» » Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olub


Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olub

17-12-2015, 12:25
Çap et
Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olub Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.
Konsertdə Stiven Siqal və onu müşayiət edən qrup blüz musiqi proqramını təqdim edib. Konsertin maraqlı məqamlarından biri Hollivud ulduzunun səhnəni “Natiq” ritm qrupu ilə paylaşması olub.
Stivenin anası “onun musiqisini dünya eşitməlidir” deyəndən sonra Siqal ilk albomunu buraxıb. 2005-ci ildə işıq üzü görən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında ən çox satılan albomlardan olub və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirib. 2006-cı ildə daha bir musiqi albomu - “Mojo Priest” təqdim olunub. Musiqişünaslar tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan “Mojo Priest” təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzün əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi sənətkarların musiqisini də özündə birləşdirir.
1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və 1988-ci ildə “Qanundan yüksəkdə” adlı ilk filmində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor “Mühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında” və digər filmlərdə rol alıb. Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.
Bu il sentyabrın 21-də Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin Auditorium zalına heyran qalmış və burada konsert vermək arzusunu bildirmişdi.Bir saatdan artıq davam edən konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə tamaşaçıların qarşısına çıxıb.

Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olubHeydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olub
Reytinq: