Demo Sayt » dunya » Ərdoğan uzaqbaşı Putinin müəlliflik hüququnu pozub (VİDEO)


Ərdoğan uzaqbaşı Putinin müəlliflik hüququnu pozub (VİDEO)

30-11-2015, 09:35
Çap et
"Moskva sanki Türkiyənin sərhəd pozucu təyyarəni vuracağını da əvvəlcədən bilirmiş..."
Ərdoğan uzaqbaşı Putinin müəlliflik hüququnu pozub (VİDEO) Müsəlmanların hələ ki, daha çox dua üçün üz tutduğu göylərdən bir balaca aşağı qata keçək. Ən azı Təyyarə ucalığına. Alçaqlıq da demək olardı. …Türkiyə Rusiyanın bombardmançı təyarəsini vurandan sonra Moskva-Ankara münasibətlərində yaranmış vəziyyət demək olar ki, bütün xırdalıqlara qədər müzakirə olunub. İqtisadi bağlardan tutmuş hər iki dövlətin beynəlxalq əməkdaşlıq etdiyi irimiqyaslı layihələrə qədər hər şey. Ona görə də mən bu barədə danışmaq istəmirəm. Sadəcə mənə maraqlı görünən bir neçə məqam üzərində dayanmaq istəyirəm.
…Sizə elə gəlmir ki, Putin bu gün əslində öz taktikası ilə üzləşib. Ərdoğan indi keçən ilki Putini xatırladır. Onun Rus Dünyası fəlsəfəsini də, Novorusiya layhiəsini. Diqqətli tamaşaçının yadından çıxmaz yəqin: Putin o zaman siyasətini belə əsaslandırdı: Harda yaşamasından asılı olmayaraq soydaşlarımızı heç vaxt darda qoymayacayıq. Onlar ailələrini, arvad-uşaqlarını tanklarda yerləşdirib öz yurd-yuvalarını qoruyurlar! İndi həmin vəziyyəti Türkiyəyə transformaisya etsək belə alınır: Novorusiya ola bilir, rusca desək Novotursiya niyə olmasın? Eyni şey deyil? Putin rus dünyasını qoruduğu kimi Ərdoğan da türk dünyasını müdafiə edir. Özü də düz sərhədlərinin yaxınlığında. Lap Rusiya kimi.
O zaman bunu Rusiya edəndə, axı heç kim Rusiyanın üstünə təyyarə qaldırmamışdı… Bu Putinin nou-xausu, Putinin icadı idi. Məgər Vladimir Vladimioviç elə bilirdi ki, onun bu icadından heç kim istifadə etməyəcək? Bəlkə də Türkiyənin qəbahəti var, amma bu qəbahət Rusiya prezidentinin müəllif hüquqlarını pozmaqdan o yana getmir.
Mənə maraqlı görünən ikinci məsələ iki dövlətin davranış tərzidir. Rusiya sanki məqam gözləyirmiş ki, Türkiyə ilə münasibətlərini tam kəssin. Hətta adama elə gəlir ki, Moskva sanki Türkiyənin sərhəd pozucu təyyarəni vuracağını da əvvəlcədən bilirmiş və bunu qəsdən edirmiş ki, hadisə baş verəndən sonra Moskva-Ankara ilə əlaqələrə yenidən baxsın.
Mənim bu qənaətə gəlməyimə əsaslarım var. Baxın. Bu hadisədən sonra Rusiya az qala isterik vəziyyətdə davranır. Türkiyə maşınları Gürcüstan-Rusiya sərhəddində saxlanıb. Rusiya Türkiyəyə vizasız gediş-gəlişi dayandırıb. Ölkə ərazisində Türkiyə vətəndaşlarına hücumlar edilir. Ulyanovksda “Anadolu” kafesinə, “Efes Pilsen” pivə zavoduna basqınlar olub, Türkiyə bayrağı yandırılıb… Və körpülərin yandırılması davam edir.
Federal kanalların aramsız aqressiv təbliğat kampaniyası hər saat artır. Baxmayaraq ki, hər iki ölkənin hadisə rayonunda ekspert qrupu işləyə, əslində vəziyyətin necə olduğunu müştərək şəkildə araşdıra bilərdilər. Türkiyə isə genetik koduna zidd olaraq çox sakitdir. Vizasız gediş-gəliş qalır, Rusiya vətəndaşları da burda həmişəki kimi gəzib-dolaşır, Əhməd Davudoğlu deyir ki, Rusiya bizim dostumuzdur.
Türk telekanallarında adi informasiya və analitik mühit hökm sürür. Hətta kimsə çıxıb efirə Putini də başa düşmək olar - deyir… Türkiyədə heç kim Rusiya səfirliyini daşa basmır… və s.
Diqqətimi çəkən üçüncü məsələ budu. Rusofillər tez-tez Rusiyanın hərbi qüdrəti ilə Türkiyənin imkanlarını yan-yana qoymağı sevirlər. Nə olar. Tutuşduraq. Əvvəla deyək ki, Bosfor və Dardanelin açarları Türkiyənin əlindədir. Necə deyərlər bəllidir bu boğaz kimin əlindədir. Rusiya bu münvalla davam etsə, sadəcə boğula bilər. Ən azı Suriyada olan bazalarının təminatı baxımından çıxılmaz vəziyyətə düşər.
Doğrudur, 1936-cı ilin Montryo sazişinə görə bu boğazlar ancaq müharibə elan olunandan sonra bağlana bilər. Amma 1994-cü ilin iyulun 1-dən qüvvəyə minən yeni reqlamentin verdiyi əlahiddə hüquqla Türkiyə bu boğazları ekoloji, tikinti, yenidənqurma və başqa məsələlərə görə bağlaya bilər. Müstəqil şəkildə. Hesab edək ki, burda Türkiyə başqa məsələlər istinad edə bilər. Heç kimdən soruşmadan
Rusiyanın boğazlara görə müharibəyə başlaması da ağlabatan deyil. Həm Qara dənizdə, həm Aralıq dənizində Türkiyə donanması Rusiyanı dəfələrlə üstələyir. Cığal ekspertin ağlına o saat Rusiyanın nüvə dövləti olması da düşə bilər. Buyursun düşsün. Bu da bizim arqument. Özü də Rusiya mətbuatına istinad edirəm.
Ruslar özləri etiraf edir ki, Suriya sərhədlərinə yaxın, İncirlikdə “B-1” tipli 40-a qədər nüvə bombası var ki, onların da ikinci açarı Türkiyənin əlindədir. Və onu da unutmayaq ki, NATO bu bombaları elə Rusiyaya görə bura qoyub.
Və nəhayət toxunmaq istədiyim sonuncu mətləb. Hadisəyə Azərbaycandan reaksiyalardan danışmaq istərdim. Doğrudur, əhalinin reaksiyası əslində aydın idi. Amma buna baxmayaraq kimlərsə, sosial şəbəkələrə bilərəkdən sorğular yerləşdirməyə başladı ki, siz kimin tərəfindəsiniz. Qəribə burasıdır ki, onsuz da əhalinin kimin tərəfində olduğu bəlli idi?
Amma elə bil ki, bu sorğular ictimai rəyin birmənalı olmadığını göstərməliydi. Və göstərə bilmədi. Cəmi iki nəfər kefkom adam tapıldı ki, hətta Putini bir gün qabaqlayaraq Türkiyəni üzr istəməyə çağırdı. Onların da üstünə camaat elə həmin şəbəkələrdə dərhal necə şığıdısa, həmin rəylər də, həmrəylər də yoxa çıxdı…
Təyyarə isə ya zəlzələdən, ya vəlvələdən hər halda vuruldu. Türkiyə sadəcə göstərdi ki, heç kimə yuxarıdan aşağı baxmaq olmaz…
Reytinq: