Demo Sayt » sosial » Ötən il ölkədə 57 üçəm doğulub, əkizlərin sayı 2 mini keçib


Ötən il ölkədə 57 üçəm doğulub, əkizlərin sayı 2 mini keçib

15-02-2018, 11:27
Çap et
Ötən il ölkədə 57 üçəm doğulub, əkizlərin sayı 2 mini keçib Ötən il Azərbaycanda 2600-ə yaxın əkiz, 57 üçəm doğulub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144 041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil edib. Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olub.
Doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın düşüb.
Ötən il ölkədə 57 109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan əhalisinin sayı 88 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvarın 1-nə 9 898 085 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.
2018-ci il yanvarın 1-nə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.
Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.
Reytinq: