Heqiqet.Az » hadise » Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib Böyüt


Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib Böyüt

17-06-2016, 18:35
Çap et
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib  Böyüt Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kamran Əliyev ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, idarədə sürücü kimi işləyib və Rəşad Məmmədovu ilk dəfə məhkəmədə görür.
Xuraman Qasımova adlı şahid isə ifadəsində bildirib ki, Rəşad Məmmədov onun bacısının kürəkənidir. O, kompleksdə baş mühasib kimi işlədiyini deyib: “Maaşım əvvəllər 640 manat, sonra 750 manat olub. Əmək haqqımı kartla almışam. Lakin tabelə qol çəkməmişəm. Çünki mənə qol çək deməmişdirlər”.
Daha sonra prosesdə şahid qismində Roza Vəliyeva ifadə verib. Şahid kompleksin beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, daha sonra mətbuat katibi işlədiyini deyib. Maksim İslamov adlı şahid isə Rəşad Məmmədovun sürücüsü olduğunu, 200-300 manat civarında maaş aldığını deyib.
Azər Əsgərov adlı şəxs isə Rəşad Məmmədovun qayını olduğunu deyib. Bildirib ki, ərazidə gedən tikinti işlərinə nəzarət edib. Daha sonra prosesdə Elza Zamanova, Seymur Hacıyev, Kəmalə Xalıqova, Almaz Hacıyeva, Tofiq Ağayev və digər şahidlər ifadə veriblər. Onlar istintaq zamanı verdikləri ifadələri təsdiq ediblər.
İclasda R. Məmmədovun və İ. İsfəndiyarovun vəkilləri onların barələrində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.
Proses iyunun 20-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.
Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Reytinq: