Heqiqet.Az » iqtisadiyyat » Azərbaycan Tümen vilayətini kənd təsərrüfatı məhsulları ilə daha tez və az xərclə təmin edə bilər


Azərbaycan Tümen vilayətini kənd təsərrüfatı məhsulları ilə daha tez və az xərclə təmin edə bilər

3-11-2016, 09:37
Çap et
Azərbaycan Tümen vilayətini kənd təsərrüfatı məhsulları ilə daha tez və az xərclə təmin edə bilər Kənd təsərrüfatı naziri Heydər Əsədov VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ilə Tümen vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının idxal və ixrac proseslərinin səmərəliliyinin artırılması görüşün əsas müzakirə mövzularından olub.
H.Əsədov Azərbaycanın Rusiya ilə ənənəvi olaraq iqtisadi, siyasi, o cümlədən aqrar sahədə geniş əlaqələrə malik olduğunu vurğulayaraq, kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi kimi ölkə başçısının daima diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. Nazir Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini qonağın nəzərinə çatdırıb.
Görüşdə nazir ölkənin ixrac potensialı ilə bağlı geniş məlumat verərək Azərbaycan ilə Tümen vilayəti arasında kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Vilayətin kənd təsərrüfatı məhsullarına olan tələbatının Azərbaycan məhsulları ilə vaxt və xərc itkisini azaltmaqla təmin olunmasının mümkünlüyünü qubernatorun diqqətinə çatdırıb. H.Əsədov Tümen vilayətinin ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarının, idxal və ixrac potensialı əsasında öncədən müəyyənləşdirilərək, Tümen vilayətinin sahibkarlarının birbaşa sifarişi əsasında Azərbaycandan qarşı tərəfə ixrac olunmasını təklif edib.
Tümen vilayətinin qubernatoru V.Yakuşev görüşdən məmnun qaldığını ifadə edərək görüş zamanı nazir tərəfindən irəli sürülən təklifin təqdirəlayiq olduğunu qeyd edib.
Görüşün sonunda qeyd olunan məsələlər ilə bağlı işçi qrupu səviyyəsində qarşılıqlı müzakirələrin aparılmasına ilkin razılıq ədə olunub.
Reytinq: