Heqiqet.Az » musahibe » GƏNC AKTYOR ALLAHIN ÜMİDİNƏ QALIB


GƏNC AKTYOR ALLAHIN ÜMİDİNƏ QALIB

23-06-2016, 11:45
Çap et
GƏNC AKTYOR ALLAHIN ÜMİDİNƏ QALIB Rəhim Rəhimov: “Ailə üzvlərimin hər biri yoxlanılıb. Təəssüf ki, heç biri donor ola bilməz”

“Təkcə atam böyrəyini mənə verə bilər. O da bir zamanlar ağır xəstəlik keçirib”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində ciddi problemlər yaranıb. Aktyor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.
Gənc aktyorun səhhəti ilə maraqlanmağa çalışdıq. Rəhim Rəhimov səhhəti ilə bağlı açıqlama verdi. Böyrəklərində yaranan problemlə bağlı bir müddət əvvəl xəstəxanada müalicə olunub. Həkimlər aktyora böyrək çatışmazlığı diaqnozu qoyublar.
R.Rəhimov bildirib ki, xəstəxanada müalicə almasına baxmayaraq, vəziyyəti yenidən ağırlaşıb.
- Rəhim, indi özünüzü necə hiss edirsiz?
- Bir müddət vəziyyətim çox pis oldu. Müalicə aldım. Həkimlər deyir ki, mütləq əməliyyat olunmalıyam. Xəstəxanadan çıxdıqdan sonra da müalicəm davam edir. Sonuncu həkim müayinəsi zamanı məlum oldu ki, böyrəklərimin fəaliyyəti 29 faizə düşüb. Bir ay əvvəl bu göstərici 35 faiz idi. Günü-gündən böyrəklərimin fəaliyyəti zəifləyir. Həkimlər deyirlər ki, dializə girmədən təcili böyrək köçürülmə əməliyyatı aparılmalıdır. Bu əməliyyat isə xeyli pul tələb edir.
- Təxminən nə qədər pul lazımdı ki, əməliyyat oluna biləsiz?
- Əməliyyat üçün 15 min manat pul tələb olunur. Amma mənim donor problemim də var. Qohumlarım, anamgil böyrək köçürülməsi üçün, donor olaraq analizlər veriblər. Görək qohumlarımdan, doğmalarımdan kimin böyrəyi mənim donorum üçün uyğun ola bilər. Böyrək donoru çox bahadı. Ona görə də yaxınlarımdan uyğun donor olsa, 15 min manat əməliyyat üçün lazım olacaq. Heç bilmirəm necə olacaq. Ailə üzvlərimin hər biri yoxlanılıb. Təəssüf ki, heç biri donor ola bilməz. Təkcə atam böyrəyini mənə verə bilər. O da bir zamanlar ağır xəstəlik keçirib. Ona görə də atamın böyrəyinin mənə köçürülməsi mümkün deyil. Allahın ümidinə qalmışam.
- Bəs xəstəliyinlə bağlı harasa yardım üçün müraciət etmisən?
- Düzü, əvvəl xəstəliyim barədə biləndə utandım deyim. Heç kimə heç nə demirdim. Amma yaxın dostlarım bildilər ki, mənim belə ciddi bir problemim yaranıb. Dedilər ki, xəstəlik sabah
çoxaldıqda onun çarəsi mümkün olmayacaq. Ona görə də məndən xəbərsiz sosial şəbəkədə paylaşım ediblər. Sağ olsunlar. Sosial şəbəkələrdə, saytlarda, mətbuatda məlumatlar yayıldıqdan sonra maraqlananlar oldu. Mətbuat bir neçə gündü məndən yazır. Mən özümü artıq çarəsiz hiss etməyə başlamışdım. Amma o yazılar, gələn telefon zənglərindən sonra bir az toxtaqlıq tapdım. Nə yaxşı ki, insanlarda hələ də mərhəmət hissi qalıb. Ümidsiz qalmışdım. Gələn zənglər, mətbuatın mənə dəstəyi bir az da olsa, içimdə inam yaradıb. İnşallah ki, bu sınaqdan çıxa bilərəm.
Elə dostlarımın məsləhəti ilə Heydər Əliyev Fonduna, Mehriban xanıma məktubla müracət etdim bu gün. İnşallah, müsbət cavab ala bilərəm. Deyirlər, xaricdə müalicə də alanlar olub ki, sağalıb. Hələ 29 faizdi böyrəyin özünü tənzimləməsi. Günü-gündən də aşağı düşür. Ümidim isə ancaq Mehriban xanımadı. Ondan başqa kömək üçün inanıb, müraciət edə biləcəyim insan yoxdu. İnşallah, məktubuma müsbət cavab verilər. Bilirəm ki, bu gün fonda məktubla müraciət edən çoxdu. Demək olar çoxuna da kömək edilib. İnşallah, mənim də açdığım əli ümidsiz qoymayacaqlar.
- Neçə övladın var?
- İki övladım var. İnanın, 2 oğluma görə narahatam. Öz quru canım olsa, bəlkə də xəstəliyimlə barışardım. Amma övladlarımın sabahını düşünəndə bilmirəm neyləyim? Çox həssas adamam. Hər şeyi tez ürəyimə salıram. Çarəsiz qalmışam. İki oğlum var, onların atasız qaldığını düşünəndə inanın ağlamaq istəyirəm.
- Teatrdan dəstək varmı?
- Bəli, çalışdığım teatrdan dəstək görürəm. Həm maddi, həm mənəvi baxımdan, imkan qədər dəstək olublar. Teatrın direktoru da demək olar hər gün mənim səhhətimlə maraqlanır. Sağ olsun hər kəs. Rəşad müəllim mənimlə hər gün maraqlanır. Amma əməliyyat üçün tələb olunan məbləğ onların gücü daxilində deyil. Amma yenə də müalicə üçün dəstək olurlar. Deyirəm bəlkə xarici ölkədə müalicə olunsam, böyrəyimin funksiyası bərpa olunar, heç əməliyyata ehtiyac qalmaz. Bir də deyirəm, mən 2 ay səhhətimdə olan problemi gizlətdim. Dostlar biləndən sonra bunu mətbuatda açıqladılar. Mətbuatda məlumat yer alandan sonra mənimlə maraqlanan çox oldu. Əvvəllər televiziya aparıcısı olan, hazırda "Azəryol”da çalışan Anar Nəcəfli mənimlə əlaqə yaratdı. O da kömək imkanları daxilində kömək edəcəklərini bildirdi. Yəqin ki, bilirsiz, biz Xəzər TV-də bir yerdə işləmişik. O aparıcı kimi çalışırdı, mən dublyajda çalışırdım. Yenə deyirəm, mənimlə maraqlanan hər kəsə minnətdaram.
- Hazırda işə gedə bilirsən?
- Hazırda işə gedirəm. İşdə olanda özümü daha yaxşı hiss edirəm. Ən azı fikrim dağılır, işdə mənə mənəvi dəstək olurlar. İşə getməsəydim bəlkə fikirdən ürəyim dayanmışdı. İnsan özünə qarşı diqqət görəndə güclü olur, inamı artır.
Xatırladaq ki, Rəhim Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşaların rejissoru fakültəsinə daxil olub. 2001-ci ildə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir.

Tahirə Məmmədqızı
Reytinq: