Gövhər Həsənzadə: “Qızımın 13 yaşı olanda bu sirri açacam”9-06-2015, 17:31
Çap et Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə adı Azərbaycanın “Eurovision” tarixinə düşən insanlardandır. Onunla təkcə musiqi deyil, mədəniyyət və incəsənət aləmində baş verən bir çox hadisələrlə bağlı çox söhbətləşirik. Budəfəki söhbətimiz isə tamam başqa istiqamətdə olmalıydı. Müsahibə vaxtını dəqiqləşdirmək üçün bir neçə dəfə zəngləşdik. Nəhayət, iş gününün sonunda görüşdük. Gövhər xanım indiyədək heç yerdə danışmadığı bir çox mətləblərin üstünü açdı.- Gərgin iş rejimində çalışırsız. Söhbətimiz zamanı bəzi kişilərdən çox işlədiyinizi dediniz. Bu durumunuzda sizə həm də sevimli bir qadın olmanızı xatırladan biri varmı? - Əgər qadınamsa, mütləq xanım olmalıyam. Xanımlığımı istənilən insanla ünsiyyət və münasibətdə hiss edirəm. Hətta kiminləsə ziddiyyətli fikir mübadiləsində belə, qarşı tərəf heç vaxt mənə təhqir və hörmətsizliyə keçmir. Sevinirəm ki, mənimlə danışanda sözləri seçirlər. Maşın sürmək mənə uyğun deyil. Mən içərisində olduğum maşın park ediləndə belə, ətrafdakıların hörmətini hiss edirəm. Ən yüksək mövqedə olan insanlar mənə tapşırığı əmr yox, rica formasında verir. Heç zaman hiss etməmişəm ki, kimsə mənimlə sıradan biri kimi danışsın. Mənə hörmətsizlik edən adam çox tərbiyəsiz biri olmalıdır. Mənimlə ünsiyyətdə olan qarşı cinsin nümayəndəsi ola bilməz ki, xüsusi bir nəvaziş göstərməsin. Hətta səs tembrlərindən bunu hiss edirəm. - Belə halda sizə məhəbbət etiraf etmək asandır, yoxsa çətin? - Bəzən soyuqqanlı, qapalı, acı görünə bilərəm. Amma çox səmimi və mərd insanam. Hər zaman elə bilmişəm ki, mənə məhəbbət etiraf etmək asandır. Amma ömür boyu bundan əziyyət çəkmişəm. İllər sonra bilmişəm ki, kimsə mənə nəsə etiraf etmək istəyib. Yaxud bir saat oturub söhbət etmişik, hər mövzuda danışmışıq, çox səmimi zarafatımız olub, gedəndən sonra mesaj yazıb ki, səninlə filan məqsədlə görüşmüşdüm. Əksəriyyəti deyib ki, qadın kimi məni çox bəyənib, amma yaxın ünsiyyətdə olanda o qədər hörmət edib ki, qadın-kişi münasibəti qurmaq istədiyini deməyə utanıb. Hamı hər zaman elə bilib ki, mənim həyatımda kimsə var. Mən hissləri zamana bölmürəm. Hansısa zamanda mənə hisslərimi bölüşmək üçün kimsə lazım deyil. Bu dünyada 8 milyard insandan biri mənə aid ola bilər. Mən o birini istəyirəm. Qadın bir nəfərə tabe, aid ola bilər. Ürəyim ruhumun meylini salacağı, yaşayacağı bir adama mənsub olacaq, məhz onun musiqisini yazacaq. - Ruhunuzun mənsub olduğu insan varmı? - Yoxdur. Heç vaxt aşiq olmamışam, vurulmamışam. Bəyəndiyim insanlar olub. Uzaqdan-uzağa baxmışam və özüm üçün onun heykəlini qurmuşam. Demək ki, bu geyimdə, bu tərzdə, bu danışıqda, bu səs tembrində insan var, uydurmamışam. - Əgər bəyəndiyiniz belə bir insan olubsa, bərabərliyinizə nə mane olub? - Çox şey. Həddindən artıq realistəm. Mənə kimsə sevgi etirafı etməyə hazırlaşanda belə, bunu əvvəlcədən anlayıram. Bu zaman o insan pərdəni ortadan götürməmiş mən özüm kartları açıram. Məlum olur ki, o insan məni düzgün qəbul etməyib, bir az ideallaşdırıb. Heç kəsin üzünə “yox” sözünü deməmişəm. Qəlbini sındırmadan bu birgəliyin mümkün ola bilməyəcəyini anlatmışam. Amma həyatımda çox gülməli məhəbbət etirafları olub. Məni sevən insanların hər birinə tək-tək minnətdaram. Hər birindən üzr istəyirəm ki, mən onlara aid deyiləm, onların ürəyində olan o yerə layiq görüblər məni, amma mən o yeri boş qoymuşam. Allah hər kəsə sevmək qabiliyyətini vermir. Hər birinə çox minnətdaram ki, məni o sevgiyə layiq biliblər. Bəzən mənim də xoşum gəlib, amma alınmayıb. Amma hisslərini gizlətməyi bacaran bir insanam, özünə qarşı təvazökar, güvənsiz bir insanam. Bəzən belə səbəblərdən geri çəkilmişəm. Bəzən sevməkdən qorxmuşam. Qürurumun sınmağını istəməmişəm. Bu qürur da məni heç vaxt buraxmayıb ki, hisslərimin əsiri olum. Sevgi ruhun məhsuludur, qürur isə ağlın. Qadın olduğuma görə qorxmuşam, əşyaya çevrilməyə, sınmağa, gülünc vəziyyətə düşməyə, xəyanətə əsir olmağa qorxmuşam. Bəzən addım atmağa ürək etməmişəm. Arada peşman olurdum. Amma yaşa dolduqca peşmançılıq da yoxdur. Düşünürəm ki, bu gün ürək ağrısı çəkib, göz yaşı töküb, özüm-özümə güzgüdə baxıb utanmaqdansa ki, filan vaxtı məni necə sındırdılar, filan vaxtı necə aciz duruma düşdüm bu gün soyuq və tənha olsam yaxşıdır. Özüm özümə güzgüdə baxıram və düşünürəm ki, tək də olsam, heç kəsin kölgəsi üstümdə yoxdur. - İndiyədək qəlbinizi titrədən, toxunan məhəbbət etirafı olubmu? - Ağlamayan insanam. Çox ağrılı və bəşəri hadisələrə ağlayaram. Lakin ağladığım, vicdan əzabı çəkdiyim anlar olub ki, bu insanın etirafı qarşısında heç nə edə bilməyəcəm. Bəzən gözlərim bərələ qalıb ki, bu etiraf mənə gəlir?! Görürəm ki, insan çox həssasdır, çox ciddi şeylər baş verir. Mən ancaq sakit və qorxa-qorxa soruşa bilərəm ki, mənim nəyimi sevirsən bu qədər? Cavab bu olub ki, - “özüm də bilmirəm”. - Ən yaddaqalan hansı olub? - Mənim həyatım bir romandır. Əksər hallarda məni silahsız yaxalayıblar, onda çox pərt olmuşam. Kiməsə güvənib, inanaraq səmimi söhbət etmişəm, içimi açmışam. Bir də baxmışam ki, qarşımdakı insan sual dolu baxışlarla “sən kimdən kimə danışırsan” deyib. Ünvanı düz tapmamışam. Bu, ən dəhşətlisidir. Bəzən rahat, həyatın maskalarını çıxarıb kənara qoyduğum, özümü rahat hiss etdiyim zaman qarşı tərəfdən etiraf hücumu başlayıb. Hər kəs mənim şirniyyata meylliliyimi bilir. Otellərin birinin açılış mərasimi idi. Bilirdim ki, orada şirniyyatlar da olacaq. Amma getmədim. Çünki bilirdim ki, həmin otelə aidiyyatı olan dəliqanlı mənə sevgi etirafı etmək istəyir. Səhəri gün tezdən oyandım, rəfiqələrimdən biri dedi çıxım eyvana. Yaşadığım prospekt boyu mənim sevdiyim tortun adı yazılmışdı və ürək şəkli çəkilmişdi. Qapının da ağzına həmin tortlardan düzülmüşdü. Gördüm polislər yığışıb. Həmin adamı buna görə polislər saxladılar, amma buraxdılar. Sonra həmin adamı yaxın rəfiqələrimin biri ilə tanış etdim və ailə qurdular (gülür). - Bəs sizə ilk məhəbbət etirafı nə zaman olub? - Uşaqlıqda gözəllik deyilən şey məndən uzaq bir planetdə olub. Qara, balaca, cılız qız idim. O qədər balaca, çəlimsiz idim ki, partanın arxasından yalnız iki gözüm görünürdü. 1-ci sinifdə sarı, albinosa oxşayan oğlanla eyni partada otururdum. Qış aylarında üstündə ayı şəkli olan plitka şokolad və gül gətirdi. Özü də səbəbsiz bir vaxtda, bayram da deyildi. Bu da bir hadisəyə çevrilmişdi. Birinci sinifdən də çıxıb getdi. Elə əvvəldən mənimki gətirmir (gülür). 4-5-ci sinifdən mənə konkret sevgi etirafları gəlməyə başladı. Çox aktiv qız idim. Bədii gimnastika üzrə şəhər çempionu, dama üzrə rayon çempionu olmuşam. Fərdi rəsm sərgim olub, aykido ilə məşğul olmuşam. Uşaqlıqdan başında bant qız xeylağı, özü ilə oynayan, güzgü əlində olmamışam. Liderlik edirdim. Sinfimizdə oğlanların nə problem olubsa, gəlib mənə deyirdilər. Çoxlarına şparqalka paylamışam. Yoxlama işlərini alıb vərəqləri dəyişirdim, onların xətti ilə yazırdım. Yaxşı mənada Allahın bəlası idim. Anamı məktəbə çox çağırıblar. Amma hər zaman yaxşılıq baxımından. Məni sevən insanlar hər zaman güclü insanlar olublar. Çünki ipə-sapa yatmayan bir qadını əhliləşdirmək istəyən kişi gərək özünə güvənsin ki, mən bu xanıma sahiblənə bilərəm. Çox adam deyir ki, nəyimə lazımdır, dəli şeydir. Mənim qarşımda oturub yalan danışmağın, lirik cümlələr qurmağın yeri yoxdur. Çünki lirikanı da, musiqini də özüm yazıram. Lazım olan rəsmi tədbirlərin proqramını da özüm tuturam. Özümdə hər şey var. Məni heç vaxt şəxsiyyətsiz, hörmətsiz, kişi adına layiq olmayan adam sevməyib. Mən özümlə fəxr edirəm ki, mənə sevgi etirafı edənlərin hamısı kişi adamlar olub. - Onda sizi necə ram etmək olar? - Səmimiyyətlə, mərdliklə. Fəhlə olacaqsan, gəlib fəhlə kimi qarşıma çıxacaqsan. Fəhlə kimi şərtlərini deyəcəksən. Mənəviyyatca aşağı olan adam mənimlə danışa bilməz. Mənəviyyatlı, məntiqli, güclü, mərd insan qarşıma çıxıb “səni sevirəm” deyirsə və normal kişidirsə, düşünməlidir ki, sevirəm dedim, bəs sonra? Gövhər deyər – “lap yaxşı, mənim də səndən xoşum gəlir”. Sonra mənə nə təqdim edəcək? Yalnız bunu deməyə gəlibsə, axmaq adamdır. “Gövhər, səni sevirəm” demək “Gövhər, mənim ol” deməkdir. Mənim də onun olmağım o deməkdir ki, məni xoşbəxt qadın etmək üçün bütün problemlərimi məndən uzaqlaşdırıb, sahibim olmalıdır. Ən azı atam qədər mənə haqqı olmalıdır. Mənim bugünkü həyat tərzimlə bu haqqı əldə edə biləcəkmi? Mən 25-30 ilimi karyerama, brendimə, ləyaqətimə, Gövhər xanım adına sərf etmişəm. Mənim cəmiyyətə hazırladığım gözümün ağı-qarası bir övladım var. Bu baxımdan insan mərd insan olaraq hər şeyi gözə alıb qarşıma çıxmalı və mənə sevgi etirafı etməlidir. Qarşımda mənim yükümü, keçmişimlə, gələcəyimlə daşıya biləcək çiyinlərə malik olan o insanı görməliyəm. - Bəs siz qarşılığında ona nə söz verirsiniz? - Sevgi söz vermirəm. Məni öz sevgisi ilə təmin edən məsuliyyətli bir insanın həyatında var olmağım onun ən böyük xoşbəxtliyidir. Əgər onun xoşbəxtliyi mənim onun həyatında olmağımdırsa, götürsün, mən varam. Öz varlığımı verə bilərəm. Mən öz varlığımı bir insanla bölüşə bilərəm. Mənəviyyatı, bədəni, düşüncəsi ilə bir qadın bir kişiyə aid ola bilər. Gövhər Həsənzadəni xoşbəxt etmək üçün bir kişi addım atmamışdan öncə məsuliyyət daşımalıdır. Mərd, ağıllı və böyük ürəyə sahib olmalıdır. 40 yaşından sonra bir qadını dəyişmək ağılsızlıqdır. Bu heykəl var. Heykəldə səhv tutmaq olmaz. Yonmaq istəyirsənsə, get, 16-18 yaşında xanımla ailə qur. Ortada bir övlad var. Sən sevdiyin xanımın övladının həyatındakı ata boşluğunu doldura biləcəksənmi? O uşaq sənə baxanda başa düşsün ki, mən anamı bununla bölüşmürəm, bunlar ikisi məni sevir və ananın bir parçasıdır. Bu ürək hər kişidə varmı? Ona görə qarşıma çıxan adam - istər fəhlə olsun, istər nazir, istərsə şeyx – kişi adam olmalıdır. - Dediniz, ətrafınızda olan qızlardan fərqlənmisiniz. Demək, ailə qurmaq baxımından da düşüncəniz fərqli olub… - Mətbəx əşyalarına marağım çox olub. Xal-xal mətbəx əşyalarını sevirdim. Anam hər zaman deyirdi ki, bu qız bütün günü mətbəxdən çıxmayacaq, ancaq xörək bişirəcək. Hər şeyi fikirləşmişdim. Bircə ailə, həyat yoldaşım haqqında heç vaxt düşünmürdüm. 19 yaşımda elçilər gəlməyə başladı. Üstümə hücum çox tez başladı. Qoymadılar ki, bir xəyallara dalım. Çox ciddi təkliflər, elçilər, ailə söhbətləri başlandı. İlk dəfə 19 yaşımda adaxlandım. 19 yaşlı qız, nə olur-olsun, uşaqdır. Ailənin nə olduğunu bilmir. Mən ailə formatına sevgi, istək, romantika ilə gəlmədim. Ailə qurmağa bir sistem kimi baxdım. Mən heç vaxt görüşə çıxmamışam. Həyatım boyu olmayıb ki, kimsə məni hansısa ağacın dibində gözləsin, mən də ya tələsə-tələsə, ya gizlənə-gizlənə, qaça-qaça ora gəlim. Həyatımda romantika olmayıb. Kaş olaydı... Amma müəyyən yaşdan sonra mənim həyatımda elə romantikalar başladı ki… Bəlkə də rejissorlara pulla sataram o ssenariləri. Başqa ölkədə heç kimin ağlına gəlməyən sevgi etirafından tutmuş, atəşfəşanlığa qədər… İstirahət etdiyim məkanda bir də baxmışam ki, yaxtaya adım yazılaraq bəzədilib. Heç vaxt özümü o möhtəşəm sevgi etirafları ilə təsəvvür etməmişəm, sanki layiq bilməmişəm. - Niyə? - Özümə güvənməmişəm. Hər zaman düşünmüşəm ki, kimsə mənimlə zarafat edir, ya da kimsə kiminləsə mərcə gəlib ki, Gövhərin üzünün reaksiyasına baxaq. Məndə naz, qəmzə, olmayıb. Hansısa məclisə kiməsə görə geyinib getməmişəm. Hardasa kiminsə olduğunu görüb oturuşumu-duruşumu dəyişməmişəm. Məclislərə şax girmişəm, şax çıxmışam, demişəm, gülmüşəm. Mənə romantik etiraflar olanda düşünmüşəm ki, bu, mənim nəyimə vurulub? Eyvanıma gül ləçəkləri yağıb. Demişəm, görən bunu mənim hərəkətimin hansı hissəsinə yaraşdırıb? (gülür). - Ailənizin məsləhəti ilə ailə qurdunuz? - 33 yaşımda ailə qurdum. Kifayət qədər tanınırdım. Ailə qurmaq həyatımda protokol baxımından olub. Amma seçimi özüm etdim. O vaxt mənə məsləhət verə də bilməzdilər. Kim deyib ki, bütün insanlar xoşbəxt olmalıdır? Bəlkə də ya məni, ya başqa birini xoşbəxt edən insan Afrikadadır, heç biz ömür boyu bir-birimiz görməyəcəyik. Bəlkə da lap yaxınımızdadır, amma görüşmək qismət olmur. Amma ailə qurulmalıdır. Qadına övlad lazımdır. Elə bir kişi yoxdur ki, hardasa övladı olmasın. Bəzilərinin sadəcə xəbəri yoxdur. Qadın ömür boyu özünü fəda edən bir qüvvədir. Ana olan hər kəsi xoşbəxt qadın hesab edirəm. Heç bir normal qadın bətnindən çıxan övladını atmaz, öldürməz. Qadın hamilə olanda psixologiyası tamamilə dəyişir. Hər bir qadının arxasında bir kişi lazımdır. Kişisiz qadın normal deyil, yarımçıq qadındır. Uşaq anada olan sevgini ana kimi, atada olan sevgini ata kimi almalıdır. Gövhər Həsənzadə olma, kim olursan ol, uşağa süd verən, başını tumarlayan, çimizdirən, yanında yatızdıran qadın anadır. Biri də var, pərdənin arxasındakı qürur. Uşaq məktəbdə, ya hardasa problem yarananda bilsin ki, evdə atası var. Uşaq heç vaxt “anam gələr, səni nə edər demir”, uşaq hər zaman deyir ki, “atam gələr”. Ana utanmamalıdır ki, düz ata seçməyib. Xanımlarımız sevgiyə çox uymasınlar. Sevgi ikinci yerdədir. Sevgi ruh halıdır. Gövhər parlaq, cəmiyyətdə, öndə, hər kəsin gözü qarşısında olan qadınlardan, cəmiyyətin qadın nümunələrindən biridir. Yaxşı və ya pis nümunə olmasını artıq xalq deyə bilər. Gövhər sevgiyə, ruh halına uyub öz heykəlini, şəxsiyyətini ruhun əlinə verə bilməz. Uşağımı atıb, valideynlərimin başını aşağı salıb sevdiyimlə qoşulub getdim nə deməkdir? Səni sevən adam heç kimin yanında başının aşağı olmasını istəməz. Səni ləkələyən kişi kişi deyil. - Olqun yaşda ailə qurdunuz. Bəs səhv seçim etdiyinizi nə zaman anladınız? - İndi də olsa, eyni addımı atardım. Mən səhv etməmişəm. Mənim həyatıma zərbə vuran paxıl və qısqanc insanlar oldu. Bu övladımı başqa heç kimdən ala bilməzdim. Başqa adamdan başqa övlad olacaqdı. Mən Tanrıdan istədiyim övladın sahibiyəm. Ondan daha ağıllısı mənim üçün çox olardı, ondan ağılsızı az olardı. Gözü-könlü tox, mənim qədər təvazökar bir insandır. Heç bir iddiası yoxdur. Anasının Gövhər Həsənzadə olmasından belə utanır. Deyir biz gəzməyə gedəndə olar ki, bizi heç kim tanımasın? Olar ki, sən məktəbə gəlməyəsən? Bəzən fikirləşirəm ki, naşükürlük edir. Amma bəzən fikirləşirəm ki, sabah mən olmayanda qızım həyatda sınmayacaq. Mənim olmamağım ona ancaq anasızlıq kimi təsir edəcək. Məktəbdə özü öz qiymətini almaq istəyir. Uşaqlar avtobusda gedirlərsə, mən istəyirəm o, maşınla getsin. Amma o, avtobusla gedir. Ad günlərini belə, restoranda keçirəndə bir ay ona yalvarmışam. Bu uşağı mən başqa atadan ala bilməzdim. Nilgünə mənim bir sirrim var. Bu da onun atası haqqındadır. Nilgünün 13 yaşı olanda biz bu barədə danışacağıq. Nilgün xoşbəxt insandır. Onun çox gözəl atası var. Nilgün iki düz, dürüst insandan yaranıb. Qızımın valideynlərilə bağlı utanılacaq heç bir şeyi yoxdur. - Nilgünlə ana-qız münasibətləriniz necədir? - Çox demokratik, özəl, zarafatyana. İndiyədək onun əlinin üstündən də vurmamışam. Əvvəl çox kök idi deyə vurmurdum, qızarırdı. İndi böyüyüb, vursam, qüruruna toxunaram. Özünü döydürən, söydürən uşaq deyil. Aramızda pərdə də var. Çünki yaş fərqimiz də çoxdur. Heç vaxt “mən istəyirəm” demir. Həmişə deyir “ana, sən istəyirsənsə, filan şey alaq, ya filan şey edək, filan yerə gedək”. Nilgün başa düşür ki, anası onun tək valideynidir. İndiyədək məndən atasının harada olduğunu və niyə olmadığını soruşmayıb. Çünki biz bu söhbətə onun 13 yaşında qayıdacağıq. Onun yanında heç kimdən danışmırıq, qeybət etmirik. Onun yanında hamımız imam övladı, mələyik. Özümü heç vaxt onun yanında qeyri-səməmi aparmamışam deyə mənə inanır. Onun üçün mən konstitusiyayam. Hətta dərsdən neçə alacağını da məndən soruşur. Çünki mən ona neçə deyirəm o qiyməti də alır. Həyatın iyrənc sifətini görənədək saf böyüdürəm ki, həyata, insanlara normal yanaşsın. Amma Nilgün o qədər patriotdur ki... Deyir “ana, danışma, himn çalınır”. Ya da deyə bilər ki, “bayrağı niyə tərs qatlamısan?” Məni yuxudan oyadır ki, Azərbaycan “Eurovision”da çıxış edir, dur baxaq. Bu il mənə deyir ki, “artıq sən “Eurovusion”a da get. Başqa işlər görürsən, bunu da elə”. Ona dedim ki, söz verirəm, gələn il özüm “Eurovision”la məşğul olacağam. Onun uşaq dünyasını dağıtmaq istəmirəm. Ona uşaq geyimi olmayan paltar almıram, uşağa aid olmayan söhbət etmirəm. Musiqi duyumu çox pisdir, amma mənə mahnı oxuyanda yorğun da olsam, onu axıradək dinləyirəm. Məktəbdə ondan çox razılıq edirlər. - Bacı-qardaş arzulayır? - Bəzən mənə deyir ki, “hamı həkimə gedir bacı-qardaş gətirir”. Onun iti, pişiyi, tısbağası, kirpisi, tutuquşusu var. Bacı-qardaşı canlıların hamısı ilə əvəz etmək istəmişik. Amma bir dəfə mənə dedi ki, “ana, bunlar mənimlə danışmır”. Mən istəyirdim 2 oğlum, 2 qızım olsun. Düşünürdüm ki, evdar xanım olacam. Həyat dedi ki, “ssenarini özünə saxla”. Kaş ki, çox uşağım olaydı... Amma Nilgündən xahiş edəcəm ki, nəvələrim çox olsun. Ümidə QƏHRƏMAN Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə adı Azərbaycanın “Eurovision” tarixinə düşən insanlardandır. Onunla təkcə musiqi deyil, mədəniyyət və incəsənət aləmində baş verən bir çox hadisələrlə bağlı çox söhbətləşirik. Budəfəki söhbətimiz isə tamam başqa istiqamətdə olmalıydı. Müsahibə vaxtını dəqiqləşdirmək üçün bir neçə dəfə zəngləşdik. Nəhayət, iş gününün sonunda görüşdük. Gövhər xanım indiyədək heç yerdə danışmadığı bir çox mətləblərin üstünü açdı.