"Bu gün artıq Azərbaycanın tək bölgədə deyil, dünyada nüfuzu artır"13-01-2023, 08:34
Çap et Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova
- Hicran xanım, məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2023-cü il “Heydər Əliyev” ili elan edilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu barədə nə deyə bilərsiniz? - İlk növbədə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev tarixi şəxsiyyətdir. Bilirsiniz, bir ictimai-siyasi xadim haqqında danışanda onun şəxsi keyfiyyətləri, əqidəsi, həyata baxışı da nəzərdən keçirilməlidir. Əgər biz bu kontekstdən yanaşsaq, deyə bilərik ki, Heydər Əliyev fenomenal insan idi. O, müxtəlif dövlət orqanlarında çalışanda da, sovet dövründə Azərbaycana rəhbərlik edəndə də yeni ənənələrin əsasını qoyurdu. Özü və ailəsi nümunə idi. Biz hər zaman deyirik ki, ailə cəmiyyətin nüvəsidir. Ulu Öndər öz şəxsi nümunəsi və ailə üzvlərinə olan münasibəti ilə yeni normaları, qaydaları, daha doğrusu, ziyalılıq, alicənablıq, qarşılıqlı anlaşma, hörmət, yüksək insani-əxlaqi keyfiyyətləri yenidən aktuallaşdırdı. Milli kimliyimizin, milli mədəniyyətimizin inkişafı üçün çox mühüm işlər gördü. O dövrdə müstəqil olaraq milli mədəniyyət günləri, ədəbi-bədii yaradıcılıq gecələri, poeziya günləri, festivallar, beynəlxalq tədbirlər keçirmək elə də asan məsələ deyildi. Lakin Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, böyük iradə göstərirdi və bu tədbirlərin keçirilməsinə nail olurdu. O zaman Xan qızı Nətavanın ev muzeyini açmaq, Vaqifin məqbərəsini ucaltmaqla yanaşı, İranda, xüsusilə də Təbriz və azərbaycanlıların yaşadığı şəhərlərdə sənaye sərgiləri keçirmək, onların məhsullarını Bakıda tanıtmaq, əməkdaşlıq qurmaq, Zəngəzur cəmiyyətini yaratmaq – bütün bunlar bir inqilab idi, bir yenilik idi. Heydər Əliyevin şəxsi nüfuzu, ona olan hörmətin nəticəsi idi ki, Azərbaycanda belə mühüm və strateji layihələr həyata keçirilirdi. Onun ailəyə, qadına, uşağa, yaşlı insana olan münasibəti, insana qayğısı, müxtəlif tədbirlərdə söylədiyi fikirlər, çıxışlar yalnız dərin bir dünyagörüşündən, çoxillik həyati təcrübədən xəbər vermir, eyni zamanda, Azərbaycan gerçəkliyini, xalqımızın mənəvi, mədəni tarixi və intellektual həyatını əks etdirir, müasir Azərbaycan ictimai fikir tarixində xüsusi əhəmiyyət kəsb edir. Çünki bu fikirlər bir çağırışdır, nəsihətdir, tövsiyədir, dövlətimizin, xalqımızın, vətəndaşımızın gələcək inkişafına, atacağı addımlara işıq salan mayakdır. - Ulu öndər Heydər Əliyev, eyni zamanda, azərbaycanlı milli kimliyinin qorunmasına xüsusi önəm vermiş, azərbaycançılıq ideologiyası əsasında milli şüurun təşəkkülü və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində tarixi işlərə imza atmışdır... - Qeyd etdiyim kimi, bu dahi insanın bir amalı var idi, Azərbaycanı tam, xoşbəxt, güclü görmək. Bunun üçün də çalışırdı, mübarizə aparırdı. O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Öz hüquq və azadlıqlarını bilərək cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir. Bütün fəaliyyətinin əsasında bir amal dayanırdı: Azərbaycan vətəndaşı özünü dərk edə bilsin, tarixini, mədəniyyətini öyrənsin. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı, keçmişindən ayrı düşən xalq, millət gələcəyini qura bilməz. Ona görə də bu böyük şəxsiyyət, həm də azərbaycanlıları təəssübkeş olmağa dəvət edirdi: “İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır ... hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır”. Bu amalla dünya azərbaycanlılarını birləşməyə, onları yaşadığı ölkələrdə belə Vətən üçün mübarizə aparmağa səsləyirdi: “Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”. - Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri, heç şübhəsiz, xilaskarlıq missiyasıdır... - Bilirsiniz ki, ötən əsrin 80-ci illərində keçmiş SSRİ-nin rəhbərliyi məkrli planları gerçəkləşdirmək üçün çox çalışırdı ki, müdrik dövlət xadimi Heydər Əliyevi Bakıdan, Azərbaycandan uzaqlaşdırsın. Əlbəttə ki, bunu daha çox ermənilər və onları havadarları istəyirdi. Elə ölkəmizin başına gələn bütün bəlalar bundan başladı. 1990-cı ildə 20 yanvar hadisələri baş verəndə bütün təhlükələrə baxmayaraq, Ulu Öndər o zaman Moskvada Azərbaycan Resbublikasının Daimi Nümayəndəliyinə gəldi, xalqımıza başsağlığı verib mətbuat konfransı keçirdi. Bu, Azərbaycanda, onun paytaxtı Bakıda baş verən cinayətlərin və əsl həqiqətlərin bütün dünyaya yayılması sahəsində ən mühüm addım idi. Ulu Öndər yaxşı bilirdi ki, onun həyatına təhlükə var, hətta ailə üzvlərinin də həyatı təhlükədədir. Lakin Vətən sevgisi, xalqa olan böyük məhəbbət bütün təhlükələr və çətinlikləri arxada qoyurdu. Dünya şöhrətli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev bütün maneələri aşaraq Vətənə qayıtdı. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycanı növbəti fəlakətlərdən xilas etdi. Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin amanlıq təmin edildi, islahatlar həyata keçirildi. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. - Bu gün Ümummilli Liderin ruhu şaddır, çünki Azərbaycan Onun görmək istədiyi kimi qüdrətlidir, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub... - Bilirsiniz, hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır. Ulu Öndər bizi bu Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun çıxışları hər birimizdə inam yaradırdı. Dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, “Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”. O, çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinə qarşı olan ölkələr, qüvvələr var və onlar işğalçını müdafiə edir. O deyirdi ki, “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır - bu asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”. Biz hər zaman bu iki standartlarla rastlaşırıq. Ancaq heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi — Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!”. Bəli, Azərbaycan bu illər ərzində Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu, dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Ulu Öndər hər zaman deyirdi ki “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Güclü iqtisadi imkanlara malik olmaqla Azərbaycan dövləti heç kimdən asılı olmayan müstəqil bir dövlətə çevrildi. Bu gün, həqiqətən də, Ulu Öndərin ruhu şaddır. Qarşıda böyük hədəflər dayanır. Azərbaycan Heydər Əliyev yolu ilə gedərək uğurlu və perspektivli ölkə adını qoruyacaq. Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün artıq Azərbaycanın tək bölgədə deyil, dünyada nüfuzu artır. Bizim hər birimiz fəxr edir və qürur hissi keçiririk ki, bu gün Onun yolunu və ideyalarını dünyanın nüfuzlu dövlət xadimi, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|