Demo Sayt » idman » Qobustanda Çövkən turniri keçirildi


Qobustanda Çövkən turniri keçirildi

18-08-2015, 14:39
Çap et
Qobustanda Çövkən turniri keçirildi
Avqustun 15-də Qobustan rayonunun Sündü kəndində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Kənd gənclərinin birinci çövkən turniri “ adlı layihəyə start verildi.
Layihənin əsas məqsədi regionda xüsusi ilə kəndlərdə yaşayan gəncləri milli idman növlərinə cəlb edərək sağlam, aktiv həyata cəlb etməkdən və unudulmaqda olan qədim milli idman növlərinin bərpasını təmin etməkdən ibarət idi.
Xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası və dirçəldilməsi, habelə atçılıq turizminin təbliği məqsədi daşıyan tədbirdə Qobustan rayonunun Təklə, Çuxanlı, Ərəbşalbaş, Təklə-Mirzəbaba, Xilmilli, Sündü, Calov, Nabur kəndlərindən olan gənclər iştirak edirdi. Komandaların peşəkar, yaddaqalan oyunlarını izləyənlər arasında əhalinin müxtəlif təbəqələrindən olan insanlar, atüstü oyun həvəskarları üstünlük təşkil edirdi. Oyuna başlamazdan əvvəl gənclərlə Çövkən milli oyunu və onun keçirilmə qaydaları barədə təlim, maarifləndirmə aparıldı. Layihənin rəhbəri Azər Maxsudov və təlimçi Ziya Məlikov mövzu ilə bağlı ətraflı məlumat verdilər, yarış iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. Onlar yaxın zamanlarda uğurla keçirilən I Avropa oyunlarından, artıq bu sahədə Azərbaycan standartlarından beynəlxalq səviyyədə istifadə edilməsindən söhbət açdılar. Bu möhtəşəm idman yarışının qızıl medalçıları sırasında karate idman növü üzrə birincilik əldə etmiş həmyerlimiz Firdovsi Fərzəliyevin qələbəsini bütün qobustanlı idmançıların uğuru kimi dəyərləndirərək gəncləri idmanla müntəzəm məşqul olmağa səslədilər. Rayon Gənclər İdman İdarəsinin rəis əvəzi Pərvin İsmayılov, UGİM-nin direktoru Nəsimi Cəfərov çıxış edərək artıq idman ölkəsi kimi tanınan respublikamızdan, dövlət başçımızın bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışdılar.
Azərbaycan “Milli idman növləri” adlı bu təlimdə yeni nəsil gənclər unudulmaqda olan milli idman növləri barədə ətraflı məlumat aldılar. Təlimdə Çövkən oyunu ilə bağlı sənədli, qısametrajlı filmlər də nümayiş etdirildi.
Sonra Sündü kəndinin futbol meydançasında kənd gənclərindən ibarət komandalar arasında Çövkən oyunu başladı. İlk dəfə keçirilməsinə baxmayaraq oyun iştirakçılarının yüksək fiziki hazırlıq, çeviklik göstərmələri tamaşaçılar tərəfindən rəğbət və coşqu ilə qarşılandı. Yarışa təcrübəli idmançı, UGİM-in məşqçı müəllimi Fuad Mehbalıyev hakimlik edirdi. Yüksək əhval-ruhiyyə şəraitində keçən yarışda Sündü kəndinin gənclərindən ibarət olan komanda 5:6 nisbəti ilə qalib gəldi. Final oyunundan sonra komandaların mükafatlandırılması oldu, qalib komandaya kubok təqdim edildi. Bağlanış mərasimində çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə verdiyi böyük töfhəyə, diqqət və qayğıya görə layihəni dəstəkləyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və layihənin təşkilatçılarına təşəkkürlərini bildirdilər.
Azərbaycan Respublikasının Prezidenti yanıda Gənclər Fondunun dəstəyi ilə keçirilən bu layihə kənd gənclərini aktiv və sağlam həyat tərzinə adaptasiya edərək onların vətənpərvərlik, cəsurluq hisslərinin bərpa olunmasına, gücləndirilməsinə də yardımçı oldu. Həmçinin unudulmaqda olan ənənəvi idman növlərinin kənd gəncləri arasında tətbiq olunaraq daha davamlı keçirilməsinə zəmin yaratdı.
Qeyd edək ki, Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin “Xosrov və Şirin”indən və "Kitabi-Dədə Qorqud" boylarından isə məlum olur ki, Azərbaycanda çövkənin tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır. Sevindirici haldır ki, Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır.
Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq hər il may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı, dekabrda isə “Prezident Kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir. Ənənəvi olaraq keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, habelə ölkəmizdə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.

Lalə Ziyadqızı,
“Qobustan” qəzetinin baş redaktoru


Qobustanda Çövkən turniri keçirildi                             Qobustanda Çövkən turniri keçirildi                             Qobustanda Çövkən turniri keçirildi                             Qobustanda Çövkən turniri keçirildi
Reytinq: