Demo Sayt » tehsil » Məktəblərdə sağlam qidalanma ilə bağlı yeniliklər ediləcək


Məktəblərdə sağlam qidalanma ilə bağlı yeniliklər ediləcək

15-03-2017, 13:29
Çap et
Məktəblərdə sağlam qidalanma ilə bağlı yeniliklər ediləcək Azərbaycan məktəblərində sağlamlığı təşviq edən siniflərin yaradılması ilə bağlı araşdırmalara başlanılıb. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında sağlam qidalanmaya dair keçirilən müzakirələrdə çıxışı zamanı bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə bir sıra Avropa ölkələrində məktəblərdə sağlamlığı təşviq edən siniflər yaradılıb.
Onun sözlərinə görə, artıq Səhiyyə Nazirliyinin tapşırığı ilə İSİM-də Azərbaycanda sağlamlığı təşviq edən belə siniflərin təşkili, onların nə dərəcədə sərfəli olması və digər məsələlərlə bağlı araşdırmalar aparılır. Təhsil Nazirliyinin gələcəkdə sağlam qidalanmanı kurrikuluma salmaq niyyətində olduğunu deyən S.Babazadə vurğulayıb ki, bu istiqamətdə işlərin aparılması üçün İSİM tərəfində tövsiyələr veriləcək.
Şöbə müdiri ötən il 25 məktəbdə sağlam qidalanma, gündəlik qida norması ilə bağlı monitorinqin keçirildiyini açıqlayıb: “Bu proses 2 004 şagird və 1 500 valideyn, 500 müəllimi sorğuya cəlb edib. Sorğu nəticəsində məlum oldu ki, şagirdlərin 48 faizi sağlam qidanın nə olduğunu bilirdi. Onlar bununla bağlı məlumatları daha çox öz müəllimlərdən öyrəndiklərini qeyd ediblər. Lakin şagirdlərin qida seçiminə təsir edən məhz valideynlərdir. Uşaq sağlamlığı üçün vacib olan süd məhsullarının satışına yalnız bir məktəbdə rast gəlinib, 13 məktəbdə isə soyuducu olmadığından süd və digər məhsulların saxlanmasına problemlər olduğu məlum olub. Sorğu nəticəsində o da məlum olub ki, məktəblərdə tənəffüs vaxtı az olduğundan şagirdlər sinif otağında yeməyə məcbur olur. Uşaqlar yuxudan gec oyandığı üçün 48 faiz şagird səhər yeməklərini şirniyyatla əvəz edir və bunu yolda yeyir. Bu da sağlamlığa və biliyin qavranılmasına öz mənfi təsirini göstərir. Sorğu zamanı maraqlı nəticələr əldə olunub, hesabat hazırlanıb. Təhsil Nazirliyi ilə bu istiqamətdəki fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”.
Reytinq: