənilən təzyiqinə tab gətirə biləcəklər. Bundan başqa, ermənilər əmin idilər ki, siyasi yolla məsələni kifayət qədər uzun müddətə yubatmaq olar. Amma göründüyü kimi, siyasi faktorlar işləmədi. A.İskəndəryanın sözlərinə görə, rəsmi İrəvan yeni döyüş standartlarını kifayət qədər qiymətləndirmədi. Erməni ekspert səbəblərin sırasına Ermənistandakı daxili siyasi böhranı da əlavə edir.
Erməni hərbi ekspert Hayk Xaçikyanın fikrincə, 2020-ci ildəki müharibədən sonra əminliklə demək olar ki, Aprel döyüşləri daha böyük müharibənin başlanğıcı oldu: “Ermənistanda da Aprel döyüşlərindən sonra başa düşdülər ki, düşmən bununla məhdud-laşmayacaq. Onun sözlərinə, Aprel döyüşləri 2020-ci ilin payız müharibəsi ilə müqayisədə miqyasına görə daha kiçik idi. Amma Aprel döyüşlərindən sonra Azərbaycan hərbi rəhbərliyi öz taktikasında dəyişikliklər etdi.
Bu döyüşlər həm də gələcək qalibiyyətimizin müjdəsi kimi tarixə düşdü. Təbii ki, İkinci Qarabağ müharibəsindən sonra Aprel döyüşləri başqa məna kəsb edirdi. Bəs Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış bu döyüşlərin əhəmiyyəti nədə idi? “Aprel döyüşləri” nəyi dəyişdi, nəyi öncədən müəyyənləşdirdi?
Düşmən Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ilk dəfə olaraq, Azərbaycan Ordusunun gücünü hiss etdi. Bundan başqa, 2016-cı ilə qədər Azərbaycan faktoru Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı”nın mövqelərini gücləndirirdi. Ermənistan cəmiyyət hesab edirdi ki, onları Azərbaycanın qisasından qoruya biləcək insanlar məhz Serj Sarkisyan komandasıdır. İşğalçı ölkədə belə bir mif dolaşırdı. Amma 2016-cı ilin baş vermiş Aprel döyüşlərindən sonra bu mif darmadağın oldu. Hərbi meydanda məğlubiyyət sonda Ermənistanda Nikol Paşinyan komandasının hakimiyyətə gəlməsinə şərait yaratdı.
Aprel döyüşlərindən dərs çıxarmayan düşmən yenidən öz çirkin niyyətlərini həyata keçirir, müxtəlif istiqamətlərdə təxribatlara əl atırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlar törətməsinə, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu və bütün şəhidlərimizin qisası alındı, öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın qayıdışı Böyük Qələbənin tacı oldu.

Kəmalə Osman qızı İskəndərova,
ADPU-nun Kimya və bioilogiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent


4 aprel 2025-ci il
Reytinq: