Heqiqet.Az » musahibe » Çempion taekvondoçumuz: “Dövlət başçısıyla telefonda danışmağı ağlıma gətirməzdim”


Çempion taekvondoçumuz: “Dövlət başçısıyla telefonda danışmağı ağlıma gətirməzdim”

18-06-2015, 16:51
Çap et
Çempion taekvondoçumuz: “Dövlət başçısıyla telefonda danışmağı ağlıma gətirməzdim” I Avropa Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Ayxan Tağızadənin apasport.az-a müsahibəsi

- 19 yaşında I Avropa Oyunlarının qalibi oldunuz. Hansı hissləri keçirirsiz?
- Vətənimdə keçirilən yarışda Azərbaycana qızıl medalı qazandırmaq gözəl hissdi. Cənab prezident İlham Əliyevin mənim 1/4 final görüşümə canlı baxması daha da qürurverici və sevindirici haldı. Bütün görüşlərimə Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun baxması da mənə əlavə stimul verdi. Federasiyanın bütün üzvləri sağ olsunlar ki, bizə belə qayğı göstərdilər. Mən də bu qayğının bəhrəsini verdim və çempion oldum. İnşallah, digər taekvondoçularımız da Avropa Oyunlarında medal qazanmaqla, mənim arxamca gələcəklər.
- Hansı görüşünüz daha çətin keçdi? Qalib gəldiyiniz rəqiblər barədə nə deyə bilərsiz?
- Görüşlərim çətin oldu. Birinci döyüş digərlərinə baxanda çox çətin keçmədi. Amma ikinci görüşümdə 2012-ci ilin Olimpiya çempionu ilə qarşılaşdım. O, həm də ikiqat dünya və Avropa birincisidi. Buna baxmayaraq, qələbə qazandım. Həmin görüşü cənab prezident də zaldan izlədi. Daha sonra rusiyalı rəqibimlə qarşılaşdım. Keçən ay Rusiyada keçirilən dünya çempionatında ona uduzmuşdum. Bu dəfə revanş qarşılaşması idi mənim üçün. Görüş çətin keçsə də, qalib ayrıldım. Final da asan olmadı. Amma qələbə qazanıb, çempion olmağı bacardım.
- Çempion olduqdan sonra ölkə prezidenti İlham Əliyev zəng edərək, sizi təbrik edib. Maraqlıdı, sizə nə dedi?
- Bəli, zəng elədi. Dövlət başçısı ilə telefonda danışmağı ağlıma belə gətirməzdim. Çox sevindirici və qürurverici haldır. Dövlət başçısı zəng edib mənimlə danışdı və dedi ki, sənin döyüşlərinə baxdım, peşəkar idmançı olmağına əmin oldum, inşallah, səni Rio-de- Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında görəcəm. Mən də dedim ki, borcumuzdu, çox sağ olun.
- Avropa Oyunlarına qədər heç kim sizdən uğur gözləmirdi. Amma bu yarışda birinci olmaqla, məsuliyyətinizi artırdınız. Artıq növbəti yarışlarda hamı sizdən medal gözləyəcək...
- Bunu dərk edirəm. İnşallah, bundan sonrakı hədəfim bu qaydada hazırlaşıb, Braziliyada keçiriləcək olimpiadaya yollanmaqdı. İnşallah, orda da çempion olmaq istəyirəm.
- Məşqçiniz Reza Mehmandost da final qələbənizdən sonra çox sevincli görünürdü. O, sizə nə dedi?
- Çox köməklik elədi mənə. Onun taktikasına uyğun hərəkət edirdim. Üçüncü raundda uduzurdum, amma görüşə çıxanda mənə elə taktika verdi ki, rəqibimi məğlub elədim.
- Bizim idmançılar gənc yaşlarında yüksək nailiyyətlər qazandıqdan sonra arxayınlaşırlar. Sizdə də bu hal müşahidə olunacaqmı?
- Mən gənclər arasında Avropa çempionatında ikinci olmuşam. Yəni bu yarışa qədər medalım olub. Məndə arxayınlaşma yoxdu, olmayacaq da. İdmançı nəticə verə-verə daha da yüksəlməlidi.
- Şəxsi məşqçiniz olan atanız sizdən bu uğuru gözləyirdimi?
- Məndən çox razıdı. O, bu yarışda uğur qazanacağımı gözləyirdi. Mənə inanırdı.
Heqiqet.az
Reytinq: