Heqiqet.Az » sosial » Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək


Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək

16-01-2017, 13:20
Çap et
Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, 2017-ci ildə hər il olduğu kimi 2 Ay və 2 Günəş tutulması qeydə alınacaq. Ay tutulmalarını Azərbaycanda müşahidə etmək mümkün olsa da, Günəş tutulmaları ölkəmizdə görünməyəcək: “İlk Ay tutulması fevralın 11-də, Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Buna yarım və zəif kölgəvari Ay tutulması deyilir. Proses Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada görünəcək. Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq. Avqustun 7-də baş verəcək ikinci Ay tutulması isə saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq. Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Azərbaycanda da günbatandan sonra tutulmanın bir hissəsini görə biləcəyik”.
Günəş tutulmalarına gəlincə, X. Mikayılov vurğulayıb ki, bu il üçün ilk hadisə fevralın 26-da olacaq. Proses saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq: “Avqustun 21-də olacaq ikinci Günəş tutulması isə tam Günəş tutulması hesab edilir. Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarda və ABŞ-da müşahidə ediləcək”.
Direktor müavini əlavə edib ki, bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir. Yalnız psixoloji cəhətdən zəif olanlara bir az təsir edə bilər.
Reytinq: