İMAMƏT SƏMASININ İKİNCİ ULDUZU İMAM HƏSƏNİN (Ə) MÜBARƏK MÖVLUDU20-05-2019, 10:21
Çap et Hacı Həsən Hüseyni, Qarabağ Müharibəsi əlili, islamşünas Ya Həsən! Əlidir mənim istəyim, Yolunda qurbandı, varsa hər nəyim. Bismillahir-Rəhmanir-Rəhim! İmam Həsən Müctəba(ə) Hicri-qəmərinin 3-cü ili Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açdı. Atası möminlərin ağası Həzrəti- Əli (ə), anası İslam Peyğəmbəri Həzrəti-Məhəmmədin (s) sevimli qızı, iki dünya xanımlarının rəhbəri Həzrət- Fatimeyi-Zəhradır (s.ə). İmam Həsənin (ə) ən məşhur ləqəbləri Müctəba və Sibti Əkbərdir. İmam Həsənin (ə) yaşayış dövrü üç hissəyə bölünür: 1. Peyğəmbərlə (s) birlikdə olan dövr - 7 il 2. Atası Həzrəti- Əliylə(ə) olan dövr - 37 il 3. İmamlıq dövrü - 10 il İmam Həsən (ə) dünyaya gələndən sonra Həzrəti- Əli (ə) onu Peyğəmbərin(s) yanına apardı. Peyğəmbər(s) buyurdu: "Ona bir ad qoymusunuz?" Həzrəti-Əli (ə) ərz etdi: "Ona ad qoymaqda sizdən qabağa keçə bilmərəm". İslam Peyğəmbəri(s) buyurdu: "Mən də Allahdan qabağa keçə bilmərəm". Sonra Allah-təala Həzrəti-Cəbraili (ə) nazil etdi və buyurdu: "Məhəmməd(s) üçün bir oğlan uşağı dünyaya gəlib, Mənim salamımı ona çatdır. Ona de ki, Əlinin sənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Ona Harunun oğlunun adını qoy! Harunun oğlunun adı Şəbərdir, ərəb dilinə tərcümə etdikdə, olar Həsən". Bu hadisəni gözəl təbli şair, Axund Hacı Soltan da belə nəzmə çəkib: Göz açıb aləmə izzət ilə Zəhra balası, Şahi-Mərdan-Əlinin çeşminin ağı-qarası. Nə qəmin vaxtıdır indi, nə də dərdin sırası, Çünki nə ahu-nəva, həm də nə fəryad günüdür. Şad ol ey şiə ki, İslamımızın şad günüdür. Əli övladı İmami Həsənin ad günüdür. Allah-təalanin vəhy mələyi olan Cəbrailin (ə) Yer üzünə nazil olaraq Həzrəti- Əlini (ə) bu mövlud münasibətiylə təbrik etməsi bu məqamının böyüklülüyünə ən gözəl dəlil və sübutdur. İmam Həsənin (ə) fəzilətləri o qədər çoxdur ki, nə yazmaqla, nə də danışmaqla tükənməz. Həzrəti-Əlinin (ə) şəhadətindən sonra İmam Həsən Müctəba (ə) Allah-təalanin əmri ilə imaməti öz öhdəsinə götürdü. İslam Peyğəmbəri (s) müxtəlif ibarətlərlə İmam Həsənin(ə) İmamətliyini bəyan etmişdir. Həm sünnü, həm də şiə alimlərinin yekdil nəqlinə görə Allahın Rəsulu Həzrətİ-Məhəmməd (s) dəfələrlə buyurmuşdur: "O (yəni Həsən) ağadır. Çünki ağa olmağı İmam ünvanıdır". Peyğəmbərin (s) buyurduğu bu hədis vacib edir ki, İmam Həsən (ə) Allah Rəsulunun (s) bütün ümmətinin ağası (İmamı) hesab edilsin. Bu o Həzrətin (ə) imamətinin bəyanıdır. Peyğəmbər (s) buyurmuşdur: "Həsən və Hüseyn iki imamdırlar, istər qiyam edələr, istər oturalar". Başqa bir hədisdə Peyğəmbər (s) buyurub: "Həsən və Hüseyn keçmişdəki insanların arasında keçmişdəki və gələcəkdəki insanlar arasında behişt cavanlarının iki ağasıdır. Onların atasının (Həzrət Əlinin) məqamı isə onlardan da yaxşıdır" İmam Həsən (ə) Əhli-beytdən (ə) (beş kimsədən) biridir. "Təthir" ayəsində Allah-təala "pənc-təni-ali-əba"dan bəhs edərək buyurur ki: “Allah siz Əhli-beytdən (ə) bütün çirkinlikləri apardı və Sizi pak-pakizə qərar verdi.” Hər iki firqənin etiqadlarına əsasən "pənc-təni-ali-əba"dan məqsəd Həzrət Məhəmməd, Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndir (ə) ki, "Təthir" ayəsi onların şəninə nazil olub. Ayədən aydın olur ki, İmam Həsən (ə) bir kəsdir ki, Allah-təala hər bir pisliyi və çirkinliyi Onun qəlbindən silmiş, o mübarək və pak qəlbi Quranın sirr və hikmətlərinin xəzinəsi, İlahi vəhyin layiqli təfsirçisi, dini öz həyatı ilə təmsil edən ismətli bir rəhbər əta etmişdir. İmam Həsənin(ə) barəsində nazil olan ayələrdən biri də "Mübahilə" ayəsidir . Hər iki məzhəbin etiqadlarına görə Allah-Təalanın "Mübahilə" ayəsində buyurduğu "Əbnaəna" kəlməsindən məqsəd yalnız İmam Həsən (ə) və əziz qardaşı İmam Hüseyndir. Həmçinin İmam Həsən (ə) "Əhli-kisanın" 4-cü nümayəndəsidir. Rəvayət ediblər ki, Allahın Rəsulu Həzrət Mühəmməd (s) bir gün Əli(ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyni(ə) bir əbanın altında cəm edib buyurdu: "Bunlar mənim Əhli-beytimdir (ə) ki, Allah-təala onları hər cür çirkinliklərdən və günahlardan pak etmişdir”. Yuxarıda nəql olunanları Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən olan mərhum Aşıq Əhməd Rüstəmov belə qələmə alıb: Beş kimsənin üzünə qərar tapıb durub dünya, Mühəmməd, Əli, Fatimə, Həsən, Hüseyni-Kərbəla. Əhməd deyər: "Bari-Xuda Pənci-təni-ali-əba" Yet ümmətin harayına ruzi-Qiyamət, ya Əli! Peyğəmğbər(s) bir gün öz səhabələrinə buyurdu: "İstəyirsinizmi əmi və bibi cəhətdən ən üstün olan şəxslərin kimi olduğunu sizə söyləyim?" Səhabələr dedilər: "Bəli". Peyğəmbər (s) buyurdu: "Onlar Həsən (ə) və Hüseyndir(ə).Əmiləri Behiştdə qanadları ilə uçan Cəfər Təyyar və bibiləri də behiştdə olan Ümmü Hanidir" Imam Həsənin(ə)mübarək mövludu şərəfinə Ustad Şəhriyarın yazdığı şeiri izahı ilə birlikdə əziz oxucuların diqqətinə təqdim edirik:“Mərhum Muhəmməd Hüseyn Şəhriyarın yaxınlarından olan Cənab Pirqulam mərhum ustadla bir xatirəsini danışır. Deyir ki, bir gün ustad Şəhriyara dedim, “Ustad, siz də İmam Həsən (ə) haqqında zülm etmisiniz?” Ustad Şəhriyar çox təəccüblə dedi: “Necə məgər?” Dedim “Ustad, sizin Peyğəmbər (s) haqqında, İmam Əli (ə.s), Xanım Zəhra (s.ə) və İmam Hüseyn (ə.s) haqqında çox gözəl şeir-qəzəlləriniz vardır. Amma İmam Həsən (ə.s) haqqında bir beyt şeir də yazmamısınız?!” Bunu deməyimlə ustad hönkürtü ilə ağlamağa başladı. Dedi, “əzizim, mənim ən gözəl şeirim İmam Həsən (ə.s) haqqındadır. Mənim şah əsərim İmam Həsənə (ə.s) aiddir.” Təəccüblə dedim, “Ustad, axı mənə rast gəlməyib elə bir şeiriniz.” Buyurdu: “Bilirsən, hətta əzbər bilirsən, sadəcə, diqqət etməmisən, indi mən bir misra oxusam, sona qədər əzbərdən oxuyacaqsan.” Ustad sonra başladı həmin şeiri oxumağa. Baxdım ki, həqiqətən, çox məşhur şeiridir, lakin o vaxta qədər kimsə onun İmam Həsən (ə) haqqında yazıldığını bilmirdi... Mərhum ustadın həmin şeirini tərcümə və müxtəsər şərhi ilə bütün İmam Həsən Müctəba(ə) və Şəhriyarsevərlərə təqdim edirik: Ta həstəm ey rəfiq nədani ke kistəm Ruzi sorağe vəqte mən ayi ke nistəm (Ey dost, mən həyatda olduqca kim olduğumu bilməyəcəksən, Bir gün məni tapmağa çalışacaqsan ki, artıq o gün mən yoxam). Ustad birinci beytdə İmam Həsəni (ə.s) zəhərləmiş zövcəsi Codəyə xitab edir. Dər astane mərg ke zendan zendegist Töhmət be xiştən nə-təvan zəd ke zistəm (Həyat zindanı olan ölüm astanasında (ərəfəsində), İnsan özünə yaşadım deyə, töhmət vura bilməz (buna yaşamaq demək olmaz) 2-ci beytin mənası; (İmam Həsən (ə.s) həm dostları tərəfindən tək qoyulmuşdu, həm də öz zövcəsi tərəfindən zəhərlənmişdi. Muaviyə İmamın ətrafında olanların əksəriyyətini daş-qaşla, bir qrupunu da qorxu yolu ilə o Həzrətdən uzaqlaşdırmışdı. Hətta İmamın (ə.s) öz babası Peyğəmbərin (s) məzarı yanında dəfn edilməsinə imkan verilmədi.) Peydast əz gelab sərşekəm ke mən cu ghol Yek ruz xənde kərdəm-o-omri geristəm (Göz yaşımın gülabından (gül suyu) bəlli olur ki, mən də bir gül kimi, Bir gün açıldım gülümsədimsə, ancaq bir ömür ağladım). 3-cü beytin mənası; (İmam Həsənin (ə.s) müsibəti haqqında yazılan bütün cild-cild kitablar bu beytdə qeyd edilib). Ti şod du-bist saləm-o-enqar kon devist Çün bəxt-o-kam nist çe sud əz devistəm (Qırx il yaşadım, ancaq elə sanarsan ki, iki yüz yaşındayam, Bəxtim olmayacaqsa, kam ala bilməyəcəyəmsə, iki yüz ildən nə xeyir?) Xod muddəi ke nomreye ensafe ust sefr Dər emtahane səbr dəhəd nomreye bistəm. (Münsiflik qiyməti sifir olan müddəi özü, Səbir və dözümlülük sınağında mənə 5 qiyməti verdi). 4-cü beytin mənasi; (Bir gün Müaviyə öz yaxınlarını, məmurlarını toplayır başına, deyir, kim deyə bilər, Hal-hazırda dünyanın ən yaxşı insanı kimdir? Hərə bir söz deyir, biri Muaviyyənin özünü, biri oğlu Yezidin dünyanın ən yaxşı insanı olduğunu deyir. Muaviyə deyir ki, hamınız insafsızsınız, əgər doğru-düzgün demək istəsək, gərək hamımız deyək ki, hal-hazırda dünyanın ən yaxşı insanı Həsən ibn Əlidir. Ustad Şəhriyar bu beytdə həmin hadisəyə işarə etmişdir.) Gohərşenas nist dər in şəhr Şəhriyar Mən dər səfe-xəzf çe bequyəm ke çistəm... (Bu şəhərdə cəvahir tanıyan yoxdur, Şəhriyar, Mən saxsılar sırasında necə deyim ki nəyəm?!(kiməm) Sonuncu beytdə Ustad İmam Həsənin (ə.s) dili ilə Mədinə şəhərinə xitab edib, həmin şəhər sakinlərinin vəfasızlığına işarə etmişdir. Bu məqaləni Imam Həsən Müctəbadan(ə) olan mübarək və hikmət dolu kəlamlarla yekunlaşdırırıq: 1."Həmd olsun O Allaha ki, hər danışanın sözünü eşidir. Danışmayanın ürəyindəkilərdən xəbəri vardır. Hər bir canlının ruzisi Allahın əlindədir. Ölən hər bir kəs Allaha doğru qayıdır". 2."Təqsirkarı cəzalandırmaqda tələsməyin, təqsir ilə cəza arasında güzəştə (üzrə) də yol verin". 3."Dünya və Axirətin səadəti ağıl və fikri ilə qazanılır". 4."Cahillik və savadsızlıq kimi bir yoxsulluq yoxdur". 5."Öz biliyini başqalarına öyrət və başqalarının biliyini də öyrən. Beləliklə öz elmini möhkəmləndirib, bilmədiyini öyrənmiş olarsan". 6."Ağlın başlıcası xalqla yaxşı rəftar eləməkdir". 7."Haqla batilin arası dörd barmaqdır: "Gözünlə gördüyün hər şey haqdır, qulağınla eşitdiklərinin çoxu batildir". 8."Dünyanı sevən bir kəsin qəlbindən Axirət qorxusu gedər". 9."Mömin dünyada axirəti üçün istifadə edər, kafir isə isə dünyadan bəhrə almaq üçün". 10."Xalqın həlak olmasına üç şey səbəb olar: 1.Təkəbbür; 2.Tamah; 3.Həsəd. “Təkəbbür” - dini məhv edər, şeytan da təkəbbür etdiyinə görə lənətə uğradı. “Tamah” - insanın düşmənidir, Adəmdə (ə) bunun üçün cənnətdən çıxarıldı. “Həsəd və paxıllıq”-pisliyin rəhbəridir . Qabil həsədə qapılaraq qardaşı Habili öldürdü". 11."Təfəkkür edin, təfəkkür bəsirətli insanların könlünə həyat bəxş edər". 12."Ağlı olmayanın ədəbi, iradəsi olmayanın igidliyi, dini olmayanın abır-həyası olmaz". 13. “Fürsət əldən tez çıxar, yenidən ələ düşməsi isə çətindir.” 14. “Zarafat insanın heybətini aparır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
