Demo saytı » Nəsimi rayonundakı Cavadxan 17 ünvanında fəaliyyət göstərən qumarxanalar ciddi himayə olunur


Nəsimi rayonundakı Cavadxan 17 ünvanında fəaliyyət göstərən qumarxanalar ciddi himayə olunur

18-05-2015, 16:24
Çap et
Nəsimi rayonundakı Cavadxan 17 ünvanında fəaliyyət göstərən qumarxanalar ciddi himayə olunur Respublikamızda qumar və qumarxanalar rəsmən qadağan edilsə də, Bakıda yenə də gizli oyun mərkəzləri var. Özü də bu məkanlarda azğınlıq və özbaşınalıq baş alıb gedir. Hətta insan taleyinin məhvinə səbəb olan bu “ocaqların” sayı durmadan artır. Əməkdaşlarımız paytaxt qumarxanalarında gizli araşdırma apararkən bunun şahidi olublar. Çox təəssüf ki, hələlik bunların qarşısını alan yoxdur.
Deyilənləri araşdırmaq üçün Nəsimi rayonundakı Cavadxan 17 ünvanında, beşmərtəbəli binanın altında yerləşən bir neçə çayxana adı altında fəaliyyət göstərən qumarxanalara rast gəldik. Bunlardan birinə Elçin adlı şəxs rəhbərlik edir.
Yaxınlıqda yaşayan sakinlər bizimlə söhbətində dedilər ki, bu çayxanada oynanılan qumarda hər gün təxminən yüzlərlə adam iştirak edir ki, bu da dava-dalaşsız ötüşmür, bir sözlə, bura çayxana yox, dəlixanadır. Əsasən saat 11-dən başlanan oyun gecə saat 3-ə kimi davam edir. Bura çoxlu imkanlı və imkansız adamların uşaqları gəlir. Şikayət etmədiyimiz yer qalmayıb. Amma tədbir görən yoxdur. Evini, ailəsinin qızıl-gümüşünü satıb qumara qoyanlar var. Qumar üstdə neçə ailələr dağılıb.
Deyilənə görə bu qumarxana ciddi himayə olunur. Buna görə buranın sahibi yuxarılara hər ay haqq verdiyi deyilir.
Bunları araşdırmaq üçün 19-cu Polis Bölməsinə zəng vurub oranın sahə müfəkkilinin kim olduğunu soruşduq. Bildirdilər ki, Cavadxan 17 ünvanının sahə müvəkkili İlham Ağayevdir. Həmin sahə müvəkkili ilə telefon əlaqəsi saxladıq. Orda baş verənlər barədə maraqlandıq. İ.Ağayev dedi ki, ora mənlik deyil...
Bölməyə təkrarən zəng vurduq. Cavadxan 17 ünvanının sahə müvəkkilinin kim olduğunu bir daha soruşduq. Yenə İlham Ağayevin həmin ünvanın sahə müvəkkili olduğunu bildirdilər.
Çox maraqlıdır, görəsən İlham Ağayev niyə nəzarət etdiyi ərazidən boyun qaçırır, bunun arxasında hansı mətləblər gizlənir?..
Bizi izləyin, mövzuya qayıdacağıq.

Amid
Reytinq: