» » Qaxda xırdabuynuzlu heyvanların tələf olma səbəbləri


Qaxda xırdabuynuzlu heyvanların tələf olma səbəbləri

4-08-2016, 13:15
Çap et
Qaxda xırdabuynuzlu heyvanların tələf olma səbəbləri Qax rayonunun Fısdıqlı kəndində xırdabuynuzlu heyvanların tələf olması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları adı çəkilən kənddə və ona qonşu kəndlərdə, eləcə də Qax rayonunun digər ərazilərində araşdırmalar aparıblar.
Nazirliyin Mətbuat katibliyindən verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar zamanı yalnız Fısdıqlı kəndində Valeh Qurbanova məxsus təsərrüfatda bir neçə baş xırdabuynuzlu heyvanın tələf olması müəyyən edilib. Qax rayonunun digər kənd və qəsəbələrində isə heyvanlar arasında heç bir narahatçılıq qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, baytarlıq mütəxəssisləri tələfat qeydə alınan təsərrüfatda heyvanlarda patoloji yarma aparmış və həmin heyvanların iti fassilyozdan tələf olmasını müəyyən ediblər. Həmçinin heyvanlardan götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunmuş və heyvanların iti fassilyoz (qurd) xəstəliyindən tələf olması öz təsdiqini tapıb.
Tələf olmuş heyvanlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və xəstəlik qeydə alınan həyətdə baytarlıq-sanitariya qaydalarına uyğun dezinfeksiya işləri aparılıb. Xidmət əməkdaşları aparılan tədbirlər çərçivəsində təsərrüfat sahibləri ilə baytarlıq mütəxəssislərinin görüşü keçirilib, onlara müəyyən baytarlıq məsləhətləri verilib. Təsərrüfat sahibinin diqqətinə çatdırılıb ki, baytarlıq resepti əsasında iti fassilyoz-qurd xəstəliyinə qarşı sahibkarın öz hesabına dərman preparatları alınsın və baytarlıq mütəxəssisinin nəzarəti altında heyvana tətbiq edilsin.
Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.
Reytinq: