Heqiqet.Az » sosial » Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Bolqarıstanda səfərdə olub


Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Bolqarıstanda səfərdə olub

13-10-2016, 10:55
Çap et
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Bolqarıstanda səfərdə olub Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bolqarıstanın ətraf mühit və su naziri İvelina Vasilevanın dəvəti əsasında Sofiyaya səfər edib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir bolqarıstanlı həmkarı İ.Vasileva, Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstanın Antarktida İnstitutunun rəhbəri, professor Hristo Pimpirev ilə görüşlər keçirib. H.Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Sofiya Tullantıların idarə olunması zavoduna baş çəkib.
Görüşdə nazirlər ətraf mühit sahəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanları, qurumlararası işçi qrupunun yaradılması, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təcrübə və ekspertlər mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Bioloji müxtəlifliyin qorunması, tullantıların və suların idarə olunması, iqlim dəyişikliyi və s. sahələr qarşılıqlı maraq doğuran sahələr olaraq müəyyən edilib. Görüşdə həmçinin ətraf mühit sahəsində çoxtərəfli sazişlər (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC), UNESCO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Beynəlxalq Konvensiyası (Ramsar Konvensiyası), BMT-nin Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası) çərçivəsində əməkdaşlıq məsələləri üzrə müzakirələr aparılıb.
Professor H.Pimpirev ilə keçirilən görüşdə tərəflər ölkələr arasında əməkdaşlıq imkanları, tələbə mübadiləsi və Azərbaycan alimlərinin Bolqarıstanın Antarktidada fəaliyyət göstərən stansiyasına (bazasına) göndərilməsi məsələlərini müzakirə ediblər.
Sofiya şəhərinin meri Y.Fandıkova ilə görüşdə mer Sofiyada həyata keçirilən “yaşıllaşdırma” layihələri, Aİ tərəfindən maliyyələşdirilən “Ətraf mühit” Operativ Proqramı, eləcə də Sofiyada fəaliyyət göstərən Tullantıların idarə olunması zavodu barədə məlumat verib. Tərəflər həmçinin ətraf mühit və mədəni irs sahəsində təcrübə və innovativ ideyalar mübadiləsi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Bolqarıstanın ətraf mühit və su naziri İ.Vasileva tərəflər ötən il noyabr ayında Bakıda keçirilən “Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda 6-cı Beynəlxalq Ətraf Mühit sərgisində (CTE-2015) iştirak etmək məqsədilə ölkəmizə səfər edib və səfər çərçivəsində nazirliklər arasında iki illik əməkdaşlıq proqramı imzalanıb.
Reytinq: