Milli Məclisin yaz sessiyası başa çatdıBu gün, 20:03
Çap et Mayın 26-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.Milli Məclisin sədri iclası açaraq bildirib ki, ötən bir neçə gün ərzində Azərbaycan yenidən beynəlxalq birliyin diqqət mərkəzində oldu. Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etdi. Bu cür mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin yeni uğuru oldu. Sessiyada dünya ölkələrindən rekord sayda – altmış minə qədər nümayəndənin iştirak etməsi etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi Azərbaycanın nə qədər böyük etimad qazandığını bir daha nümayiş etdirdi. Spiker diqqətə çatdırıb ki, dövlət başçısı möhtərəm cənab İlham Əliyev forumun açılışında etdiyi çıxışda Bakıda və ölkəmizin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı. Cənab Prezident xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşıb, nadir memarlıq abidələri yaradılıb. Bu gün Azərbaycan tarixi irsini qorumaqla yanaşı, həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmada qabaqcıl yanaşmaları tətbiq edir. Bu baxımdan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir. Qarabağda və Şərqi Zəngəzurda, sadəcə, yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır. Milli Məclisin sədri deyib ki, əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur. Spiker çıxışında Forumun işində Milli Məclisin deputatlarının iştirakını xüsusi qeyd edərək bildirib ki, onlar panel sessiyalarında həm fəal iştirak etmiş, həm də müzakirələrdə maraqlı çıxışlar etmişlər. O, diqqətə çatdırıb ki, dayanıqlı inkişafın parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Qanunvericilik orqanları müasir şəhərsalma, ekoloji təhlükəsizlik, ərazilərin səmərəli idarə olunması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün hüquqi əsasların yaradılmasında önəmli rol oynayırlar. Sonra spiker deputatlara ötən iki həftəyə yaxın dövrdə Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətlərinin iki səfəri barədə qısa məlumat verib. O, bildirib ki, mayın 14-də Özbəkistan Respublikasının Buxara şəhərinə işgüzar səfərdə məqsəd İkinci Asiya Qadınlar Forumunda iştirak etmək idi. Spiker deyib ki, o, Forumda etdiyi çıxışda Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, ölkəmizdə qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində də yüksək vəzifələr tuturlar. Spiker deyib ki, Forumdakı çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Onun fəaliyyəti qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Forumun panellərində nümayəndə heyətimizin üzvləri fəal iştirak ediblər. Spiker qeyd edib ki, səfər çərçivəsində Özbəkistan və Türkmənistan parlamentlərinin sədrləri, habelə Birləşmiş Ərəb Əmirlikləri parlamenti sədrinin müavini ilə ikitərəfli görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra spiker Sahibə Qafarova mayın 20-dən 22-dək Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verib. O, deyib ki, səfərdə məqsəd MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında və altmışıncı plenar iclasında iştirak etmək idi. Spiker bildirib ki, o, həm Şura iclasında, həm də plenar iclasda çıxış edib. Milli Məclisin sədri Şura iclasında müzakirə edilən məsələlər barəsində Azərbaycan parlamentinin mövqeyini iştirakçılara çatdırıb. Milli Məclisin sədri deyib o, plenar iclasda etdiyi çıxışda ölkələrimizin qanunvericilik orqanları arasında dialoq və əməkdaşlığın inkişafında Assambleyanın rolu haqqında fikirlərini bölüşüb. Bu baxımdan o, müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də yeni ideya və təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini də qeyd edib. Təşkilatın bütün tədbirlərində nümayəndə heyətinin üzvləri fəal iştirak ediblər. Assambleyanın iclası çərçivəsində Milli Məclis sədrinin müavini Ziyafət Əsgərova “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” medalı təqdim olunub. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində o, Qırğızıstan və Belarus parlamentlərinin sədrləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə dövlətlərimiz arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi vurğulanıb. Parlamentlər arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Çıxışına yekun vuran spiker Sahibə Qafarova bildirib ki, Özbəkistana və Rusiyaya işgüzar səfərlər uğurlu olub. O, bununla əlaqədar hər iki nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib. Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda 13 məsələnin müzakirə ediləcəyini diqqətə çatdırıb. Spiker gündəliyin birinci məsələsinin Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatının olduğunu deyib. O, bu məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayevanın və komitənin əməkdaşlarının iclasda iştirak etdiyini söyləyib. İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu komitənin 2025-ci ildə fəaliyyəti haqqında məlumatı slaydlar vasitəsi ilə təqdim edib. O, bildirib ki, 2025-ci il Azərbaycanda sosial inkişafın dayanıqlığının gücləndiyi, dövlət siyasətinin daha çox insan kapitalı, ailə institutu və gender bərabərliyi üzrə inteqrasiya olunmuş modelə keçdiyi mühüm bir dövr kimi xarakterizə olunur. Bu dövrdə əldə olunan nəticələr dövlət qurumları arasında koordinasiyanın dərinləşməsi, rəqəmsal idarəetmənin genişlənməsi və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın institusional xarakter alması kimi strateji dəyişikliklərə əsaslanır. Komitə sədri ötən il ölkə Prezidenti tərəfindən təsdiq edilmiş, "Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın bu sahədə yeni mərhələ açdığını vurğulayıb. Fəaliyyət Planında qadınların sosial-iqtisadi fəallığının artırılmasının, təhsildə və əmək bazarında bərabər imkanların genişləndirilməsinin, iqlim və rəqəmsal transformasiya proseslərində gender yanaşmasının gücləndirilməsinin prioritet istiqamətlər kimi müəyyən edildiyini söyləyib. O, qeyd edib ki, hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilmiş, institusional mexanizmlər daha sistemli xarakter almış, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçmişdir. Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir. Diqqətə çatdırılıb ki, 2025-ci il üzrə illik məlumat 298 səhifədən ibarətdir və burada 66 dövlət orqanı, 77 yerli icra strukturu, Naxçıvan Muxtar Respublikası və vətəndaş cəmiyyəti institutları üzrə məlumatlar cəlb olunub, 9 yeni istiqamət üzrə məlumatlar təhlil edilib. Vacib yeniliklərdən biri ilk dəfə olaraq gender bərabərliyi siyasətinin məhkəmə qərarları, media monitorinqləri, ali təhsil proqramları, sosial risk xəritələri ilə inteqrasiya olunmuş formada təhlil edilməsidir. Bildirilib ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlərin səmərəli olduğunu nümayiş etdirir. Belə ki, müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi tendensiyaları bunun bariz nümunəsidir. Bu istiqamətdə, həmçinin təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin mühüm rol oynadığı söylənilib. İnsan kapitalının inkişafı ilə bağlı qeyd edilib ki, əmək bazarında müşahidə olunan dəyişikliklər qadınların iqtisadi fəallığının davamlı şəkildə artdığını göstərir. Belə ki, orta əməkhaqqında artım tempi, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi, özünüməşğulluq proqramlarında iştirakın genişlənməsi müsbət hal kimi qiymətləndirilir. Hazırda ali təhsildə qadınların üstünlüyünün, magistratura səviyyəsində balanslaşmanın, peşə təhsilində diversifikasiyanın müşahidə olunduğu bildirilib. İqtisadi iştirak səviyyəsi və institusional mühitin sağlamlaşdırılması baxımından sahibkarlıq və iqtisadi aktivlik sahəsində qadınların payının artdığı, onların kənd təsərrüfatında iştirakının genişləndiyi, özünüməşğulluq proqramlarının sosial inklüzivliyinin gücləndirildiyi vurğulanıb. Məlumata əsasən, yerli idarəetmə, QHT və media mühitinin təhlili göstərir ki, 2025-ci ildə bələdiyyələrdə qadınların təmsilçiliyi 39%-ə yaxınlaşıb, QHT sektoruna rəhbərlikdə sayı artıb, həmkarlar ittifaqlarında aktivliyi yüksəlib. Media və rəqəmsal platformalarda gender məsələlərinin daha açıq və ictimai müzakirəsinə şərait yaradılıb. Komitə sədri institusional koordinasiya və rəqəmsal idarəetmə sahəsində mühüm uğurlardan biri kimi dövlət qurumları arasında koordinasiya modelinin güclənməsinin olduğunu qeyd edib. O, bildirib ki, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti nazirliklər, yerli icra hakimiyyətləri, bələdiyyələr və icmalar, hüquq-mühafizə orqanları, QHT və media strukturları birgə səmərəli fəaliyyət göstərirlər. Rəqəmsal monitorinq, məlumat mübadiləsi, erkən müdaxilə sistemləri koordinasiyanın effektivliyini daha da artırır. Diqqətə çatdırılıb ki, Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı ölkənin gender bərabərliyinin təmin edilməsi sahəsində əldə etdiyi müsbət təcrübənin qlobal miqyasda təqdim edilməsilə çoxtərəfli əməkdaşlığı stimullaşdırır. Bununla yanaşı, qadınların iqtisadi qərarvermədə iştirakının artırılması, yüksək gəlirli və innovativ sahələrə çıxışı, regional inkişafda bərabərliyinin gücləndirilməsi, mülkiyyət və resurslara əlçatanlığının genişləndirilməsi və rəqəmsal gender monitorinq sistemlərinin inkişafı qarşıda duran vəzifələr olaraq qeyd olunub. Bahar Muradova, eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) diqqət çəkərək, bu tədbir çərçivəsində keçirilən sessiyalarda ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların təhlükəsiz, əlçatan və inklüziv şəhər mühitində yaşamaq hüququnun təminatı, sosial xidmətlərə bərabər çıxış imkanları, dayanıqlı icmaların formalaşdırılmasında gender yanaşmasının əhəmiyyətinin vurğulandığını bildirib. Forumun Yekun sənədində əksini tapan prioritetlərin gender bərabərliyi məsələlərinin qlobal inkişaf gündəliyində vacib yer tutduğunu və bu istiqamətdə milli səviyyədə həyata keçirilən siyasətin beynəlxalq çağırışlarla uzlaşdığını söyləyib. Komitə sədri insan kapitalının ahəngdar inkişafi naminə birgə səylərlə əldə edilən nəticələrin gələcək dövrdə daha inklüziv, daha dayanıqlı və daha innovativ cəmiyyət quruculuğuna töhfə verəcəyini bildirib. Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. Komitə sədri Azərbaycanda dövlət qadın siyasətinin, gender bərabərliyinin təmin edilməsinin hər zaman prioritet məsələlərdən olduğunu qeyd edib. O, vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Qeyd edilib ki, Parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin iştirakı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası ilə bağlı davamlı iclaslar, görüşlər keçirilir, müzakirələr aparılır. Hazırda milli və beynəlxalq platformalarda ailə, qadın və uşaq məsələləri üzrə siyasətin həyata keçirilməsinin mühüm prioritet təşkil etdiyini deyən Hicran Hüseynova bu günlərdə ölkəmizin evsahibliyi ilə keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında qadın iştirakçılığı, onların prosesə verəcəyi töhfələr, dövlətlərin qarşısında dayanan öhdəliklərin geniş müzakirə edildiyini söyləyib. O, ölkəmizin bir sıra siyasi, iqtisadi təşəbbüslərin müəllifi kimi çıxış etdiyini qeyd edərək, müxtəlif beynəlxalq təşkilatların yanında Qadınlar Şurasının, Qadın Şəbəkəsinin yaradılması təklifinin də məhz Azərbaycana məxsus olduğunu bildirib. Parlamentin komitə sədri müzakirəyə təqdim edilən sənəddə ölkəmizdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq detallı təhlillərin aparıldığını, təklif və tövsiyələrin hazırlandığını qeyd edib. O, bu sahədə müsbət dinamikanın müşahidə edildiyini, o cümlədən qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların iştirakçılığının artdığını, inzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, habelə hakim və vəkil qadınların sayının artdığını vurğulayıb. O, gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi barədə də danışaraq, vətəndaş cəmiyyəti və medianın bu sahədə daha fəal olmasının vacibliyini qeyd edib. Bildirilib ki, sənəddə qanunvericilikdə edilmiş əlavə və dəyişikliklər barədə də ətraflı məlumat verilir. Ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində, həmçinin ailə vəzifələrinə görə ayrı-seçkiliyə yol verilməməsi, bununla yanaşı, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi ilə bağlı dəyişikliklərin edildiyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyi öz əksini tapıb. Komitə sədri ölkəmizdə gender bərabərliyinin təmini sahəsində həyata keçirilən tədbirlərin davamı kimi dövlət başçımızın 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini bildirib. O, Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Hicran Hüseynova təqdim edilən illik məlumatı yüksək qiymətləndirirək, sənədin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul şəxslərinin iştirakı ilə parlamentin komitə iclasında geniş müzakirə olunduğunu və baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini bildirib. Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Rizvan Nəbiyev, Məlahət İbrahimqızı, Ceyhun Məmmədov, Əli Məsimli, Elnarə Akimova, Azay Quliyev, Azər Allahverənov, Aydın Mirzəzadə, Tənzilə Rüstəmxanlı çıxış edərək, təqdim edilən sənəddə ölkəmizdə gender bərabərliyinin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş, əhatəli məlumatların verildiyini söyləyiblər, Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələri müsbət dəyərləndiriblər. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qaldırılan məsələlərə münasibət bildirib. Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı nəzərə alınıb. Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 6 məsələsi möhtərəm cənab Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır. Spiker bu məsələlərin müzakirəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərovun, Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurovun və hakimliyə namizədlərin iclasda iştirak etdiyini deyib. İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi, N.T.Əliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, B.M.Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələlər barədə məlumat verib. Millət vəkili bildirib ki, ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atılaraq, hakim vakansiyalarının komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçimi prosesi mütəmadi davam etdirilib. Diqqətə çatdırılıb ki, ötən dövr ərzində 2600-dən çox hakimliyə namizəd seçim prosesində iştirak edib, onlardan 333 nəfər uğurlu nəticə göstərərək, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyin edilib. Ümumilikdə, 2023-2025-ci illərdə 220 nəfər hakim vəzifəsinə təyin olunub. Hazırda məhkəmə sistemində 705 hakim fəaliyyət göstərir, yaxın illərdə hakim sayının 800-ə çatdırılması nəzərdə tutulub. Qeyd olunub ki, həyata keçirilən tədbirlər kadr potensialının artırılması ilə yanaşı, məhkəmə sisteminin keyfiyyətcə yeniləşməsinə xidmət edir. Belə ki, 2019-cu ilədək təyin edilmiş 415 hakimin 63 nəfəri qadın olduğu halda, sonrakı dövrdə təyin edilmiş qadın hakimlərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Bu isə ölkəmizdə gender bərabərliyinin təmin edilməsinin və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir. Hazırda məhkəmə sistemində 705 nəfər fəaliyyət göstərən hakimdən 210 nəfərini qadınlar təşkil edir. Nizami Səfərov bildirib ki, dövlət başçısının müvafiq təqdimatlarına əsasən, 16 hakim barəsində məsələlərin müzakirəsi nəzərdə tutulub. Belə ki, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, 7 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 1 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi, 1 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimi, 1 nəfərin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunur. Sonra parlamentin komitə sədri Zahid Oruc, deputatlar Razi Nurullayev, Qüdrət Həsənquliyev çıxış edərək bəzi fikir və qeydlərini söyləyiblər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev çıxışlarda səslənən fikirlərə münasibət bildirib. İclasda təqdim olunan 6 məsələ üzrə Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. (Milli Məclisin qərarları mətbuatda dərc olunacaq) Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin üçüncü oxunuşda baxılan qanun layihələri olduğunu bildirib. O, qeyd edib ki, 8-ci və 9-cu məsələlər möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyət etibarilə bir-biri ilə bağlıdır. Spiker diqqətə çatdırıb ki, 8-ci məsələ “Maliyyə icarəsi haqqında”, 9-cu məsələ isə Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələridir. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov həmin qanun layihələrini təqdim edib. O, məsələ ilə bağlı əvvəlki oxunuşlar zamanı geniş məlumat verildiyini deyib. Bildirilib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsi maliyyə icarəsi (lizinq) fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə maliyyə subyektləri arasında münasibətlərin tənzimlənməsi qaydalarını müəyyən edir. Digər qanun layihəsi də “Maliyyə icarəsi haqında” qanun layihəsinin məntiqi davamı olaraq hazırlanıb və maliyyə icarəsi (lizinqi) institutunun hüquqi sistemə inteqrasiyasını təmin edən normativ-hüquqi paket xarakteri daşıyır. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayev, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov 9-cu məsələ barədə komitələrinin rəylərini açıqlayıblar. Sənədin müzakirəsində deputat Səyyad Aran fikirlərini səsləndirdikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Gündəliyin onuncu məsələsi olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Komitə sədri bildirib ki, layihə hərbi qulluqçuların fərdi identifikasiya vasitələri ilə təmin olunmasının təsbiti, habelə çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri məsələnin əvvəlki oxunuşlarında müzakirəsi zamanı çıxış edən deputatların layihəni dəstəklədiklərini bildirib. Sənəd vətəndaşların müraciətlərinə baxılması qaydalarının təkmilləşdirilməsi, vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Milli Məclisin sədri gündəliyin növbəti məsələsi olan “Diplomatik xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayevə təqdim edib. Elşən Musayev bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının 30 dekabr 2025-ci il tarixli, 331-VIIQD saylı və 27 fevral 2026-cı il tarixli, 368-VIIQD saylı qanunların qəbul edilməsi zərurətindən yaranıb. Belə ki, qanun layihəsində yuxarıda adı çəkilən qanunlara dövlət qulluğuna xitam verilməsinin əsasları, bu zaman dövlət qulluqçusuna və onun vərəsələrinə dövlət məvacibinin hesablanıb ödənilməsi, eyni zamanda diplomatik xidmətin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq dəyişikliklər təklif edilib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva sənəd barədə komitəsinin müsbət rəy verdiyini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Gündəliyin sonuncu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirilib ki, qanun layihəsi yeni qəbul edilən normativ-hüquqi aktlarda qadağan olunmuş əməllərə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədilə hazırlanıb. Belə ki, sənəddə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə tibbi rəy olmadan işə qəbul edilməsinə və (və ya) əmək münasibətlərinə davam etdirilməsinə görə, eyni zamanda barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə, həmçinin maliyyə icarəsi fəaliyyətinə dair hesabatların təqdim edilməməsinə görə, habelə ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunur. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Sonra Milli Məclisin sədri bildirib ki, bu gün yaz sessiyasının son iclasıdır. Spiker yaz sessiyasının yekunları barədə məlumat verərək deyib ki, sessiya ərzində parlamentin on beş iclası keçirilib, əlli yeddi qanun və on doqquz qərar qəbul edilib. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib. Yaz sessiyasında görülmüş işlər haqqında danışarkən spiker, həmişə olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulayıb. O, qeyd edib ki, yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunub, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib. Bununla birlikdə, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınıb. Spiker bildirib ki, sessiya dövründə Milli Məclisdə bir konfrans keçirilib. Regional məsələlər komitəsinin təşkil etdiyi həmin tədbirdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusu ilə bağlı fikir mübadiləsi aparılıb. Sessiya dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ictimai dinləmələr keçirilməsi praktikası davam etdirilib və dörd bu cür tədbir təşkil olunub. Əmək və sosial siyasət komitəsi “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda, Ailə, qadın və uşaq məsələləri komitəsi “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib. Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusuna, Elm və təhsil komitəsinin təşkil etdiyi ictimai dinləmə isə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusuna həsr edilib. Milli Məclisin Gənclər və idman komitəsi isə 5 mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı görüş keçirib. Spiker çıxışında deyib ki, sessiya dövründə Milli Məclis bəzi xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə kəskin münasibətini bildirib. Parlamentin səlahiyyət dairəsinə daxil olan bir sıra təyinat məsələləri də həll edilib. Diqqətə çatdırılıb ki, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, bu gün isə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları da dinlənilib. Spiker bildirib ki, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilib və sessiya ərzində parlamentdə on minə qədər vətəndaş müraciətinə baxılıb. Parlamentin sədri nəzərə çatdırıb ki, yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilib. Yəni ötən dörd ayda Milli Məclisin əlli səkkiz deputatı iyirmi doqquz ölkəyə yüz on səfər həyata keçirib. Deputatlarımız doqquz beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış ediblər. Millət vəkillərimiz Qazaxıstanda keçirilən referendumu və Macarıstanda keçirilən parlament seçkilərini müşahidə etmişlər. Otuz doqquz ölkənin və səkkiz beynəlxalq təşkilatın qırx səkkiz nümayəndə heyəti, ümumən üç yüz iyirmi yeddi nəfər xarici qonaq Milli Məclisdə olub. Spiker bildirib ki, yanvar ayından bəri Milli Məclis sədrinin iki ölkəyə rəsmi və səkkiz ölkəyə işgüzar səfərləri olub. Parlamentin sədri deyib ki, o, Milli Məclisdə bir ölkənin dövlət başçısı, bir ölkənin baş naziri, dörd ölkənin parlament sədrləri, iki beynəlxalq təşkilatın rəhbərləri, üç ölkənin hökumət nümayəndələri, dörd dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib. Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilib. Spiker çıxışında vurğulayıb ki, hesabat dövründə Milli Məclis dörd beynəlxalq tədbir təşkil edib. Onların üçü Bakıda keçirilib. Belə ki, fevralın 24-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası, aprelin 7-də TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının on üçüncü iclası, aprelin 9-da Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının üçüncü iclası keçirilib. Dördüncü tədbir isə - aprelin 15-də Türkiyə Respublikasının İstanbul şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin beşinci konfransı Milli Məclisin təşkilatçılığı ilə keçirilib. Toplantıda otuz dörd ölkədən və doqquz beynəlxalq təşkilatdan qırx üç nümayəndə heyəti, ümumən iki yüz beş nümayəndə iştirak edib. Milli Məclisin sədri xatırladıb ki, konfransda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin institusional inkişafı yolunda mühüm addım atılıb. Şəbəkənin mənzil-qərargahının yaradılması və onun Bakı şəhərində yerləşdirilməsi qərara alınıb. Spiker onu da qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə hazırda Milli Məclis sədrlik edir. Milli Məclisin sədrlik etdiyi digər təşkilat isə İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Eyni zamanda, bu il Milli Məclis İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının 20-ci konfransının sədridir. Və iyun ayında əlli dörd üzvü olan bu təşkilatın konfransı Bakıda keçiriləcək. Spiker onu da xatırladıb ki, Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib. Bununla əlaqədar mayın 7-də Assambleyanın üzvü və tərəfdaşı olan parlamentlərin sədrlərinin Monteneqroda keçirilən birinci Sammiti çərçivəsində mərasim də təşkil olunub. Milli Məclisin sədri deyib ki, yaz sessiyası dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında, Milli Məclis ilə Bəhreyn Krallığının Nümayəndələr Şurası, Mərakeş Krallığının Müşavirlər Palatası, Slovakiya Respublikasının Milli Şurası arasında Anlaşma memorandumları da imzalanıb. Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, sabah xalqımız İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramını, mayın 28-də isə Müstəqillik Gününü qeyd edəcək. Yüz səkkiz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın zəngin dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynadı. Bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərirdi. Milli Məclisin sədri diqqətə çatdırıb ki, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnərək 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Təəssüf ki, o vaxtkı ölkə rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində Azərbaycan çıxılmaz problemlər məngənəsinə düşmüşdü. Müstəqil dövlətçiliyin itirilməsi təhlükəsi tam real idi. Məhz belə bir şəraitdə, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ali dövlət hakimiyyətinə qayıtdı. Onun misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi. Azərbaycan sistemli böhrandan çıxıb ardıcıl inkişaf yoluna qədəm qoydu. Spiker vurğulayıb ki, Ümummilli Liderimizin inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Onun həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətə çevirib. Ali Baş Komandanın rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında əldə edilən möhtəşəm qələbələr nəticəsində erməni işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılıb, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsi dəyişib. Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən ölkələri sırasında yerini daha da möhkəmləndirəcəkdir. Sonra Milli Məclisin sədri Qurban bayramı və Müstəqillik Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını təklif edib. Spikerin təklifi alqışlarla qarşılanıb. Çıxışına yekun vuran spiker Sahibə Qafarova Qurban Bayramı və Müstəqillik Günü münasibəti ilə deputatlara və parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələrinə də təbriklərini çatdırıb. O, Milli Məclisin yaz sessiyasının uğurla başa çatması ilə əlaqədar səmərəli iş üçün deputatlara təşəkkür edib və Milli Məclisin yaz sessiyasını bağlı elan edib. Sonra iclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
