Demo Sayt » tehsil » SEVİNDİRİCİ NAİLİYYƏTLƏR


SEVİNDİRİCİ NAİLİYYƏTLƏR

16-11-2017, 13:29
Çap et
SEVİNDİRİCİ NAİLİYYƏTLƏR Cəbrayıl rayon Fuad Əsədov adına Quycaq kənd orta məktəbində hal-hazırda 147 şagird təhsil alır, 23 müəllim çalışır. Hər tədris ilində şagirdlərin nailiyyətləri sevindiricidir. Məktəbin pedaqoji kollektivi şagirdlərə bilik və bacarıqların mənimsədilməsi üçün var qüvvələrini sərf edirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, bu il Dövlət başçısının sərəncamı ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Süleymanova Azərbaycan təhsilindəki inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Hər tədris ilində bu tədris ocağında müxtəlif rəngarəng tədbirlərin keçirilməsi ənənə halını almışdır. Şagirdlər dərslərdə fəallıq göstərir, müxtəlif fənlər üzrə olimpiadalarda iştirak edirlər. Öyrəndik ki, ötən tədris ilində məktəbdə müxtəlif fənlər üzrə olimpiadalar keçirilmişdir. Fərqlənən 10-11-ci sinif şagirdlərindən dörd nəfər rayon turunda da iştirak etmiş və onlardan üç nəfər yer tutaraq Respublika tutuna vəsiqə qazanmışlar. Respublika turunda Coğrafiya, Azərbaycan dili və Tarix fənləri üzrə keçirilən olimpiadada isə məktəbin şagirdləri yüksək nəticə göstərmişlər.
Ötən tədris ilində məktəbin 11-ci sinfini 9 nəfər şagird bitirmişdir. Onlardan 7 nəfər müxtəlif ali məktəblərə qəbul olunmuşlar. Məzunlardan 2 nəfər 500-dən yuxarı, 2 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Məzun Əlizadə Nicat Ziya oğlu 651 bal toplamış və Azərbaycan Diplomatiya Akademiyasına qəbul olunmuşdur.
Söhbət əsnasında məktəbin direktoru Natiq Mirzəyev dedi:
- Məktəbimiz Quycaq kəndinin ilk şəhidi Fuad Əsədovun adınadır. Fuad Əsədov ali məktəbin 3-cü kursunda təhsil alan zaman Xocalı faciəsinə dözməmiş, könüllü olaraq cəbhəyə getmişdi. O, döyüşlərdə sücaət göstərmiş və qəhrəmancasına şəhid olmuşdur. Bu ilin noyabr ayında onun 45 yaşı tamam olur. Şəhidin ad günü ilə əlaqədar olaraq noyabrın 25-də məktəbimizdə tədbir keçiriləcəkdir.
Natiq Mirzəyev söhbət əsnasında onu da qeyd etdi ki, bu tədris ilində məktəbin 11-ci sinfində 12 nəfər şagird təhsil alır. Bu tədris ilində də şagirdlərdən yüksək nəticələr gözlənilir.

Fərhad Əsgərov,
AJB-nin və AYB-nın üzvü
Reytinq: