Heqiqet.Az » sosial » Göyçayda canavarların kəndlərə hücumunun qarşısının alınması məqsədilə tədbirlər görülür


Göyçayda canavarların kəndlərə hücumunun qarşısının alınması məqsədilə tədbirlər görülür

14-02-2017, 13:04
Çap et
Göyçayda canavarların kəndlərə hücumunun qarşısının alınması məqsədilə tədbirlər görülür Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişinə əsasən 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Göyçay rayonunda son vaxtlar canavarların kəndlərə tez-tez hücum edərək fərdi təsərrüfatlara ciddi ziyan vurması və xırda buynuzlu heyvanları tələf etməsi ilə bağlı monitorinq keçiriblər.
Canavarlar tərəfindən ziyan çəkən yerli sakinlərinin müraciəti əsasında ekologiya işçiləri, kənd icra nümayəndəliyinin əməkdaşları və təcrübəli ovçulardan ibarət monitorinq qrupları yaradılıb.
Kəndlərdə yerli sakinlərlə görüş keçirilib, onların müraciətləri dinlənilib, iri və xırda buynuzlu heyvanların yırtıcıların hücumundan qorunması üçün hansı tədbirlərin görülməsi barədə geniş izahat işləri aparılıb.
Maarifləndirmə işləri zamanı kəndlilərə və ovçulara məlumat verilib ki, canavarları ovlamaq qanunla qadağandır. Lakin bu vəhşi heyvanlar əgər həyətyanı sahələrə soxularaq insanlara və ev heyvanlarına hücum edərsə, ziyan verərsə, həyati təhlükə yaranarsa, o zaman onları öldürmək olar.
Sakinlər bildiriblər ki, xırda buynuzlu heyvanlar və ev quşları həm də çaqqalların hücumuna məruz qalır. Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları lisenziyası olan ovçular tərəfindən çaqqalların öldürülməsinə icazə verildiyini qeyd ediblər.
Sonra rayonun Ləkçiplaq və Çaxırlı kəndlərinin çöllük ərazisində, canavarların yaşadığı qamış və kol-kos sahələrdə monitorinq təşkil olunub, onların yuvaları aşkar edilib, yırtıcıları öldürməmək şərti ilə onları qorxudaraq ərazidən uzaqlaşdırmaq üçün ov tüfənglərindən havaya atəş açılıb.
Ovçulara bildirilib ki, axşam və gecə saatlarında kənd ətrafına toplaşan canavarların aqressivləşərək qışqırıq səsləri çıxaran zaman onların qorxudularaq yaşayış məskənindən uzaqlaşdırılması üçün ov tüfəngindən havaya atəş açılmasına icazə var. Bunu lisenziyası olan və monitorinq qrupuna daxil olan təcrübəli ovçular həyata keçirə bilər.
Qeyd edək ki, ötən həftə rayonun Ləkçiplaq və Qızılağac kəndlərində canavarlar kənd sakinlərinə məxsus tövlələrə soxularaq 42 baş qoyunu parçalayıb. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.
Reytinq: