Demo Sayt » sosial » “Bizim güclü potensialımız və güclü ordumuz var”


“Bizim güclü potensialımız və güclü ordumuz var”

14-08-2017, 15:43
Çap et
“Bizim güclü potensialımız və güclü ordumuz var” Bilirik ki, ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmənin növbəti təxribatına layiqli cavab verdi, bir sıra mühüm strateji əhəmiyyətli mövqelər, ilk növbədə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçdi.
Və sonra bu təhlükə aradan qaldırıldı, Lələtəpədə Azərbaycan bayrağı ucaldıldı. Bu əməliyyatı Prezident, Ali Baş Komandan İlham Əliyev də yüksək qiymətləndirərək dedi: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsi hər bir Cocuq Mərcanlı sakini kimi, bütövlükdə xalqımızın, bütün qaçqın və məcburi köçkün soydaşlarımızın da böyük sevincinə səbəb oldu. Həmin kənddə həyatın normal axarına qayıtması, insanların təhlükəsiz yaşaması, əsaslı yenidənqurma, bərpa işlərinə başlanılması, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün əlverişli şərait yarandı.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” tarixi sərəncamı dövlətimizin siyasi iradəsinin, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq əzminin real ifadəsi olmaqla, xalqımızın öz Prezidentinə sonsuz inamını, geriyə qayıdışa əminliyi daha da gücləndirdi.
Bu sərəncamdan bir neçə gün sonra - fevralın 10-da imzalamış “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” növbəti sərəncam özlüyündə böyük tarixi-siyasi əhəmiyyət kəsb etməklə yanaşı, dövlətimizin artıq bu istiqamətdə əməli fəaliyyətə, real işə keçdiyini dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edən ciddi bir mesaj oldu.
Bəli, bu gün Cocuq Mərcanlıda həyat qaynayır. Uzun illər bir-birlərinin həsrəti ilə yaşayan kənd və kəndin sakinləri nəhayət ayrılığa son qoyulacağı, qovuşacaqları günü səbirsizliklə gözləyirlər.
Ölkə başçısının gündəlik nəzarətində olan və Böyük Qayıdışın ilk qaranquşu hesab edilən Cocuq Mərcanlı kəndinin bərpası tezliklə başa çatdırılacaq və məcburi köçkün soydaşlarımız öz əzəli ata-baba yurdlarına qayıdaraq bu torpaqda həyatlarını quracaqlar.
Cocuq Mərcanlının bərpası olduqca mühüm tarixi əhəmiyyət kəsb edən cəsarətli addım, Ermənistana, onun havadarlarına, beynəlxalq aləmə ciddi bir siqnaldır. Azərbaycan Prezidenti bu qətiyyətli addımı ilə işğal faktı ilə heç vaxt barışmayacağını, danışıqların nəticəsiz qalacağı təqdirdə digər ərazilərimizi də eyni yolla azad edərək geri qaytarmaq və həmin ərazilərdə də bərpaya başlamaq əzmini bir daha dünyaya qəti şəkildə nümayiş etdirdi.
Prezident İlham Əliyevin söylədiyi kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda ölkəmizin apardığı diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biridir: “Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq. Qısa müddətdə Cocuq Mərcanlı kəndini yenidən quracağıq. Kənd sakinləri böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Bunun böyük tarixi əhəmiyyəti var”.
Azərbaycan xalqı kimi bütün qaçqın və məcburi köçkün soydaşlarımız hesab edirlər ki, artıq doğma ellərə qayıdış başlayır və bunun qarşısını almağa heç kəsin gücü çatmaz, bu, zamanın hökmüdür! Çünki Dağlıq Qarabağ bölgəsində 24 illik status-kvonu əsaslı şəkildə dəyişdirən aprel hərbi əməliyyatının möhtəşəm nəticələri Azərbaycanın mövqeyini daha da gücləndirməklə Ermənistanı dalana dirəyib. Elə bu günlərdə Ermənistanda baş verən çaxnaşmalar, Sarkisyan hakimiyyətinin laxlaması, onun qorxudan sərsəm bəyanatlar verməsi də buna əyani sübutdur.
Məhz elə bunlara görədir ki, indi yaxın və uzaq ölkələrin bir sıra nüfuzlu mətbu orqanları diqqəti ölkəmizin işğaldan azad olunmuş ərazisində bərpa işlərinin başlanılmasına, Cocuq Mərcanlı kəndinin sakinlərinin böyük həvəslə geri qayıtmalarına hazırlaşmasına yönəldirlər.
Cocuq Mərcanlı kəndinin bərpası xalqımızın işğal altında olan digər əraziləri də geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə nümayiş etdirir. Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə, eyni zamanda, dövlətin, cəmiyyətin yüksək əhvali-ruhiyyəsini, ovqatını dünyaya çatdırırıq. Elə cəmiyyətin də birmənalı mövqeyi, əminliyi ondan ibarətdir ki, tezliklə Azərbaycan işğal edilmiş bütün torpaqlarını geri qaytaracaq, yaşayış yerləri bərpa ediləcək, orada yaşamaq üçün infrastruktur yaradılacaq və bütün məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaq, insanlar doğma torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar. Bununla da həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq.
2017-ci il aprelin 2-də ölkə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva aprel döyüşündə şəhid olmuş igid Vətən oğullarının anaları ilə görüşdə xüsusi olaraq bir məsələyə diqqət çəkdi: «Erməni analar razı olmamalıdırlar ki, onların oğulları yad torpaqlarda ölsünlər...» Bu, əslində düşmənə sərrast cavab və qəti mesajdır.
Tam əminliklə deyirik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağı, bütün məcburi köçkünlərin doğma torpağa qayıdacağı gün çox da uzaqda deyil!

“Bizim güclü potensialımız və güclü ordumuz var”







Tünzalə İsmayılqızı
Reytinq: