Demo Sayt » musahibe » İraqlı tələbə: “...elə bildi, başa düşmürəm, çox pis söyüş söydü”


İraqlı tələbə: “...elə bildi, başa düşmürəm, çox pis söyüş söydü”

3-05-2017, 11:27
Çap et
İraqlı tələbə: “...elə bildi, başa düşmürəm, çox pis söyüş söydü” - İraqda yaxşı vəzifədə işləmək istəyirsənsə, mütləq həkimlik ixtisasını bitirməlisən. Universiteti digər ixtisaslar üzrə bitirdinsə, qalacaqsan ortada. Ya taksi sürücüsü olacaqsan, ya da işsiz sakin”.
Budəfəki müsahibim 21 yaşlı iraqlı tələbə Hassan Duraiddir. Suriyada anadan olub. 6 il sonra İraqın paytaxt şəhəri Bağdada köçüblər. Ailədə 3 qardaşdırlar. Atası kompüter mühəndisi işləyir, anası isə evdar qadındır.
Bakıya gələndə oxumaq barədə heç fikirləşməyib. Azərbaycana ilk dəfə gəzmək üçün gəldiyini deyən Hassan indi isə burdan getmək istəmir.

- Dostum Azərbaycan Texniki Universitetində üçüncü kursda oxuyur. Məni dəvət etdi ki, gəl, gəzək buranı. Mən də hər yay bir ölkəyə səyahət edirəm. Bura 14 günlük gəzməyə gəldim. Xoşuma gəldi. Sonra dostum məsləhət gördü ki, qal, burda oxu. Çünki İraqda oxumaq üçün imkanlar yaxşı deyil. Orda oxuduqdan sonra işləmək mümkün olmur. Hər şey pisdir. İş tapmaq çətin olur. Orda ancaq həkim işləyə bilərsən. Başqaları üçün iş yoxdur. Məsələn, mən mühəndisliyi bitirirəmsə, sonra işləmirəm. İraqda çox dostum var ki, kompüter mühəndisliyini qurtarıb, amma taksi sürücüsü işləyir. Dolanışıq da çox çətindir. Qiymətlər bahadır. İraqda varlısansa, qorxmalısan. Gecə yatıb səhər durmaya bilərsən. İraq ətrafında da vəziyyət pisdir. Paytaxtda da isə durum nisbətən yaxşıdır. Əvvəl komendant saatı var idi, saat 8-dən sonra kim bayıra çıxdı, güllələyirdilər. Suriyada isə müharibə olmadan əvvəl insanlar xoşbəxt idi.
Artıq 5 aydır ki burdayam. Hazırlıq kursunda oxuyuram.
“Azərbaycanda insanlar sülh şəraitində yaşayır”
Hassan deyir ki, bir çox ölkələrdə olub, amma Azərbaycanda fərqli münasibət görüb.

- Türkiyədə, Gürcüstanda olmuşam. Türkiyədə 3 ay qaldım. Orda rahat deyildim. Çünki insanların münasibətləri pis idi. Xoşuma gəlmədi. Xarici vətəndaş, xüsusilə İraqdan gəldiyini biləndə yaxşı davranmırlar.
Eşitdim ki, Azərbaycanın təbiəti çox gözəldir. Bura gəlməyə qərar verdim. Burdakı insanların münasibəti normaldır. Hətta məni azərbaycanlıya bənzədirlər. Bir dəfə metroda dostum zəng vurmuşdu, ərəb dilində danışırdım. Bir oğlan məəttəl şəkildə mənə baxırdı. Yaxınlaşdı ki, sən xaricisən? Dedim, hə. Dedi, azərbaycanlıya oxşayırsan.
“Avtobus sürücüsü 5 manatımı aldı, qaytarmadı”
Hassan da hər bir əcnəbi kimi Azərbaycana təzə gələndə ünsiyyət qurmaqda çətinlik çəkib. Hətta bir neçə dəfə də aldadılıb.

- Bura ilk gələndə dili bilmədiyim üçün ünsiyyət qurmaqda çətinlik çəkirdim, amma yavaş-yavaş öyrənirəm. Əsas mağazalara gedəndə “Filan şey istəyirəm”, “Bu neçəyədir?” deyə bilirəm. Fikrimi izah etmək çətin olmur. Ancaq bəzən qiymətlərdə aldadırlar məni. Bir dəfə avtobus sürücüsünə 5 manat uzatdım, dedi, neçə nəfər? Mən də başa düşmədim, düşüb getdim, o da heç arxamca səslənmədi.
Azərbaycan dilini öyrənmək çətin oldu. Eyni ərəb sözləri olsa da, danışmaq çətindir.
“Sevgilimlə ünsiyyətdə “Google” kömək edir”
Hassana Azərbaycan dilini sevgilisi öyrədir. Azərbaycanlıdır. 20 yaşı var. Tanışlıqlarından danışır...

- Sevgilim dostumun bacısının rəfiqəsidir. Məni bəyəndiyini dostuma demişdi. Dostum da gəldi mənə dedi. Dedim ki, lap yaxşı, mənim də ondan xoşum gəlir. Sonra nömrələrimizi bir-birimizə verdik. Elə ünsiyyətimiz başladı. (gülür)
Sevgilimə təklif etmişəm, gedib İraqda qalarıq, amma o qorxur. O getməsə, mən onunla burda qalmağa razıyam. Burdan başqa ölkəyə getmək istəmərəm.
Sevgilimə şərtlər qoymuram. Demirəm ki, ora getmə, bura getmə, ya filan saatda evdə ol. Sərbəstlik vermişəm. Mən necə, o da elə. Ona hər şey olar. Mən o qıza inanıram. O da həmçinin mənə inanır. Dedim ki, bu yay İraqa gedəcəm, deyir, getmə, darıxacam.
Sevgilimlə Azərbaycan dilində ünsiyyət saxlayırıq. O mənə Azərbaycan dilini, mən də ona İngilis dilini öyrədirəm. Hərdən bir-birimizi başa düşməyəndə “Google” köməyimizə çatır (gülür). Elə olub ki, sözü səhv başa düşmüşəm, aramızda mübahisə yaranıb.
Əslində bizim adətlərə görə qız-oğlanın bir-biri ilə tanış olub sevgili olması qəbul edilmir. Olmaz yəni. Birinci valideyn razılığı olmalıdır ki, sevgili ola bilərlər. İndi bilmirəm, ailəm azərbaycanlı qızla ailə qurmağıma razı olacaq, ya yox, amma atam mənim dostum kimidir. Həmişə mənə deyib ki, sən kimi istəsən, onunla evlənərsən. Çünki bu, mənim həyatımdır. Qarışmır mənə. Zamanı gələndə ailəmə sevdiyimi deyəcəm, hələ vaxtı deyil. Bizdə ailə razı olmasa, qız qaçırtmaq söhbəti yoxdur. Alınmırsa, ayrılırıq.
“Orda ancaq şam yandırırlar”
Bir az da adətlərdən danışan Hassan deyir ki, bura ilk gələndə ən çox təəccübləndiyi şey azərbaycanlı qızların hicabsız gəzməkləri olub.

- Sizin qızların 90%-i hicab geyinmir. Bizdə amma ola bilər ki, 30 % hicab geyinməsin.
Adətlərimiz çox oxşardır, hətta bayramlarımız da eynidir. Novruz bayramında burda tonqal, bizdə isə ancaq şam yandırırlar.
Yeməklərinizdən ən çox pitini sevirəm. Biz daha çox yağlı yeyirik. Sizin yeməkləri həzm etmək bir az çətin olur. Bir dəfə sevgilim şorba bişirmişdi, xoşlamadım. Dadlı deyildi. Yemək bişirməyi bilmir.
“Xarici qonağa “xoş gəlmisən” demək yerinə, söyüş söyürsən”
Bir neçə dəfə azərbaycanlı oğlanlarla mübahisəsinin düşdüyünü deyən Hassan əksər yerli oğlanların xarici vətəndaşları lağa qoymasını qınayır.

- Əksər oğlanlar yoldan keçəndə xarici görən kimi söz atırlar. Bir dəfə ərəb dilində danışırdım, oğlan söyüş söydü, çox pis sözlər dedi. Elə bildi ki, başa düşmürəm. Qayıtdım ki, sən ölkənə gələn xarici vətəndaşa belə edirsənsə, gör öz yerlinə qarşı necə davranırsan. Sənə yaraşmaz. “Xoş gəlmisən” demək yerinə, söyüş söyürsən.

Fərizə Əhmədova
Reytinq: