Demo Sayt » sosial » Gənclərin mütaliəyə marağı kəskin azalıb


Gənclərin mütaliəyə marağı kəskin azalıb

5-05-2017, 19:53
Çap et
Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Yazıçılar Birliyinin üzvü


100 nəfərdən çox yeniyetmə və gənclə söhbət əsnasında aydın oldu ki,
onların çoxu müxtəlif əyləncələrlə maraqlanır.


Bir məsələ məni çox narahat edir. Nədənsə son illərdə yeniyetmə və gənclərin əksəriyyətinin mütaliəyə olan marağı kəskin azalıb. Mən şagirdlərlə, gənclərlə çoxlu söhbətlər aparıram. Onların bədii kitaba olan münasibətləri ilə maraqlanıram. Təsəvvürünüzə gətirin, orta məktəbi əla qiymətlərlə bitirən, sonra isə yüksək bal ilə ali məktəbə qəbul olunan və ali məktəbi müvəffəqiyyətlə bitirən gənc deyir ki, mən bu vaxta qədər nə qəzet, nə də bədii kitab oxumuşam. Gənclərin, eləcə də məktəblilərin söhbətlərindən məlum olur ki, onlar kitabxanaya əsasən dərs vəsaitlərinə ehtiyac olduqda müraciət edirlər. Gənclərin əsas maraqlandığı sahə internetdir. İnternetdə onların ən çox müraciət etdiyi sahə isə ya dərsliklər, ya da əyləncədir. Gənclərin mütaliəyə marağı kəskin azalıb Düzdür, orta məktəblərdə ədəbiyyat dərslərində şagirdlər şair və yazıçılar, onların əsərləri haqqında müəyyən qədər bilik qazanırlar. Lakin bu onların şair və yazıçılarımızı dərindən tanımağa kifayət etmir. Gənclərin dünyagörüşlərinin düzgün formalaşmasında bizim şair və yazıçılarımızın əsərləri böyük rol oynaya bilər. Onların hər bir əsəri gənclərimiz üçün bir örnəkdir. Bu mövqedən heç bir internet kitabı əvəz edə bilməz. Biz müasirliyin, internetin əleyhinə deyilik. Lakin əhəmiyyətli amillərdən də uzaqlaşmaq düzgün deyil.
Son illərdə ədəbiyyata gəlmiş bəzi şair və yazıçıların əsərləri də gənclərimiz üçün maraq doğurmalıdır. Bu şair və yazıçılar arasında da öz əsərlərində müəyyən problemləri araşdıran, düşünməyə vadar edən bədii əsər müəllifləri də kifayət qədərdir.
Düzdür, son 10-15 ildə “bədii kitab”lar çox çapdan çıxıb. Bu kitablarda çeirlər və müxtəlif nəsr əsərləri toplanmışdır. Özlərini şair və yaxud yazıçı hesab edənlər çap etdirdikləri bu kitablarında bədii cəhətdən çox zəif olan, oxucuların düşüncəsində heç bir iz qoymayan yazılar verirlər və sonradan da həmin səviyyəsiz kitablarla özlərini müxtəlif idarələrdə reklam edirlər.
Hər halda intellektual səviyyəli gənc müasir ədəbiyyatla da maraqlanmalı, çap olunan kitablar içərisində bədii cəhətdən yüksək səviyyəli, məzmunca daha düşündürücü kitabları özü üçün ayırd etməyi bacarmalıdır.
Reytinq: