» » Üç rayonda ekoloji pozuntu aşkarlanıb


Üç rayonda ekoloji pozuntu aşkarlanıb

1-11-2016, 18:03
Çap et
Üç rayonda ekoloji pozuntu aşkarlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xaçmaz, Şabran və Siyəzən rayonlarında sahil zolağının ekoloji vəziyyəti ilə bağlı monitorinq keçirib.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, Xaçmaz rayonunda formalaşan tullantı suları əsasən təbii axarlar vasitəsilə Xəzər dənizinə axıdılır: “Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axar Qudyalçaydır. Rayon ərazisində çayın çirklənməsinin əsas səbəbləri Bioloji Təmizləyici Qurğunun (BTQ) istismara yararsız vəziyyətdə olması və nəticədə Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulması, çayın sahil xətti boyunca yerləşən yaşayış məntəqələrində və Xaçmaz şəhərində formalaşan tullantı suların təmizlənmədən sözügedən təbii axara axıdılmasıdır. Xaçmaz rayonunda formalaşan bərk və məişət tullantılarının idarə edilməsi qeyri-qənaətbəxşdir. Analoji hal rayonun istirahət sahələrini əhatə edən Nabran və Müqtədir ərazilərində də qeydə alınıb. Xaçmaz rayonunun ərazisində formalaşan tullantı suları nəql edən qəzalı kollektor təmir olunmazsa və bu suların BTQ-yə çatmamış kollektordan açıq arxlar vasitəsilə Qudyalçaya, oradan da Xəzər dənizinə axıdılması davam edərsə çirklənmənin artmasına gətirib çıxara bilər”.
Bülletendə o da bildirilib ki, Şabran rayonunda əsas ekoloji problem təmizləyici qurğuların olmaması və formalaşan tullantı suların təbii axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılmasıdır: “Monitorinq zamanı məlum olub ki, Dəvəçiçay, Şabrançay və Samur-Abşeron kanalının ətraf ərazilərində salınmış yaşayış sahələrində, eyni zamanda bəzi kiçik müəssisələrdə formalaşan tullantı suları idarə edilmir. Bərk və məişət tullantıları da idarə edilmədiyindən çay və kanalətrafı əraziyə atılaraq yandırılır. Samur-Abşeron kanalının Şabran şəhərinin ərazisindən keçən hissəsində kanalboyu yerləşən fərdi yaşayış evlərində formalaşan tullantı suların birbaşa sözügedən kanala axıdılmasının qarşısı alınmalıdır. Siyəzən rayonu ərazisindən keçərək Xəzər dənizinə tökülən Ataçay və Gilgilçay çirklənməyə məruz qalan təbii axarlardır. Bu çaylar həmçinin suvarma məqsədləri üçün də yararlıdır. Rayonda yerləşən mal-qara kəsim sexində keçirilən monitorinq zamanı ekoloji pozuntu halı aşkarlanıb. Bunun nəticəsində həmin ərazidə üfunətli iy və antisanitar vəziyyət hökm sürür”.
Reytinq: